Qanları ilə tarix yazan şəhidlərimiz bizim qürur yerimizdir
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------- Zaman ötür, fəsillər
dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər
ərzində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən
dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç
vaxt unudulmur. Qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə öz
qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və
qızlarımız, onların göstərdikləri şücaət heç vaxt unudulmur. Ən ali, müqəddəs
və şərəfli zirvə olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar.
Uca zirvəyə yüksələn oğullarımız qəhrəmanlıqları ilə təkcə valideynlərinin
deyil, bütün xalqın övladına çevrilirlər. Hər kəsin qəlbində məskən salırlar. Vətən uğrunda gözünü qırpmadan,
ölümün gözünə dik baxan oğul və qızlarımızı yad etmək, xatirəsini əziz tutmaq
isə hər birimizin ən müqəddəs borcudur. Çünki Vətənin, millətin, dövlətin
yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətlə anılmalı, xatirələri
əziz tutulmalıdır. Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir
bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast
gəlməyək. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman
yüksək səviyyədə olub. Bu gün düşmənlə 168 km sərhədi olan, Məzəm,
Quşçu Ayrım, Fərəhli, Cəfərli, Bala Cəfərli kimi 5
kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs
Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara,
Aşağı Əskipara kimi 7 kəndi düşmən tapdağı altında olan Qazax
rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 288 nəfər şəhid verib. 7
nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar
günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də
var, sabah da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından
keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur.
Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.
Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə
daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların
xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz
nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan
abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin
vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza
ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu
müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın
şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad
edirlər. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından
keçmiş şəhidlərimizin doğum və anım günləri də yaddan çıxarılmır. GOYEZEN.AZ saytının
Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq
bir ənənəyə çevrilib. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım
günü olan şəhidlərimizdən – İslam Əsgərovun,
Paşa Şahquluyevin, Rövşən Alıyevin, Ələsgər Vəliyevin, Pəhlivan Abbasovun, Adil
Vəliyevin, Ruslan Hüseynovun, Şamil Məmmədovun əziz xatirəsini yad edirik. Əsgərov İslam Kamal oğlu
Əsgərov
İslam Kamal oğlu 30 sentyabr 1972-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində
anadan olmuşdur. 1979-cu ildə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli
tam orta məktəbinə getmiş, 1989-cu ildə həmin məktəbi bitirmişdir. 1991-ci ildə
hərbi çağırışla Vətən torpaqlarını erməni quldurlarından qorumağa getmişdir.
1993-cü il iyul ayının 8-də Ağdam rayonunun Şelli kəndi uğrunda gedən döyüşlərdə
şəhidlik zirvəsinə ucalmışdır. Şahquluyev Paşa Hümbət oğlu
Şahquluyev
Paşa Hümbət oğlu 1936-cı ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur.
1953-1955-ci illərdə SSRİ ordusunda hərbi xidmətdə olmuşdur. Hərbidən
qayıtdıqdan sonra Kəmərli kəndində yaşayaraq fermada və müxtəlif işlərdə fəhlə
işləmişdir. 30 sentyabr 1995-ci ildə erməni əsirliyindən qayıdan günü şəhid
olmuşdur. Ailəli idi. Üç övladı var. Alıyev Rövşən Cəbrayıl oğlu
Alıyev Rövşən Cəbrayıl oğlu 1
oktyabr 1977-ci ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1984-cü ildə
Qızılhacılı kənd ibtidai məktəbin birinci sinfinə daxil olmuş, 1995-ci Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin onuncu sinfini bitirmişdir. Sumqayıt şəhər Mədəniyyət şöbəsinin nəzdində mühasib ixtisası üzrə təhsil almışdır. 1997-ci ildə
Azərbaycanın Milli Ordu sıralarına çağırılmışdır. 8 yanvar 1998-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndi
istiqamətində gedən döyüşdə şəhid olmuşdur.
Subay idi. Vəliyev Ələsgər Oruc oğlu
Vəliyev
Ələsgər Oruc oğlu 25 noyabr 1967-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində
anadan olmuşdur. 1975-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbin birinci
sinfinə getmişdir. 1985-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 2
oktyabr 1993-cü ildə şəhid olmuşdur. Abbasov Pəhlivan İsə oğlu
Abbasov
Pəhlivan İsə oğlu 2 oktyabr 1961-ci ildə Məzəm kəndində anadan olmuşdur.
1968-ci ildə Məzəm kənd ibtidai məktəbin birinci sinfinə daxil olmuşdur.
1978-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbini bitirmiş və sovet ordusu
sıralarına çağırılmışdır. Abbasov Pəhlivan İsə oğlu 8 iyun 1992-ci ildə Odun
dağı yüksəkliyində düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur.
Ailəli idi. 3 övladı var.
Facebook-da paylaş