Əsas Səhifə > Şəhidlər > Qanları ilə tarix yazan şəhidlərimiz bizim qürur yerimizdir
Qanları ilə tarix yazan şəhidlərimiz bizim qürur yerimizdir4-10-2020, 10:28 |
Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------
Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız, onların göstərdikləri şücaət heç vaxt unudulmur. Ən ali, müqəddəs və şərəfli zirvə olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Uca zirvəyə yüksələn oğullarımız qəhrəmanlıqları ilə təkcə valideynlərinin deyil, bütün xalqın övladına çevrilirlər. Hər kəsin qəlbində məskən salırlar. Vətən uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan oğul və qızlarımızı yad etmək, xatirəsini əziz tutmaq isə hər birimizin ən müqəddəs borcudur. Çünki Vətənin, millətin, dövlətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətlə anılmalı, xatirələri əziz tutulmalıdır. Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu gün düşmənlə 168 km sərhədi olan, Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli, Bala Cəfərli kimi 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi düşmən tapdağı altında olan Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 288 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də yaddan çıxarılmır. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənəyə çevrilib. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – İslam Əsgərovun, Paşa Şahquluyevin, Rövşən Alıyevin, Ələsgər Vəliyevin, Pəhlivan Abbasovun, Adil Vəliyevin, Ruslan Hüseynovun, Şamil Məmmədovun əziz xatirəsini yad edirik. Əsgərov İslam Kamal oğlu
Əsgərov İslam Kamal oğlu 30 sentyabr 1972-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1979-cu ildə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbinə getmiş, 1989-cu ildə həmin məktəbi bitirmişdir. 1991-ci ildə hərbi çağırışla Vətən torpaqlarını erməni quldurlarından qorumağa getmişdir. 1993-cü il iyul ayının 8-də Ağdam rayonunun Şelli kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Şahquluyev Paşa Hümbət oğlu
Şahquluyev Paşa Hümbət oğlu 1936-cı ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1953-1955-ci illərdə SSRİ ordusunda hərbi xidmətdə olmuşdur. Hərbidən qayıtdıqdan sonra Kəmərli kəndində yaşayaraq fermada və müxtəlif işlərdə fəhlə işləmişdir. 30 sentyabr 1995-ci ildə erməni əsirliyindən qayıdan günü şəhid olmuşdur. Ailəli idi. Üç övladı var. Alıyev Rövşən Cəbrayıl oğlu
Alıyev Rövşən Cəbrayıl oğlu 1 oktyabr 1977-ci ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1984-cü ildə Qızılhacılı kənd ibtidai məktəbin birinci sinfinə daxil olmuş, 1995-ci Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin onuncu sinfini bitirmişdir. Sumqayıt şəhər Mədəniyyət şöbəsinin nəzdində mühasib ixtisası üzrə təhsil almışdır. 1997-ci ildə Azərbaycanın Milli Ordu sıralarına çağırılmışdır. 8 yanvar 1998-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndi istiqamətində gedən döyüşdə şəhid olmuşdur. Subay idi. Vəliyev Ələsgər Oruc oğlu
Vəliyev Ələsgər Oruc oğlu 25 noyabr 1967-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1975-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbin birinci sinfinə getmişdir. 1985-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 2 oktyabr 1993-cü ildə şəhid olmuşdur. Abbasov Pəhlivan İsə oğlu
Abbasov
Pəhlivan İsə oğlu 2 oktyabr 1961-ci ildə Məzəm kəndində anadan olmuşdur.
1968-ci ildə Məzəm kənd ibtidai məktəbin birinci sinfinə daxil olmuşdur.
1978-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbini bitirmiş və sovet ordusu
sıralarına çağırılmışdır. Abbasov Pəhlivan İsə oğlu 8 iyun 1992-ci ildə Odun
dağı yüksəkliyində düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur.
Ailəli idi. 3 övladı var.
|