Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir
Şəhidlərimizi tanıyaq---------------------- Zaman ötür,
fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu
illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən
dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç
vaxt unudulmur. Qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə öz
qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və
qızlarımız heç vaxt unudulmur. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik
zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Uca Yaradanın, Vətənin,
millətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətə
layiqdirlər. Hər birimizin qəlbində müqəddəs
bir hiss – Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə
hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər bir kəs bu
dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini Vətən
torpağında atır və torpaq sevgisinin hərarətini də bu zaman duyur. Bu hərarət
zaman keçdikcə o qədər artır ki, insan bir an belə Vətənsiz yaşaya bilmir. Bu amal
uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan oğul və qızlarımızı yad
etmək, xatirəsini əziz tutmaq isə hər birimizin ən müqəddəs borcudur. Bu gün
şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz,
fəxrimizdir. Gənc nəsilə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları
vətənpərvər ruhda böyütmək, torpağına bağlı, millətinə hörmət hissi ilə tərbiyə
etmək isə hər bir vətəndaşın ən ümdə vəzifəsidir. Bu
gün düşmənlə 168 km sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin
atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7
kəndi hələ də düşmən işğalında olan Qazax rayonu da xeyli sayda şəhid verib.
Qərbin qapısı sayılan Qazaxda Vətən uğrunda şəhidlik adlı zirvəni bir göz
qırpımında fəth edənlərin, bu ucalığa yüksələn igid oğullarımızın sayı kifayət
qədərdir. 280-dən çox şəhidi olan, 7 nəfər igid oğlu Azərbaycanın Milli
Qəhrəmanı adına layiq görülən Qazaxda hər bir gənc torpaqlarımızın qorunması,
vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə
ucalmağa hazırdır. Qazaxda Vətən torpaqlarının azadlığı uğrunda canından
keçmiş şəhidlərimizin xatirəsi də hər zaman uca tutulur. Rayonda Vətənin
müstəqilliyi və ərazi bütövlüyü naminə ölümün gözünə dik baxan şəhidlərimizə,
onların ailə üzvlərinə olan qayğı hər zaman diqqət mərkəzində saxlanılır. Rayon
rəhbərinin ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırması, onların ailə
üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların,
onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi, xüsusilə də şəhərin mərkəzində
yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri və şəhidlərimizin adı,
şəkli əks olunmuş lövhələrin vurulması bu istiqamətdə görülən əməli
işlərdir. Rayonumuza gələn hər bir qonağın, eləcə də adi rayon
sakinlərinin şəhərin mərkəzində yerləşən bu müqəddəs məkana – Şəhidlər
xiyabanına baş çəkməsi, əziz xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan
böyük ehtiramdan xəbər verir. Rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs
məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət
etmələri, hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında
ruhlarına dualar oxunması, əziz xatirələrinin dərin ehtiramla yad
olunması şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir. GOYEZEN.AZ saytının Vətən
uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq şəhidlərimizlə bağlı silsilə yazılar
dərc etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq
qalaraq doğum günü olan, şəhidlik adlı zirvəyə ucaldıqları günləri qeyd olunan Rafiq Alıcanovun, Mühüd Orucovun, İslam Əsgərovun, Rüstəm Rəhimovun, Rəşad
Əliyevin, Elmar Musayevin, Rizvan Qasımovun əziz
xatirəsini yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Alıcanov Rafiq Cəfər oğlu Alıcanov
Rafiq Cəfər oğlu 11
iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır.
Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali
Hərbi Məktəbə daxil olur. 1988-ci ildə təhsilini bitirib Ukraynanın
Dnerodzejinsk şəhərində ixtisası üzrə xidmətə başlayır. 1988-ci
ildə o, Ukraynada Azərbaycan haqqında onu narahat edən xəbərlər alır və 1992-ci
ildə Vətənə geri dönür. Rafiqin şərəfli döyüş yolu Qazax, Ağstafa, Tovuz,
Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan
keçir. Bu uğurları ona kapitan rütbəsinə yüksəlmək imkanı verir. Rafiq Alıcanov
Füzuli bölgəsində gedən döyüşlərdə rəşadət göstərir. O, bir neçə kəndin azad
olunmasında xüsusilə fərqlənir. Cəsur
komandir 5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda
gedən döyüşlərdə qəhrəmancasına həlak olur. Ailəli idi, bir qızı və bir oğlu
yadigar qalıb. Azərbaycan
Respubliksı Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə
kapitan Alıcanov Rafiq Cəfər oğlu ölümündən sonra "Azərbaycanın Milli
Qəhrəmanı" adına layiq görülmüşdür. Ağstafa
rayonunun Köçvəlili kəndində dəfn edilmişdir. Köçəvəlli kənd orta məktəbi və
Ağstafa şəhərinin mərkəzi küçələrindən biri onun adını daşıyır. Orucov Mühüd Qurban oğlu Kapitan
Orucov Mühüd Qurban oğlu 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində
anadan olmuşdur. 1999-2002-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseyi və
2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
bitirmişdir. 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində
Zabit ixtisas kursunu bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirinin qərarı
ilə Kəşfiyyat Tağım Komandiri vəzifəsinə təyin olunmuşdur. Xidmətdə göstərdiyi
uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor
Komandiri vəzifəsinə yüksəlmişdir. Dəfələrlə Fəxri Fərmanlarla və 5 medalla təltif
olunmuşdur. 2014-cü ildə Ali Baş Komandan İlham Əliyev tərəfindən xatirə saatı
ilə mükafatlandırılmışdır. 2008, 2014, 2015-ci illərdə Türkiyə Respublikasında
müxtəlif kursları müvəffəqiyyətlə bitirərək Sertifikatlar almışdır. Ailəli idi. Əkiz oğul övladı yadigar qalıb. 2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy
istiqamətində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla
vuruşaraq "Şəhidlik” zirvəsinə ucalmışdır. Doğulduğu Fərəhli kəndində dəfn olunmuşdur. Mühüd Orucov ölümündən sonra göstərdiyi
qəhrəmanlığa görə Respublika Prezidenti İlham
Əliyevin 19 aprel 2016-cı
il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir. 2016-cı ildə Qazax şəhərinin mərkəzində
adına bulaq kompleksi tikilmişdir. Eyni zamanda, xatirəsini əbədiləşdirən daha
bir bulaq Fərəhli kəndinin girişində tikilmişdir. Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə
yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək
İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır
ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli
filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin
əziz xatirəsinə həsr olunmuşdur. Əsgərov İslam Kamal oğlu Əsgərov
İslam Kamal oğlu 1972-ci il sentyabr ayının 30-da Qazax rayonunun Daş Salahlı kəndində
anadan olmuşdur. 1979-cu ildə Daş Salahlı kənd 2 saylı tam orta məktəbinə
getmiş, 1989-cu ildə həmin məktəbi bitirmişdir. 1991-ci ildə hərbi çağırışla Vətən
torpaqlarını erməni quldurlarından qorumağa getmişdir. 1993-cü il iyul ayının
8-də Ağdam rayonunun Şelli kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə
ucalmışdır. Rəhimov Rüstəm İbrahimxəlil oğlu Rəhimov Rüstəm İbrahimxəlil
oğlu 1936-cı ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Kəmərli kəndində
müxtəlif işlərdə fəhlə işləmişdir. 12 iyul 1996-cı ildə bağ təsərrüfatında işləyərkən
şəhid olmuşdur. Ailəliydi. Beş övladı var. Əliyev Rəşad Vidadi oğlu Əliyev
Rəşad Vidadi oğlu 13 iyul 1967-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan
olmuşdur. 1973-cü ildə Çaylı kənd 2 saylı orta məktəbin birinci sinfinə daxil
olmuş, 1981-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1981-1983-cü
ildə Çaylı kənd 1 saylı tam orta məktəbin onuncu sinfini bitirmişdir. Əliyev
Rəşad Vidadi oğlu 4 yanvar 1994-cu ildə Vətən uğrunda gedən döyüşlərdə şəhid
olmuşdur. Musayev Elmar Xəlil oğlu Musayev
Elmar Xəlil oğlu 18 may 1969-cu ildə Qazax rayonunun Ağköynək kəndində anadan
olmuşdur. Kəndlərindəki orta məktəbdə (1976-84) 8 illik təhsil almışdır. Sonra
təhsilini Gəncə İnşaat Texnikumunda davam etdirmişdir. 1988-90-cı illərdə
Moskva şəhərində hərbi xidməti borcunu yerinə yetirmişdir. Hərbi xidmətdən Vətənə
döndükdən sonra 73 saylı tikinti idarəsində, Ağstafada atasının yanında işləməyə
başlayır. Bir il işlədikdən sonra erməni işğalçılarının torpaqlarımıza təcavüzü
Elmarı da narahat edir. O, 1991-ci ildə heç kəsə bildirmədən işini yarımçıq
qoyaraq Qazax rayonunun sərhəd kəndlərindəki ən qaynar nöqtələrindən biri olan
Aşağı Əskipara kəndinə yollanır. Elmar Xeyrımlı, Quşçu Ayrım və Ballıqaya ətrafında
gedən döyüşlərdə igidliklər göstərir. 1992-ci il iyul ayının 14-də Ballıqaya
yüksəkliyi uğrunda gedən kəskin döyüşlərdə şəhidlik zirvəsinə yüksəlir. Qasımov Rizvan Eldar oğlu Qasımov Rizvan Eldar oğlu 20 yanvar 1967-ci ildə Qazax rayonunun Dəmirçilər
kəndində anadan olmuşdur. 1974-82-ci illərdə Dəmirçilər kənd tam orta məktəbində
təhsil almışdır. Təhsilini Texniki Peşə Məktəbində davam etdirmişdir. 1987-ci
ildə sovetlər birliyində hərbi xidmətdə olmuşdur. Orada gizir rütbəsi almışdır.
Ermənistan-Azərbaycan münaqişəsi zamanı Rizvan Milli Ordu sıralarına
yazılmışdır. O, Qazax rayonunun sərhəd bölgələrində düşmənə qarşı cəsurluqla
vuruşmuşdur. 1994-cü il iyul ayının 14-də yoldaşlarının dediyinə görə döyüş əmri
ilə Ağstafaya gedərkən qəza nəticəsində həlak olmuşdur. Dəmirçilər kəndində
adına şəhid bulağı tikilmişdir.
Facebook-da paylaş