• Təqvim

  • Maraq



Qazaxda icra başçısının vətəndaşlarla keçirilən növbəti səyyar görüşü Ürkməzli kəndində olub


Ölkəmizdə Prezident İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin  birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.

Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, ölkəmizdə hər zaman vətəndaş amili, onların məmnunluğu əsas götürülür. Həmçinin, ölkə başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və rayonlarda sakinlərlə keçirilən səyyar qəbullar da məhz bu məqsədi daşıyır. 

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2024-cü ilin may ayı üzrə vətəndaşlarla keçirilən sonuncu səyyar görüşü Ürkməzli kəndində yaşayan sakinlərlə olub.

Mayın 23-də Qazax Rayon Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən dövlət qayğısından danışılıb, sakinləri narahat edən məsələlər dinlənilib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Görüşün məqsəd və əhəmiyyətindən söz açan icra başçısı sakinlərlə keçirilən səyyar görüşlərin təməlində vətəndaş məmnunluğunun dayandığını qeyd edib. Keçirilən bugünkü səyyar görüşün əsas məqsədinin kənddəki mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq olduğunu bildirib. 

İcra başçısı bütün kəndlərimizdən olduğu kimi, Ürkməzli kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 1 nəfər, 44 günlük Vətən müharibəsində 4 nəfər şəhid verdiyini bildirib. 3 nəfər Birinci Qarabağ müharibəsi əlilinin olduğunu qeyd edib. 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində Ürkməzli kəndindən 22 nəfərin iştirak etdiyini, onlardan 10 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. Döyüş zamanı 5 nəfərin yaralandığını bildirib. Həmin müharibədə qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib. İcra başçısı qeyd edib ki, ölkə Prezidentinin əzmkarlığı, yürütdüyü müdrik siyasət, şanlı Ordumuzun gücü, qüdrəti sayəsində 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində qalib gəldik, 30 illik işğalda olan torpaqlarımız azad olundu. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qüdrətli Ordumuz Azərbaycan xalqına doğma Xankəndimizə, Xocalımıza qovuşmağın sevincini bəxş etdi. Rayon rəhbəri "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“ söyləyən Müzəffər Ali Baş Komandanın xalqımıza, qazaxlılara daha bir qələbə sevinci də yaşatdığını qeyd edib. 19 aprel və 15 may 2024-cü il tarixlərinin xalqımızın, qazaxlıların, xüsusilə də doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlərin yaddaşına qızıl hərflərlə əbədi həkk olunduğunu söyləyib. İcra başçısı vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması barədə razılıq əldə olunması, mayın 15-də müvafiq protokolun imzalanması dövlətimizin daha bir uğuru, zəfəridir. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib. Rayon rəhbəri sakinlərə işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik tədbirləri görülmədən, rəsmi icazə verilmədən həmin ərazilərə getməyin qadağan olunduğunu diqqətə çatdırıb, bu işdə hər kəsi məsuliyyətli olmağa çağırıb.  


Ötən illər ərzində Ürkməzli kəndində sakinlərlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində görülmüş işlərdən danışan rayon rəhbəri bu günə kimi səslənən hər bir müraciətə həssaslıqla yanaşıldığını söyləyib. Rayon rəhbəri dövlət başçısının diqqət və qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu kimi qeyd edib. Rayon rəhbəri bu gün təmirli yollar sırasında Dəmirçilər-Ürkməzli yolunun olmasını bu kənddə yaşayan sakinlərə olan qayğı kimi qeyd edib. 

İcra başçısı kənddə ən böyük problemlərdən olan su probleminin də aradan qaldırıldığını bildirib. Bundan əlavə, Ürkməzli kəndində də suvarma arxlarının beton üzlüyə alınması üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığını, məktub ünvanlandığını vurğulayıb. İcra başçısı son illər Qazaxda uşaqlara göstərilən qayğıdan da söz açıb. Həmin qayğının bariz nümunəsi olaraq bu gün rayonda mövcud olan 26 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 20-si kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasını göstərib. İcra başçısı qeyd edib ki, bu gün rayonda 14 kənddə bağça yoxdur ki, həmin kəndlərdən biri də məhz Ürkməzli kəndidir. İcra başçısı bu məsələnin də daim gündəmdə olduğunu, aidiyyəti orqanlar qarşısında məsələ qaldırıldığını diqqətə çatdırıb. 


Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan icra başçısı Ürkməzli kəndində də əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Ürkməzli kəndində xeyli işlər görüldüyünü bildirib. Rayonun bütün kəndlərində olduğu kimi, ötən illər ərzində bu kənddə də subartezian quyusunun qazıldığını bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini qeyd edib. Bu gün kənddə 5 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu söyləyib. Bütün kəndlərdə, o cümlədən də Ürkməzli kəndində suvarma suyunun yaxşılaşdırıldığını bildirən icra başçısı bu işdə arx və kanallarda aparılan təmizlik işlərinin, eləcə də gecə və gündüz növbəliliyinə əməl olunmasının böyük rol oynadığını bildirib.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Ürkməzli kəndində də elektrik dayaqlarının yenilənməsinə, SİP kabelləşmə işinin davam etdirilməsinə ehtiyac olduğunu vurğulayaraq bu sahədə işlərin nəzərdə tutulduğunu bildirib. Həmçinin, kənddə fiber optik internet xəttinin çəkilişi aparıldığını qeyd edib. 

Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Sakinlərdən Birinci Qarabağ müharibəsi əlili Nüsrət Musayev və başqaları onlarla görüşə gəldiyinə, ilk gündən göstərilən qayğının bu gün də davam etdirilməsinə görə rayon rəhbərliyinə razılıqlarını bildiriblər. Son illər rayonda, o cümlədən də Ürkməzli kəndində görülən işlərə, ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha dərin minnətdarlıqlarını bildiriblər.

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin Ürkməzli kəndində körpələr evi-uşaq bağçasının açılması, kənddə 1,5 km uzunluğunda kəndarası avtomobil yolunun qum-çınqılla təmiri və s. bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib. 

GOYEZEN.AZ



Facebook-da paylaş