• Təqvim

  • Maraq

Qazaxda icra başçısının may ayında vətəndaşlarla keçirilən sonuncu səyyar görüşü şəhər sakinləri ilə olub

Müstəqil, suveren ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasını vətəndaş amilinin təşkil etməsini Prezident İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlərdə, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrdə hər zaman hiss edirik.

Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2026-cı ilin may ayında vətəndaşlarla nəzərdə tutulan sonuncu səyyar görüşü şəhərin Bakı küçəsində 1,2,2A saylı binalarda yaşayan sakinlərlə, eləcə də ətraf küçələrin vətəndaşları ilə olub.

Mayın 26-da 1 saylı binanın həyətində keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, sakinlər iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayaraq qarşıdan gələn müqəddəs Qurban bayramı və 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb, xoş arzularını səsləndirib. Rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar görüşlərin əhəmiyyətini vurğulayaraq bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib.

İcra başçısı ümumilikdə, ötən illər ərzində bina sakinləri ilə rəsmi olaraq 6 səyyar görüş keçirildiyini, həmin görüşlərdə 21 nəfər vətəndaş tərəfindən 17 məsələ qaldırıldığını, həmin məsələlərdən 14-nün müsbət həllini tapdığını söyləyib. 1 məsələnin qismən həll olunduğunu, 1 məsələnin həllinin mümkün olmadığını, 1 məsələ ilə əlaqədar qanunamüvafiq izahat verildiyini vurğulayıb. Rayon rəhbəri bu günə kimi keçirilən səyyar görüşlər zamanı səslənən müraciətlərin zamanla öz müsbət həllini tapdığını qeyd edib.

İcra başçısı son illər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası sayəsində respublikamızın bölgələrində, o cümlədən də Qazax rayonunda genişmiqyaslı quruculuq işlərinin həyata keçirildiyini söyləyib. Rayonda həyata keçirilən quruculuq işlərindən söz açan icra başçısı xüsusilə ölkə başçısının tapşırığına əsasən "Azərsu” ASC tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanmasını, səkilərə yeni tamet, bardür düzülməsini qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınmasını, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparıldığını qeyd edib. Son illər şəhərdə görülmüş işləri diqqətə çatdıran icra başçısı çoxmənzilli yaşayış binalarında, eləcə də Bakı küçəsində yerləşən 1,2,2A saylı binalarda aparılan abadlıq işlərini vurğulayıb. Hər üç binanın dam örtüyünün, fasad və bloklarının əsaslı təmir olunduğunu, həyətlərinə yeni asfalt örtüyünün vurulduğunu, müasir işıqlandırma sisteminin quraşdırıldığını, dayancaq qoyulduğunu bildirib. Bundan əlavə, Bakı küçəsi 1 saylı binanın həyətində xeyir-şər evinin tikildiyini söyləyib.

İcra başçısı Bakı küçəsində 1,2,2A saylı binalarda məcburi köçkün ailələrinin də yaşadığını qeyd edərək Qazaxın 4 kəndinin geri qaytarılması münasibətilə bir daha səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri qeyd edib ki, ölkə başçısının vurğuladığı kimi, 2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir ki, onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. İcra başçısı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılmasını dövlətimizin növbəti qələbəsi kimi qiymətləndirib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib.

44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbədən, qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. “Ölkə Prezidenti şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər birimiz üçün nümunədir”, - deyən icra başçısı şəhid ailələrinə, qazilərə göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.

Rayon rəhbəri sakinlərlə keçirilən görüşdə narkomaniyanın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniyanın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində təkcə hüquq-mühafizə orqanlarının deyil, valideynlərin, müəllimlərin, hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin, həmçinin, ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiya"nın narkomaniyaya qarşı mübarizədə barışmaz mövqedə olduğunu bildirib.

İcra başçısı rüşvətxorluğa və korrupsiya hallarına qarşı aparılan mübarizə tədbirlərindən söz açaraq ölkə Prezidentinin rəhbərliyi altında respublikamızda bu sahədə görülən işlərin Qazaxda yüksək qiymətləndirildiyini qeyd edib. Bildirib ki, rayonda şəffaflığın təmin olunması sahəsində məqsədyönlü işlər görülür. Rayonda bütün sahələrdə şəffaflığın tam təmin olunması, neqativ halların aradan qaldırılması ilə bağlı ölkə başçısının verdiyi tapşırıq və tövsiyələr hər bir dövlət məmurunun, idarə, müəssisə və təşkilat rəhbərinin iş fəaliyyətinin əsasını təşkil edir.

Sakinlər çıxış edərək respublikamızda, Qazax rayonunda, eləcə də yaşadıqları binalarda görülən genişmiqyaslı işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə bir daha dərin minnətdarlıqlarını bildiriblər.

“Hər zaman vətəndaşın yanında olmuşuq. Vətəndaş-məmur münasibəti iş fəaliyyətimizin tərkib hissəsidir və bu, bundan sonra da belə olacaq”, - deyən icra başçısı sakinlərin müraciətlərini dinləyib. Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşların 2A saylı binanın həyətində oturacaq qoyulması və binaya yaxın küçənin işıqlandırılması ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən məsələlərin həlli istiqamətində lazımi addımlar atılacağını, aidiyyəti üzrə müvafiq tapşırıq veriləcəyini söyləyib.




Facebook-da paylaş


{sape_links}