Şəhid qanı axan torpaq müqəddəsdir!
ŞƏHİDLƏR ölməz, VƏTƏN bölünməz!
Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilərək tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Onlardan bəziləri müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr ötsə, nəsillər bir-birini əvəz etsə də belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmur. Ən ali, müqəddəs və şərəfli olan Şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətlə anılırlar.
Hər birimizin qəlbində müqəddəs bir hiss - Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən və özündən asılı olmadan yaranan bir dəyərdir. Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini də Vətən torpağında atır və torpaq sevgisinin hərarətini bu zaman duyur.
Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an belə Vətənsiz yaşaya bilmir. Belə yüksək amal uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan oğul və qızlarımızı yad etmək, xatirəsini əziz tutmaq isə hər birimizin ən müqəddəs borcudur. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz və ürəkağrımız, həm də qürur yerimiz, fəxrimizdir.
Sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda Şəhidlik zirvəsinə yüksələn Vətən övladları bu müqəddəs savaşın əbədiyyətədək yaşayacaq qəhrəmanlarıdır. Bu savaşın ilk günündən yüzlərlə vətənpərvər Azərbaycan gənci könüllü olaraq cəbhəyə getmək üçün müraciət etdi.
Belə gənclərdən biri də canı, qanı ilə yaşadığı torpağa, Vətənə bağlı olan Nəsibov Asəf Səfəralı oğlu idi.
Nəsibov Asəf 1994-cü il 25 fevralda Qazax rayonunun İncə dərəsinin Qaymaqlı kəndində anadan olmuşdu. Asəf 2000-2011-ci illərdə şəhid Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbində oxumuş, 2011-2015-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Kimya mühəndisliyi ixtisası üzrə təhsil almışdı. 2015-2016-cı illərdə həqiqi hərbi xidmətdə olmuş və 2016-cı ilin Aprel döyüşlərində iştirak etmişdir.
2018-ci ildən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində "Sumqayıt Kimya Sənaye Parkı” MMC-də baş mütəxəssis vəzifəsində işləmişdir. Qısa müddətdə peşəkarlığı və zəhmətsevərliyi ilə fərqlənmiş, həmçinin öz davranışı və nizam-intizamı ilə bütün kollektivin rəğbətini qazanmışdır.
Vətən müharibəsi başlayan kimi o, da könüllü olaraq cəbhəyə yola düşmüşdü. Azərbaycan gəncinin millətinə, dövlətinə və torpağına bağlılığının bariz nümunəsi, vətənpərvərliyi ilə gələcək nəsillərə örnək olan Nəsibov Asəf doğulduğu Qazax rayonuna şəhid kimi qayıtmışdı. Şəhid Nəsibov Asəf Cəbrayıl, Qubadlı və Laçın rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş və oktyabrın 29-da Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Şəhidimiz nişanlı idi və hərbi xidmətdən dönəndən sonra toy etməyi planlaşdırırdı.
Şəhidlik əbədiyyət zirvəsidir. Asəf Nəsibov artıq doğma kəndinin, rayonunun deyil, bütün Azərbaycanın qəhrəman oğludur. Onun əziz xatirəsi çalışdığı kollektivdə də daim ehtiramla yad ediləcək. İş yoldaşlarının şəhid olması xəbərini üzüntü ilə qarşılayan kollektivin hər bir üzvü eyni zamanda belə cəsur, vətənsevər bir gənclə qısa müddətdə olsa da belə bir yerdə çalışdıqları üçün qürur hissi keçirirlər. Asəf yağı düşmən üzərində Qələbəni görə bilməsə də, bu gün onun da ruhu şaddır. Çünki uğrunda canını verdiyi tarixi yurd yerlərimiz işğaldan azaddır.
Döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə Asəf Nəsibov Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə, "Laçının azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.
Vətən torpağı şəhidləri ilə ucalır. Qəbrin nurla dolsun, yurdumun qəhrəman oğlu!
Elçin KAZIMOV,
25 fevral 2021-ci il
Facebook-da paylaş