• Təqvim

  • Maraq



Qazaxda icra başçısı Beynəlxalq yarışlarda uğur qazanmış idmançını Fəxri Fərmanla təltif edib


Sazın, sözün beşiyi sayılan, Qərbin qapısı kimi tanınan Qazax torpağı həm də idmançıları ilə səs salır hər yana. Qazaxlı idmançılarımızın hər zaman beynəlxalq yarışlardan, çempionatlardan qızıl, gümüş, bürünc medallarla qayıtmaları, Azərbaycanı, doğma Qazaxımızı layiqincə təmsil etmələri bu dediklərimizin bariz nümunəsidir. 

Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın idman sahəsinə ayırdıqları diqqət, idmançılara göstərdikləri qayğı Qazax rayonunda da hər zaman nümunə götürülür. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən idman sahəsini həmişə diqqətdə saxlaması, bu sahənin inkişaf etdirilməsi istiqamətində gördüyü məqsədyönlü işlər, idmançılarla görüşməsi, onları təltif etməsi, mükafatlandırması dediklərimizin əyani sübutudur.

İyulun 10-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Beynəlxalq yarışlarda sərbəst güləş idman növü üzrə uğur qazanmış idmançımız Nazarov Rəşid Şahin oğlu ilə görüşməsi idmançılara ayrılan növbəti diqqətdir. Sərbəst güləş idman növü üzrə 52 kq çəki dərəcəsində 15-18 may 2024-cü il tarixlərdə Yunanıstan Respublikasının Lutraki şəhərində keçirilmiş 15 yaşadək (U-15) idmançılar arasında Avropa çempionatında II yeri tutaraq gümüş medal və 28 iyun-4 iyul 2024-cü il tarixlərdə Rusiya Federasiyasının Yakutsk şəhərində keçirilmiş “Asiya Uşaqları” VIII Beynəlxalq Oyunlarında III yeri tutaraq bürünc medal qazandığına görə Nazarov Rəşid Şahin oğlunun Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilməsi onun timsalında idmançılara göstərilən qayğıdır.

Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Sahib Namazov, Sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi, Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ birinciliklərinin mükafatçısı Ramiz Tağıyev iştirak ediblər. 

İdmançımızla səmimi söhbət edən icra başçısı Rəcəb Babaşov onu əldə etdiyi nailiyyət, parlaq qələbələr münasibətilə təbrik edib, ürək sözlərini çatdırıb. Rayon rəhbəri qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən çalışmışam ki, digər sahələrə olduğu kimi, idman sahəsinə, üçrəngli Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandıran, Dövlət Himnimizi səsləndirən idmançılara xüsusi qayğı ilə yanaşım. Çünki hər bir idmançının qazandığı qələbə ölkəmizin, Qazaxın qələbəsidir. Rayonun adını uca zirvələrə qaldıran idmançılara qayğı göstərmək isə hər birimizin borcudur. 

Sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi, Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ birinciliklərinin mükafatçısı Ramiz Tağıyev çıxış edərək idmançımızı qazandığı nailiyyətlərə görə təbrik edib, səmimi ürək sözlərini bölüşüb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin, idmana olan qayğının, dəstəyin bu gün onun layiqli davamçıları Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini söyləyib. Ölkə başçısının idmana, idmançılara olan qayğısının Qazaxda da hər zaman hiss olunduğunu, rayon rəhbərliyinin bu qayğını əldə rəhbər tutaraq idmançıların yanında olduğunu, onlara olan səmimi münasibətin daim yüksək səviyyədə olduğunu qeyd edib.


Rayon rəhbəri ilə səmimi söhbət edən idmançımız öz növbəsində onu qəbul etdiyinə, görüşdüyünə və ünvanına səsləndirdiyi xoş sözlərə görə minnətdarlığını bildirib. Qazaxda idman sahəsinə, idmançılara göstərilən qayğıya görə razılığını ifadə edib, bugünkü görüşü həmin qayğının bariz nümunəsi kimi qiymətləndirib. 


Məlumat üçün qeyd edək ki, Nazarov Rəşid Şahin oğlu 10 mart 2009-cu ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olub. 1-5-ci sinifə qədər Qazax rayon Səməd Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbdə təhsil alıb. 5-ci sinifdən hazırda Bakı şəhərində Respublika Olimpiya İdman Liseyində təhsil alır. 9-cu sinifi bitirib 10-cu sinifə keçir. Qazax rayonunda təhsil aldığı dövrdə məşqçi müəllimi Qazax şəhərində Məhəmmədəli Qazaxlı adına güləş zalının məşqçi müəllimi, sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi, Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi Ramiz Tağıyev olmuşdur. 6 nəfər ailə üzvü var. Hazırda Bakı şəhərində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində atası, anası və qardaşı ilə birgə yaşayır. 

Əlavə olaraq qeyd edirik ki, 15-18 may 2024-cü il tarixlərdə Yunanıstanın Lutraki şəhərində sərbəst güləş üzrə 15 yaşadək idmançılar arasında Avropa çempionatı keçirilmişdir. Respublikamızı 52 kq çəki dərəcəsində Nazarov Rəşid Şahin oğlu və 62 kq çəki dərəcəsində isə Vəliyev Ruslan Qalib oğlu təmsil etmişlər. Hər iki idmançı 2-ci yerə layiq görülərək gümüş medal qazanmışlar. Həmçinin, bu yarışda respublikamızın milli komandası 1 qızıl, 3 gümüş və 4 bürünc medal qazanaraq U-15 Avropa çempionatları tarixində ilk dəfə olaraq komanda hesabında 140 xalla 1-ci yeri tutmuşdur. Gürcüstan yığma komandası 109 xalla 2-ci yeri, Türkiyə komandası isə 104 xalla 3-cü yeri tutmuşdur. 

28 iyun-4 iyul 2024-cü il tarixlərdə Rusiya Federasiyasının Yakutsk şəhərində sərbəst güləş üzrə “Asiya uşaqları” VIII beynəlxalq idman oyunları keçirilmişdir ki, bu yarışda R.Nazarov respublikamızı 52 kq çəki dərəcəsində təmsil etmiş və 3-cü yerə layiq görülərək bürünc medal qazanmışdır.



Facebook-da paylaş