Qazaxda icra başçısının vətəndaşlarla keçirilən növbəti səyyar görüşü Şəhidlər Xiyabanı 25 və 27 saylı binalarda yaşayan sakinlərlə olub
Respublika Prezidenti İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.
Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.
Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, ölkəmizdə hər zaman vətəndaş amili, onların məmnunluğu əsas götürülür. Həmçinin, ölkə başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və rayonlarda sakinlərlə keçirilən səyyar qəbullar da məhz bu məqsədi daşıyır.
Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2024-cü ilin iyun ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü şəhərin Şəhidlər Xiyabanı küçəsində 25 və 27 saylı binalarda yaşayan sakinlərlə olub.
İyunun 25-də rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının, bina sakinlərinin iştirakı ilə keçirilən görüşdə ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən dövlət qayğısından danışılıb, sakinləri narahat edən məsələlər dinlənilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. “Ölkə başçısının verdiyi tapşırıq və tövsiyənin kökündə hər zaman vətəndaş məmnunluğu dayanır. Bu isə o deməkdir ki, məmur və xalq bir yerdə olsun. Ən əsası da ölkə Prezidenti vətəndaşa səmimi münasibət göstərirsə, bu, hər bir dövlət məmuruna nümunə olmalıdır”, - deyən icra başçısı bugünkü görüşün də bu məqsədə xidmət etdiyini qeyd edib. Görüşün məqsəd və əhəmiyyətindən söz açan icra başçısı sakinlərlə keçirilən səyyar görüşlərin təməlində vətəndaş məmnunluğunun dayandığını qeyd edib. Keçirilən bugünkü səyyar görüşün əsas məqsədinin ərazidəki mövcud vəziyyəti sakinlərin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq olduğunu bildirib.
Rayon rəhbəri iyunun 20-də güclü küləkli hava şəraiti və yağan yağışların respublikamızın qərb bölgəsində, o cümlədən Qazax rayonunda ciddi fəsadlar törətdiyini qeyd edib. Rayon rəhbəri Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının və sərhədçilərimizin hər zaman olduğu kimi, təbii fəlakət zamanı fəsadların aradan qaldırılmasında öz köməklərini əsirgəmədiklərini söyləyərək bir daha onlara minnətdarlığını bildirib. İcra başçısı təbii fəlakətin rayon ərazisində çoxmənzilli yaşayış binalarının, fərdi yaşayış evlərinin dam örtüyünə ciddi ziyan vurduğunu, iri gövdəli ağacların aşaraq fəsadlara yol açdığını söyləyib. İcra başçısı Ş.Xiyabanı 27 saylı binanın dam örtüyünün bir hissəsinə ziyan dəydiyini vurğulayıb. Rayon rəhbəri təbii fəlakət zamanı yaranmış fəsadların aradan qaldırılması istiqamətində müvafiq işlərin görüləcəyini bildirib.
İcra başçısı Ş.Xiyabanı 27 saylı binada məcburi köçkün ailələrinin də yaşadığını qeyd edərək Qazaxın 4 kəndinin geri qaytarılması münasibətilə bir daha onları təbrik edib, səmimi ürək sözlərini çatdırıb. “"Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“ söyləyən Müzəffər Ali Baş Komandan xalqımıza, qazaxlılara daha bir qələbə sevincini yaşatdı”, - deyə qeyd edən icra başçısı 2024-cü ilin 19 aprel, 15 və 24 may tarixlərinin xalqımızın, qazaxlıların, xüsusilə də doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlərin yaddaşına qızıl hərflərlə əbədi həkk olunduğunu bildirib. İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması barədə razılıq əldə olunmasını, mayın 15-də müvafiq protokolun imzalanmasını, mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülməsini dövlətimizin, Müzəffər Ali Baş Komandanın növbəti uğuru, zəfəri kimi qiymətləndirib. Rayon rəhbəri qazanılan qələbələrimizə görə Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu söyləyib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib. Rayon rəhbəri görüşdə sakinlərə işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik tədbirləri görülmədən, rəsmi icazə verilmədən, azad olunmuş ərazilərin minalardan təmizlənmədən həmin ərazilərə getməyin qadağan olunduğunu diqqətə çatdırıb, bu işdə hər kəsi məsuliyyətli olmağa çağırıb.
Son illər şəhərdə görülmüş işlərdən danışan icra başçısı çoxmənzilli yaşayış binalarında, eləcə də Ş.Xiyabanı küçəsində yerləşən 25 və 27 saylı binalarda aparılan abadlıq işlərini vurğulayıb. Hər 2 binanın dam örtüyünün, fasad və bloklarının əsaslı təmir olunduğunu, həyətlərinə yeni asfalt örtüyünün vurulduğunu bildirib.
Rayon rəhbəri sakinlərlə keçirilən görüşdə narkomaniyanın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniyanın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində təkcə hüquq-mühafizə orqanlarının deyil, valideynlərin, müəllimlərin, hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin, həmçinin, ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın narkomaniyaya qarşı mübarizədə barışmaz mövqedə olduğunu bildirib.
Daha sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Sakinlər respublikamızda, Qazax rayonunda, eləcə də yaşadıqları binalarda görülən genişmiqyaslı işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə bina sakinləri adından bir daha dərin minnətdarlıqlarını bildiriblər.
Səmimi söhbət əsasında keçən görüşdə sakinlərin müxtəlif məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərə həssaslıqla yanaşılacağı qeyd edilib, səslənən məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Facebook-da paylaş