Qanları ilə tarix yazan oğullar heç vaxt unudulmur
Şəhidlərimizi tanıyaq və
tanıdaq---------------------------- Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə,
əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox tarixi
hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır,
unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr
ötsə belə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan,
tarix yazan şəhidlərimiz, torpaq uğrunda canlarından keçən oğullarımız heç vaxt
unudulmur. Ən ali, müqəddəs və şərəfli olan Şəhidlik zirvəsinə yüksələnlər daim
qəlblərdə yaşayırlar. Uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə
canlarını fəda edənlər hər zaman hörmət və ehtiramla anılırlar. Bu amal uğrunda
gözünü qırpmadan, ölümün gözünə dik baxan oğullarımızı yad etmək, xatirəsini
əziz tutmaq hər birimizin ən müqəddəs borcu olmalıdır. Bizim
üçün canlarını qurban etdiklərinə görə ömür boyu şəhidlərimizin ruhu qarşısında
baş əyməliyik. Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi
tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənimizin müdafiəsi
uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Qazaxlılar da hər
zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi,
döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə
olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan, Bağanıs Ayrım, Xeyrımlı,
Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı
Əskipara kimi 7 kəndi mənfur düşmənin işğalına məruz qalan Qazax rayonu
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər
igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə
döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah
da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından
keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur.
Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.
Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə
daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların
xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz
nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan
abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin
vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza
ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu
müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid
oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini
ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci
Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz
xatirəsini əbədiləşdirən guşə yaradılıb ki, bu, şəhidlərimizə olan hörmət və
etiramın daha bir bariz nümunəsidir. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından
keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının
Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq
bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və
anım günü olan şəhidlərimizdən – İslam Xəlilovun, baş çavuş İsmayıl Qəsəbovun, kapitan Rəsul Veyisovun, İslam Əsgərovun, baş leytenant Nəbi Hüseynovun, kapitan Rafiq Alıcanovun əziz xatirəsini ehtiramla yad edirik. Xəlilov İslam Mahmud oğlu
Xəlilov
İslam Mahmud oğlu 5 iyul 1939-cu ildə Qazax rayonunun Əlibayramlı (indiki
Aslanbəyli) kəndində anadan olmuşdur. 1949–cu ildə Əlibayramlı kənd məktəbinin
birinci sinfinə getmiş, 1957-ci ildə məktəbin səkkizinci sinfini bitirmişdir.
Sovet ordusu sıralarında xidmət etmişdir. Xidmətdən qayıtdıqdan sonra Aslanbəyli
kəndində fəhlə işləmişdir. 2 avqust 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi
ilə Ermənistan Respublikasının sərhədində ermənilər tərəfindən atılan atəş nəticəsində
şəhid olmuşdur. Baş çavuş Qəsəbov İsmayıl Nəbi oğlu
Şəhid İsmayıl Qəsəbov 6 iyul 1991-ci ildə
Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1998-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam
orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 11-ci
sinfini bitirmişdir. 2009-cu ilin oktyabr ayında Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax
Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2011-ci
ilin aprel ayında hərbi xidmətdən tərxis olunmuşdur. 28.12.2012-ci ildə Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinə qəbul
olmuş və orada xidmət etmişdir. Sonra xidmətini "N” saylı hərbi hissədə davam
etdirmişdir. DİN-nin DQ-nın "N” saylı hərbi hissəsində XTD-də, 5-ci XƏQ-nun,
2-ci XƏ yarım qrupunda atıcı qumbaraatan, müddətdən
artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) baş çavuş İsmayıl Qəsəbov
07.11.2020-ci il tarixdə Şuşa şəhərində gedən döyüşlərdə qəhrəmancasına şəhid
olmuşdur. İgid Vətən oğlu 12.11.2020-ci il tarixdə doğulub boya-başa çatdığı Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir.
Ailəliydi, Mərd və Uğur adlı iki azyaşlı oğul övladı yadigar qalıb. Vətən
torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda qəhrəmancasına vuruşan
baş çavuş İsmayıl Qəsəbovun döyüş meydanında göstərdiyi şücaət dövlətimiz, ölkə
rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhidimiz ölümündən sonra cənab
Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 29 dekabr
2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə” medalları, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı” ordeni, "Kəlbəcərin azad olunmasına
görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Kapitan Veyisov Rəsul Əkbər oğlu
Veyisov
Rəsul Əkbər oğlu 4 aprel 1951-ci ildə Gədəbəy rayonunun Bilal kəndində anadan
olmuşdur. Ata və anası Qazax rayonundan olsa da Rəsul dünyaya gələndə hər iki
valideyni Gədəbəydə müəllim işləyiblər. Rəsul Veyisov 1958-1968-ci illərdə Gədəbəy
rayonunun Nəriman kənd tam orta məktəbində təhsil almışdır. Ukraynanın Çop şəhərində
hərbi xidmətdə olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət
Universitetinin) hüquq fakültəsində təhsil almışdır. 1992-ci il iyul ayının 7-də
Qazax rayonunun Quşçu Ayrım kəndində gedən döyüşlərdə şəhid olmuşdur. 1992-ci
ildə iyul ayının 8-də Bakıdakı Şəhidlər xiyabanında torpağa tapşırılıb. Əsgərov İslam Kamal oğlu
Əsgərov
İslam Kamal oğlu 30 sentyabr 1972-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində
anadan olmuşdur. 1979-cu ildə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli
tam orta məktəbinə getmiş, 1989-cu ildə həmin məktəbi bitirmişdir. 1991-ci ildə
hərbi çağırışla Vətən torpaqlarını erməni quldurlarından qorumağa getmişdir.
1993-cü il iyul ayının 8-də Ağdam rayonunun Şelli kəndi uğrunda gedən döyüşlərdə
şəhidlik zirvəsinə ucalmışdır. Baş leytenant
Hüseynov Nəbi Hacıbala oğlu
Şəhid Nəbi Hüseynov 9 iyul 1992-ci ildə
Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1998-ci ildə Musa Həsənov
adına Birinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2006-cı
ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. Elə həmin il Cəmşid
Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. 2006-2010-cu illərdə həmin hərbi məktəbdə təhsil
almışdır. 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali
Hərbi Məktəbinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbi
bitirdikdən sonra bir il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM)
olmuş, hərbi sahədəki biliyini daha da mükəmməlləşdirmiş, təcrübəsini daha da
artırmışdır. Xüsusi Təyinatlı Qüvvələrin "N” saylı hərbi
hissələrində xidmət edən Nəbi qrup komandirinin müavini olmuşdur. Baş leytenant
Nəbi Hüseynov 09.10.2020-ci ildə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində
gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid
olmuşdur. 09.10.2020-ci il tarixdə Birinci Şıxlı kənd
qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi. Kapitan Alıcanov Rafiq Cəfər oğlu
Alıcanov
Rafiq Cəfər oğlu 11
iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır.
Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali
Hərbi Məktəbə daxil olur. 1988-ci ildə təhsilini bitirib Ukraynanın
Dnerodzejinsk şəhərində ixtisası üzrə xidmətə başlayır. 1988-ci ildə o,
Ukraynada Azərbaycan haqqında onu narahat edən xəbərlər alır və 1992-ci ildə
Vətənə geri dönür. Rafiqin şərəfli döyüş yolu Qazax, Ağstafa, Tovuz, Gədəbəy,
Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçir.
Bu uğurları ona kapitan rütbəsinə yüksəlmək imkanı verir. Rafiq Alıcanov Füzuli
bölgəsində gedən döyüşlərdə rəşadət göstərir. O, bir neçə kəndin azad
olunmasında xüsusilə fərqlənir. Cəsur komandir 5 noyabr 1993-cü ildə Füzuli
rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid
olur. Ailəli idi, bir qızı və bir oğlu yadigar qalıb. Azərbaycan Respubliksı
Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə kapitan
Alıcanov Rafiq Cəfər oğlu ölümündən sonra "Azərbaycanın Milli
Qəhrəmanı" adına layiq görülmüşdür. Ağstafa rayonunun Köçvəlili kəndində
dəfn edilmişdir. Köçəvəlli kənd orta məktəbi və Ağstafa şəhərinin mərkəzi
küçələrindən biri onun adını daşıyır.
İkinci Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizlə
yanaşı, baş leytenant Nəbi Hüseynovun da göstərdiyi qəhrəmanlıq, igidlik ölümündən sonra ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. İlk dəfə cənab Prezident İlham Əliyevin 9
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Qarabağ” ordeni ilə təltif edilən Nəbi daha
sonra iki medala da layiq görülmüşdür. Nəbi Hüseynov ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Xocavəndin
azad olunmasına görə” və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Facebook-da paylaş