• Təqvim

  • Maraq



Qanları ilə tarix yazan igid oğullar unudulmur

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan, tarix yazan şəhidlərimiz, torpaq uğrunda canlarından keçən oğullarımız heç vaxt unudulmur. Ən ali, müqəddəs və şərəfli zirvə olan Şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmət və ehtiramla anılırlar. Bu amal uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan oğullarımızı yad etmək, xatirəsini əziz tutmaq hər birimizin ən müqəddəs borcu olmalıdır. Bizim üçün canlarını qurban etdiklərinə görə ömür boyu şəhidlərimizin ruhu qarşısında baş əyməliyik.

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Məhəmməd Alisgəndərovun, Şahin Mustafayevin, İslam Nəsibovun, Mərdan Nuruyevin, Nüsrəddin Pirvəliyevin, Elşad Sanıyevin, İslam Xəlilovun, baş çavuş İsmayıl Qəsəbovun, kapitan Rəsul Veyisovun əziz xatirəsini ehtiramla yad edirik. 

Alisgəndərov Məhəmməd Mahmud oğlu


Alisgəndərov Məhəmməd Mahmud oğlu 1 iyul 1933-cü ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. Aslanbəyli kəndində yaşamışdır. 15 iyun 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhədində ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.

Mustafayev Şahin Cəmşid oğlu


Mustafayev Şahin Cəmşid oğlu 1 iyul 1975-ci ildə İcevan rayonunun Mirteyl kəndində anadan olmuşdur. 1993-cü ildə Milli Ordu sıralarına çağrılan Şahin 888-ci briqadada hərbi xidmətə başlamışdır. 703 saylı hərbi hissənin tərkibində Tərtər su anbarı və “Qlobus” yüksəkliyi uğrunda gedən döyüşlərdə daha inamla döyüşərək yoldaşları ilə birlikdə məkrli niyyətləri olan erməniləri torpaqlarımızdan uzaqlaşdırmağa can atır. İgid əsgər 1994-cü il aprel ayının 25-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olaraq əbədiyyətə qovuşur.

Nəsibov İslam Yusif oğlu


Nəsibov İslam Yusif oğlu 1 iyul 1957-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1964-cü ildə Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə getmişdir. 1974-cü ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1975-ci ildə keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir. 5 noyabr 1991-ci ildə şəhid olmuşdur. Aşağı Əskipara kənd tam orta məktəb şəhid İslam Nəsibovun adını daşıyır. 

Nuruyev Mərdan Məmməd oğlu


Nuruyev Mərdan Məmməd oğlu 1 iyul 1970-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1977-ci ildə Yavər Mirzəyev adına Quşçu Ayrım kənd orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1988-ci ildə həmin məktəbi bitirərək sovet ordusu sıralarına çağrılmışdır. Mərdan Nuruyev daha sonra Milli Ordu sıralarında xidmət etmişdir. 8 mart 1992-ci ildə Məzəm kəndində düşmən tərəfin açdığı atəş nəticəsində şəhid olmuşdur. 

Pirvəliyev Nüsrəddin Hüseyn oğlu


Pirvəliyev Nüsrəddin Hüseyn oğlu 1 iyul 1957-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1964-cü ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1975-ci ildə məktəbi bitirmiş və sovet ordusu sıralarına yollanmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra M.Ə.Sabir adına sovxozda işləmişdir. Pirvəliyev Nüsrəddin Hüseyn oğlu 17 sentyabr 2010-cu ildə Kəmərli kəndində hərbi hissə tikintisində çalışan zaman erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olmuşdur. 

Sanıyev Elşad Şərif oğlu


Sanıyev Elşad Şərif oğlu 3 iyul 1973-cü ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1980-ci ildə Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1990-cı ildə orta məktəbi bitirmişdir. SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Sanıyev Elşad Şərif oğlu 17 mart 1993-cü ildə Naxçıvan şəhərində Sədərək rayonunda xidməti vəzifə borcunu yerinə yetirərkən şəhid olmuşdur.

Xəlilov İslam Mahmud oğlu


Xəlilov İslam Mahmud oğlu 5 iyul 1939-cu ildə Qazax rayonunun Əlibayramlı (indiki Aslanbəyli) kəndində anadan olmuşdur. 1949–cu ildə Əlibayramlı kənd məktəbin 1-ci sinifinə getmiş, 1957-ci ildə məktəbin 8-ci sinifini bitirmişdir. Sovet ordusu sıralarında xidmət etmişdir. Xidmətdən qayıtdıqdan sonra Aslanbəyli kəndində fəhlə işləmişdir. 2 avqust 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhədində ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur.

Baş çavuş Qəsəbov İsmayıl Nəbi oğlu


Şəhid İsmayıl Qəsəbov 6 iyul 1991-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1998-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2009-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2011-ci ilin aprel ayında hərbi xidmətdən tərxis olunmuşdur. 28.12.2012-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinə qəbul olmuş və orada xidmət etmişdir. Sonra xidmətini “N” saylı hərbi hissədə davam etdirmişdir. DİN-nin DQ-nın “N” saylı hərbi hissəsində XTD-də, 5-ci XƏQ-nun, 2-ci XƏ yarım qrupunda atıcı qumbaraatan, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) baş çavuş İsmayıl Qəsəbov 07.11.2020-ci il tarixdə Şuşa şəhərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 12.11.2020-ci il tarixdə doğulub boya-başa çatdığı Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Ailəliydi, Mərd və Uğur adlı iki azyaşlı oğul övladı yadigar qalıb. 

Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda qəhrəmancasına vuruşan baş çavuş İsmayıl Qəsəbovun döyüş meydanında göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhidimiz ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 2 noyabr 2021-ci il tarixli 9-21/377 nömrəli Sərəncamına əsasən adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib. Doğulduğu kənddə adını əbədiləşdirən bulaq inşa olunub. 

Kapitan Veyisov Rəsul Əkbər oğlu


Veyisov Rəsul Əkbər oğlu 4 aprel 1951-ci ildə Gədəbəy rayonunun Nərimankənd kəndində anadan olmuşdur. Ata və anası Qazax rayonundan olsa da Rəsul dünyaya gələndə hər iki valideyni Gədəbəydə müəllim işləyiblər. Rəsul Veyisov 1958-1968-ci illərdə Gədəbəy rayonunun Nərimankənd kənd tam orta məktəbində təhsil almışdır. Ukraynanın Çop şəhərində hərbi xidmətdə olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) hüquq fakültəsində təhsil almışdır. 1992-ci il iyul ayının 7-də Qazax rayonunun Quşçu Ayrım kəndində gedən döyüşlərdə şəhid olmuşdur. 1992-ci ildə iyul ayının 8-də Bakıdakı Şəhidlər xiyabanında torpağa tapşırılıb.



Facebook-da paylaş