• Təqvim

  • Maraq

Orta Salahlı kəndində yaşayan bir qrup sakin onlarla keçirilən səyyar görüş zamanı qaldırdıqları su məsələsinin müsbət həllinə görə minnətdarlıq edirlər

Bu gün müstəqil, suveren ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amili, vətəndaş məmnunluğu dayanır ki, bu, hər bir dövlət məmurunun iş fəaliyyətinin tərkib hissəsi olmalıdır. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri bütün dövlət məmurlarına nümunədir.

Vətəndaş amili, ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Qazax rayonunda da hər zaman örnək götürülür. Rayonda həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin bariz nümunəsidir.

İyunun 4-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Orta Salahlı kəndində yaşayan vətəndaşlarla keçirilən səyyar görüşü zamanı kəndin aşağı hissəsində 49 ailənin yaşadığı ərazidə suvarma və içməli su ilə bağlı müraciətlərinin rayon rəhbərliyinin tapşırığına əsasən yerində araşdırılması, müraciətə həssaslıqla yanaşılması rayonda vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edir.

Sözügedən məsələ icra aparatının və aidiyyəti qurumların məsul əməkdaşlarının iştirakı yerində araşdırılmış və müsbət həll olunması üçün lazımi addımlar atılmışdı. Bəli, bu gün artıq həmin su məsələsi müsbət həllini tapıb və sakinlər buna görə minnətdarlıq edirlər. Səmimi ürək sözlərini, razılıqlarını rayon rəhbərliyinə ünvanladıqları minnətdarlıq məktubunda da bildirirlər. Məktubda qeyd edilir:

“Hörmətli cənab başçı,

4 iyun 2026-cı il tarixdə kəndimizdə səyyar görüş zamanı qaldırdığımız həyətyanı sahələrimizin suvarma suyu və yaşadığımız ərazinin içməli su tələbatının yaxşılaşdırılması məsələsi sizin tapşırığınıza əsasən yüksək səviyyədə öz müsbət həllini tapmışdır. Belə ki, Qazax RİH başçısının məsul işçilərinin rəhbərliyi ilə tərəfimizdən uzunluğu 950 metr olan 3 məhəllədaxili su arxları təmizlənmiş, məhləmizə gələn içməli su xəttinə qoşulmuş əlavə xətlər kəsilmiş və 49 ailəni içməli su ilə təmin edən 01-96 nömrəli subartezian quyusuna yeni su çəni qoyularaq içməli su problemimiz köklü həll edilmişdir. Buna görə ölkə Prezidentimiz İlham Əliyev başda olmaqla, sizə və əziyyəti keçən insanlara ailələrimiz adından öz minnətdarlığımızı bildiririk. Söz veririk ki, bundan sonra da su arxlarının təmizlənməsində yaxından iştirak edəcəyik və istifadə etdiyimiz suyun pulunu vaxtlı-vaxtında ödəyəcəyik”.




Facebook-da paylaş


{sape_links}