• Təqvim

  • Maraq



İcra başçısı Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri ilə görüşüb


Bu gün ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərə göstərdikləri qayğı, ölkəmizdə həyata keçirilən gənclər siyasəti Qazax rayonunda da nümunə götürülür. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən bu sahəni həmişə diqqətdə saxlaması, rayonda bilikli, savadlı, dövlətə, dövlətçiliyə sadiq, cəmiyyətdə öz mövqeyini göstərə biləcək gənclər ordusunun yetişdirilməsi istiqamətində gördüyü məqsədyönlü işlər, mütəmadi olaraq gənclərlə görüşməsi bu dediklərimizin əyani sübutudur. 

Rayon rəhbərliyinin Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri ilə görüşməsi, onların qayğıları ilə maraqlanması, təkliflərini dinləməsi də gənclərə olan növbəti dövlət qayğısıdır. 

İyulun 1-də Qazax Rayon İcra Hakimiyyətində keçirilən növbəti görüşdə icra başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri iştirak ediblər. 


İcra başçısı Rəcəb Babaşov gəncləri salamlayıb, səmimi ürək sözlərini bölüşərək bugünkü görüşün əhəmiyyətindən danışıb. Rayon rəhbəri ölkəmizdə yürüdülən gənclər siyasətindən söz açaraq bu siyasətin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. Rayon rəhbəri əsası Ulu Öndər tərəfindən qoyulan siyasi kursun bu gün ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini, gənclərin özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən gənclərə qayğı göstərdiyini qeyd edərək həmin qayğının bundan sonra da davam etdiriləcəyini, hər zaman onlara dəstək olmağa hazır olduğunu bildirib. İcra başçısı Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurası üzvlərinin ötən müddət ərzində gördükləri işlərdən, şura üzvlərinin rayonda keçirilən tədbirlərdə fəal iştiraklarından, irəli sürdükləri nümunəvi təşəbbüslərdən söz açaraq bütün bunları yüksək qiymətləndirib. 

Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova və şura üzvləri gənclərə göstərdiyi qayğıya, xüsusilə də hər zaman onların təşəbbüsünü dəyərləndirərək dəstək olduğu üçün rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Rayon rəhbərliyi ilə səmimi söhbət edən və bugünkü görüşdən razı qalan gənclər öz növbələrində onlara yaradılan imkana, ən əsası da gənclərə olan dəstəyə görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. 

Gənclərlə səmimi söhbət əsasında keçən görüşdə onların təklifləri və qayğıları dinlənilib. Şura üzvləri tərəfindən icra olunması, həyata keçirilməsi nəzərdə tutulan layihələr, tədbirlər, eyni zamanda, qarşıda duran vəzifələr müzakirə edilib. Rayon rəhbəri gənclərin təkliflərini dinləyərək müvafiq tapşırıq və tövsiyələrini verib.



Facebook-da paylaş