• Təqvim

  • Maraq



İcra başçısının vətəndaşlarla keçirilən növbəti səyyar görüşü Alpout kəndində olub


Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, hər bir sahədə öz əksini tapır. Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin  birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.

Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, ölkəmizdə hər zaman vətəndaş amili, onların məmnunluğu əsas götürülür. Həmçinin, ölkə başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və rayonlarda sakinlərlə keçirilən səyyar qəbullar da məhz bu məqsədi daşıyır. 

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2024-cü ilin iyul ayı üzrə vətəndaşlarla keçirilən ilk səyyar görüşü rayonun Alpout kəndində yaşayan sakinlərlə olub.

Qazax rayon Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbdə keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərləri, əməkdaşları, kənd sakinləri iştirak ediblər.  


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. “Ölkə başçısının verdiyi tapşırıq və tövsiyənin əsasını hər zaman vətəndaş amili təşkil edir. Bu isə o deməkdir ki, dövlət məmuru öz fəaliyyətində vətəndaş məmnunluğuna üstünlük verməlidir. Ən əsası da ölkə Prezidenti vətəndaşa səmimi münasibət göstərirsə, bu, hər bir dövlət məmuruna nümunə olmalıdır”, - deyən icra başçısı bugünkü görüşün də bu məqsədə xidmət etdiyini qeyd edib. Görüşün məqsəd və əhəmiyyətindən söz açan icra başçısı sakinlərlə keçirilən səyyar görüşlərin təməlində vətəndaş məmnunluğunun dayandığını qeyd edib. Keçirilən bugünkü səyyar görüşün əsas məqsədinin ərazidəki mövcud vəziyyəti sakinlərin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq olduğunu bildirib. 


İcra başçısı "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“ söyləyən Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Qazaxın 4 kəndinin geri qaytarılmasını dövlətimizin növbəti uğuru kimi qiymətləndirib. 2024-cü ilin 19 aprel, 15 və 24 may tarixlərinin xalqımızın, qazaxlıların, xüsusilə də doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlərin yaddaşına qızıl hərflərlə əbədi həkk olunduğunu bildirib. İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması barədə razılıq əldə olunmasını, mayın 15-də müvafiq protokolun imzalanmasını, mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülməsini dövlətimizin, Müzəffər Ali Baş Komandanın növbəti uğuru, zəfəri kimi qiymətləndirib. Rayon rəhbəri qazanılan qələbələrimizə görə Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu söyləyib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib. Rayon rəhbəri görüşdə sakinlərə işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik tədbirləri görülmədən, rəsmi icazə verilmədən, azad olunmuş ərazilərin minalardan təmizlənmədən həmin ərazilərə getməyin qadağan olunduğunu diqqətə çatdırıb, bu işdə hər kəsi məsuliyyətli olmağa çağırıb.


Rayon rəhbəri iyunun 20-də güclü küləkli hava şəraiti və yağan yağışların respublikamızın qərb bölgəsində, o cümlədən Qazax rayonunda ciddi fəsadlar törətdiyini qeyd edib. Rayon rəhbəri Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının və sərhədçilərimizin hər zaman olduğu kimi, təbii fəlakət zamanı fəsadların aradan qaldırılmasında öz köməklərini əsirgəmədiklərini söyləyərək bir daha onlara minnətdarlığını bildirib. İcra başçısı təbii fəlakətin rayon ərazisində çoxmənzilli yaşayış binalarının, fərdi yaşayış evlərinin dam örtüyünə ciddi ziyan vurduğunu, iri gövdəli ağacların aşaraq fəsadlara yol açdığını söyləyib. 

İcra başçısı ötən səyyar görüşlərdə subartezian quyusunun qazılması, yolun kənarında olan subartezian quyusundan su xəttinin çəkilməsi və su çəninin qoyulması, kəndarası yolların çınqıllanması, eləcə də digər bir sıra məsələlərin zamanla müsbət həllini tapdığını bildirib. 

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən icra başçısı bu istiqamətdə görülən işlərdən söz açıb. Alpout kəndində də elektrik dayaqlarının yenilənməsinə, SİP kabelləşmə işinin davam etdirilməsinə, rabitə xətlərinin yenilənməsinə ehtiyac olduğunu vurğulayaraq bu sahədə işlərin nəzərdə tutulduğunu bildirib.  

Kənd sakinlərindən İnayət Məmmədov, Rəfael Nəsibov, Səhlədar Hidayətoğlu, Əhəd Vəliyev və başqaları çıxış edərək son illər rayonda, o cümlədən Alpout kəndində görülən işlərə, ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin kəndin mərkəzindən keçən arxın beton üzlüyə alınması, 1 ədəd subartezian quyusunun qazılması, güclü külək və yağan yağışlar nəticəsində kənd ərazisində elektrik verilişində yaranan fasilələrin aradan qaldırılması məqsədilə SİP kabel xətlərinin çəkilişlərinin sürətləndirilməsi, kənddə yeni uşaq bağçasının açılması ilə bağlı müraciətlərini dinləyən icra başçısı səslənən məsələlərə diqqətlə baxılacağını, həssaslıqla yanaşılacağını bildirib. Həlli istiqamətində addımlar atılacağını söyləyib. Eyni zamanda, səsləndirilən məsələlərlə bağlı aidiyyəti üzrə müraciət olunduğunu və nəzarətdə saxlanıldığını diqqətə çatdırıb.



Facebook-da paylaş