Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda icra başçısının may ayında vətəndaşlarla keçirilən sonuncu səyyar görüşü şəhər sakinləri ilə olub
Qazaxda icra başçısının may ayında vətəndaşlarla keçirilən sonuncu səyyar görüşü şəhər sakinləri ilə olubBu gün, 21:04 |
|
Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür. Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2026-cı ilin may ayında vətəndaşlarla nəzərdə tutulan sonuncu səyyar görüşü şəhərin Bakı küçəsində 1,2,2A saylı binalarda yaşayan sakinlərlə, eləcə də ətraf küçələrin vətəndaşları ilə olub. Mayın 26-da 1 saylı binanın həyətində keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, sakinlər iştirak ediblər.
İcra başçısı ümumilikdə, ötən illər ərzində bina sakinləri ilə rəsmi olaraq 6 səyyar görüş keçirildiyini, həmin görüşlərdə 21 nəfər vətəndaş tərəfindən 17 məsələ qaldırıldığını, həmin məsələlərdən 14-nün müsbət həllini tapdığını söyləyib. 1 məsələnin qismən həll olunduğunu, 1 məsələnin həllinin mümkün olmadığını, 1 məsələ ilə əlaqədar qanunamüvafiq izahat verildiyini vurğulayıb. Rayon rəhbəri bu günə kimi keçirilən səyyar görüşlər zamanı səslənən müraciətlərin zamanla öz müsbət həllini tapdığını qeyd edib. İcra başçısı son illər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası sayəsində respublikamızın bölgələrində, o cümlədən də Qazax rayonunda genişmiqyaslı quruculuq işlərinin həyata keçirildiyini söyləyib. Rayonda həyata keçirilən quruculuq işlərindən söz açan icra başçısı xüsusilə ölkə başçısının tapşırığına əsasən "Azərsu” ASC tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanmasını, səkilərə yeni tamet, bardür düzülməsini qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınmasını, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparıldığını qeyd edib. Son illər şəhərdə görülmüş işləri diqqətə çatdıran icra başçısı çoxmənzilli yaşayış binalarında, eləcə də Bakı küçəsində yerləşən 1,2,2A saylı binalarda aparılan abadlıq işlərini vurğulayıb. Hər üç binanın dam örtüyünün, fasad və bloklarının əsaslı təmir olunduğunu, həyətlərinə yeni asfalt örtüyünün vurulduğunu, müasir işıqlandırma sisteminin quraşdırıldığını, dayancaq qoyulduğunu bildirib. Bundan əlavə, Bakı küçəsi 1 saylı binanın həyətində xeyir-şər evinin tikildiyini söyləyib.
44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbədən, qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. “Ölkə Prezidenti şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər birimiz üçün nümunədir”, - deyən icra başçısı şəhid ailələrinə, qazilərə göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib. Rayon rəhbəri sakinlərlə keçirilən görüşdə narkomaniyanın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniyanın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində təkcə hüquq-mühafizə orqanlarının deyil, valideynlərin, müəllimlərin, hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin, həmçinin, ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiya"nın narkomaniyaya qarşı mübarizədə barışmaz mövqedə olduğunu bildirib.
Sakinlər çıxış edərək respublikamızda, Qazax rayonunda, eləcə də yaşadıqları binalarda görülən genişmiqyaslı işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə bir daha dərin minnətdarlıqlarını bildiriblər. “Hər zaman vətəndaşın yanında olmuşuq. Vətəndaş-məmur münasibəti iş fəaliyyətimizin tərkib hissəsidir və bu, bundan sonra da belə olacaq”, - deyən icra başçısı sakinlərin müraciətlərini dinləyib. Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşların 2A saylı binanın həyətində oturacaq qoyulması və binaya yaxın küçənin işıqlandırılması ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən məsələlərin həlli istiqamətində lazımi addımlar atılacağını, aidiyyəti üzrə müvafiq tapşırıq veriləcəyini söyləyib.
Geri qayıt |