Qazaxda icra başçısı beynəlxalq idman yarışlarında Azərbaycanı layiqincə təmsil edən qazaxlı idmançıları və onların məşqçilərini Fəxri Fərmanla təltif edib
Sazın, sözün beşiyi sayılan Qazax torpağı həm də idmançıları ilə səs salıb hər yana. Bu günlərdə qazaxlı idmançılarımızın beynəlxalq yarışlardan qızıl, gümüş və bürünc medallarla qayıtmaları, Azərbaycanı, doğma Qazaxımızı layiqincə təmsil etmələri bu dediklərimizin bariz nümunəsidir.
Moldovanın paytaxtı Kişinyov şəhərində, Albaniyanın paytaxtı Tirana şəhərində və Macarıstanın Kapoşvar şəhərində keçirilmiş Avropa çempionatında və Avropa birinciliyində yüksək nəticə əldə edən qazaxlı idmançılarımız qazandıqları nailiyyətlərlə təkcə ölkəmizin deyil, eyni zamanda Qazaxımızın adını ucaldıblar.
01-10 iyul 2023-cü il tarixlərdə Moldovanın paytaxtı Kişinyov şəhərində 15 yaşa qədər idmançılar arasında keçirilmiş Ağır atletika idman növü üzrə Avropa birinciliyində 96 kq çəki dərəcəsində Məmmədzadə Muhəmmədəli İsrafil oğlu II yeri, 17 yaşa qədər idmançılar arasında keçirilmiş Ağır atletika idman növü üzrə Avropa birinciliyində 73 kq çəki dərəcəsində Alməmmədov Ravin Ramil oğlu I yeri, 17 yaşa qədər idmançılar arasında keçirilmiş Ağır atletika idman növü üzrə Avropa birinciliyində 55 kq çəki dərəcəsində Osmanov Amin Vüsal oğlu II yeri, 59 kq çəki dərəcəsində Əliyeva Aytən Ələddin qızı VI yeri, 40 kq çəki dərəcəsində Əbilova Nuray Vüsal qızı VIII yeri tutublar. 11-17 iyun 2023-cü il tarixlərdə Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilmiş Qol güləşi idman növü üzrə 32-ci Avropa çempionatında 65 kq çəki dərəcəsində Mustafayev İsmayıl Arif oğlu I yeri qazanıb.
16-18 iyun 2023-cü il tarixlərdə Albaniyanın paytaxtı Tirana şəhərində 17 yaşa qədər idmançılar arasında keçirilmiş Sərbəst güləş idman növü üzrə Avropa çempionatında 71 kq çəki dərəcəsində Rəhimli İsmayıl Adil oğlu III yeri əldə edib.
06-09 iyul 2023-cü il tarixlərdə Macarıstanın Kapoşvar şəhərində 15 yaşa qədər idmançılar arasında keçirilmiş Sərbəst güləş idman növü üzrə Avropa çempionatında 41 kq çəki dərəcəsində Nazarov Rəşid Şahin oğlu III yeri qazanıb.
İyulun 15-də Qazax Gənclər Evində qalib adını qazanan idmançılarla görüş keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əldə etdikləri nailiyyətlərə görə idmançılarımızı, eləcə də onların məşqçi müəllimləri – SSRİ idman ustası, Əməkdar bədən tərbiyəsi və idman xadimi Tağıyev Ramiz Cahangir oğlunu, Azərbaycan Respublikasının idman ustası, Əməkdar məşqçi, Qazax Rayon Uşaq Gənclər İdman Məktəbinin məşqçi müəllimi Abdalov Rəayət Əziz oğlunu, Azərbaycan Respublikasının idman ustalığına namizəd, Qazax Rayon Uşaq Gənclər İdman Məktəbinin məşqçi müəllimi Qasımlı Sərxan Nizami oğlunu, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Qazax Olimpiya İdman Kompleksində baş məşqçi Əliyev Azər Nurəddin oğlunu Fəxri Fərmanla təltif edib.
Görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, “Göyəzən” Ağır Atletika Klubunun prezidenti, Ağır Atletikanın Qazax rayonu üzrə koordinatoru Azər Əlizadə, klubun üzvləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, idmançılar, tələbələr, gənclər KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, respublikamızın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İdmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətləri özündə əks etdirən videoçarx nümayiş olunub.
Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca giriş sözü ilə çıxış edərək qalib adını qazanan idmançıları təbrik edib, bugünkü görüşün əhəmiyyətindən söz açıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, idmançıları və qonaqları salamlayıb, idman günü, idman bayramı münasibətilə səmimi təbriklərini çatdırıb. İcra başçısı ölkə Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini, Ümummilli Liderin 100 illik yubileyinin təntənə ilə qeyd olunduğunu vurğulayıb. Rayon rəhbəri idmançılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmələrini, rayonumuza qızıl, gümüş, bürünc medallarla qayıtmalarını “Heydər Əliyev İli”nə ən böyük töhfə olduğunu söyləyib. İcra başçısı sazın, sözün beşiyi sayılan Qazaxın həm də idmançıları ilə tanındığını qeyd edib. Hər zaman sərbəst güləşdə adını tarixə yazdıran qazaxlı idmançıların yarışlarda, çempionatlarda, birinciliklərdə qızıl, gümüş, bürünc medallar əldə etdiklərini vurğulayıb. Rayon rəhbəri bildirib ki, bu gün qürurverici haldır ki, Qazax idmançıları ağır atletika idman növündə də adlarını tarixə yazdıra bildilər. İcra başçısı mənfur düşmənimiz olan ermənilərin də qatıldığı yarışda qazaxlı idmançılarımızın əldə etdikləri nəticə sayəsində dövlət himnimizin səslənməsinin, üçrəngli bayrağımızın yüksəklərdə dalğalanmasının həm xalqımızı, həm də qazaxlıları qürurlandırdığını qeyd edib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən idman sahəsinə, idmançılara göstərilən diqqət və qayğıdan söz açan icra başçısı həmin qayğının bu gün də davam etdirildiyini vurğulayıb. Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov tərəfindən idmançılara göstərilən qayğıdan danışan rayon rəhbəri həmin qayğının Qazaxda da hiss olunduğunu diqqətə çatdırıb. Qazax Olimpiya İdman Kompleksində, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbdə, Çaylı kəndində ağır atletika ilə məşğul olan idmançılar üçün idman zallarının yaradılmasını həmin qayğının bariz nümunəsi kimi qeyd edib və minnətdarlığını bildirib. Eyni zamanda bu gün qazaxlı idmançıların, eləcə də digər idmançıların əldə etdikləri nailiyyətlərdə öz real əksini tapdığını vurğulayıb. İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Qələbə əldə edən ölkənin idmançıları olaraq onlardan bundan sonra da böyük nailiyyətlər gözlədiyini qeyd edib və uğurlar arzulayıb.
“Göyəzən” Ağır Atletika Klubunun prezidenti, Ağır Atletikanın Qazax rayonu üzrə koordinatoru Azər Əlizadə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, qalib idmançıları öz növbəsində təbrik edib. Bugünkü tədbirə və idmançılara verdiyi dəyərə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov tərəfindən idmançılara göstərilən qayğıdan danışan natiq yeni yaradılan “Göyəzən” Ağır Atletika Klubunun da həmin qayğının davamı olduğunu vurğulayıb. Ağır atletika idman növünün yaranma tarixindən söz açan natiq yeni yaradılan Klubun əsas məqsədinin idmanın bu növünü respublikamızda, xüsusilə də bölgələrimizdə inkişaf etdirmək olduğunu diqqətə çatdırıb. A.Əlizadə bu gün oğlanlarla yanaşı, qızların da ağır atletika idman növünə böyük maraq göstərdiyini, müxtəlif çəki dərəcələrində öz güclərini sınadıqlarını söyləyib. Natiq qazaxlı ağır atletlərin də bu gün dünyaya meydan oxuduqlarını, istənilən yarışda qalibiyyət əldə edə biləcəklərini qeyd edib. A.Əlizadə aprel ayında idmançılarla keçirilən görüşdə “Göyəzən” Ağır Atletika Klubunun idmançılarının 13-ü qızıl, 13-ü gümüş, 8-i bürünc medal olmaqla 34 medal qazandıqlarını söylədiyini bildirib. Həmin medallardan 7-nin beynəlxalq yarışlarda əldə edildiyini qeyd edib. “Göyəzən” Ağır Atletika Klubunun idmançılarının bugünkü görüşə isə 13-ü qızıl, 13-ü gümüş, 5-i bürünc olmaqla 31 medalla gəldiklərini söyləyib. Həmin 31 medaldan 9-nun beynəlxalq yarışlarda qazanıldığını, xüsusilə də 5-nin qızıl medal olduğunu diqqətə çatdırıb. Moldovanın paytaxtı Kişinyov şəhərində 15-17 yaşa qədər idmançılar arasında keçirilmiş Ağır atletika idman növü üzrə Avropa birinciliyində Azərbaycanın 8-i qızıl, 4-ü gümüş, 2-si bürünc olmaqla 14 medal qazandığını, həmin 14 medaldan 5-i qızıl, 4 gümüş olmaqla 9-nu qazaxlı idmançıların əldə etdiklərini bildirib. A.Əlizadə bu qələbənin “Göyəzən” Ağır Atletika Klubunun bütün idmançılarının qələbəsi olduğunu söyləyib. A.Əlizadə Qazaxda ağır atletika ilə məşğul olan idmançıların uğurlu nəticələr əldə etmələri üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ birinciliklərinin mükafatçısı Ramiz Tağıyev çıxış edərək idmançıları qazandıqları nailiyyətlərə görə təbrik edib, səmimi ürək sözlərini bölüşüb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin, idmana olan qayğının, dəstəyin bu gün onun layiqli davamçıları Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini söyləyib. Ölkə başçısının idmana, idmançılara olan qayğısının Qazaxda da hər zaman hiss olunduğunu, rayon rəhbərliyinin bu qayğını əldə rəhbər tutaraq idmançıların yanında olduğunu, onlara olan səmimi münasibətin daim yüksək səviyyədə olduğunu qeyd edib.
Qazax Olimpiya İdman Kompleksində baş məşqçi, Əməkdar məşqçi Azər Əliyev çıxış edərək idmançılara təbriklərini çatdırıb, onların əməyinə verilən qiymətə və bugünkü görüşə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. A.Əliyev yetirməsi Mustafayev İsmayıl Arif oğlunun 11-17 iyun 2023-cü il tarixlərdə Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilmiş Qol güləşi idman növü üzrə 32-ci Avropa çempionatında qazandığı qələbədən söz açaraq bu uğurun bütün qazaxlı idmançıların uğuru olduğunu söyləyib. Həmin çempionatda İsmayıl Mustafayevin 2 qızıl medal əldə etdiyini, həmçinin, finalda erməni idmançıya qalib gəldiyini qeyd edib. Onun sağ qolda travma almasına rəğmən mənfur düşmənimizi məğlub etməsini yüksək qiymətləndirib və bu uğurun bütün idmançıların uğuru olduğunu vurğulayıb.
Ağır atletika idman növü üzrə Avropa birinciliyinin çempionu, 3 qızıl medal qazanmış Ravil Alməmmədov çıxış edərək qalib adını qazanan bütün idmançı yoldaşlarını təbrik edib, səmimi ürək sözlərini bölüşüb. Gənc idmançı üzərində əməyi olan məşqçi müəllimlərinə təşəkkür edərək bundan sonra da onların etimadlarını doğruldacağını bildirib. Onlarla keçirilən bugünükü görüşə və qayğıya görə rayon rəhbərliyinə razılığını ifadə edib.
Gənc aşıq Samir Allahverdiyev saz musiqisinin sədaları altında Eldar Nəsibli Sibirelin “Bura Qazaxdır oğlum” şeirini səsləndirərək qalib idmançılarımızı təbrik edib.
Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva idmançılarımızın qalibiyyətinə həsr etdiyi “Qazax” və “Vətən” mahnıları ilə öz təbrikini çatdırıb.
Tədbirin sonunda icra başçısı qalib idmançıları bir daha təbrik edib, onlara və məşqçi müəllimlərinə Fəxri Fərman təqdim edib.
Tədbirdə qalib idmançılara, onların məşqçi müəllimlərinə və fərqlənən digər idmançılara “Göyəzən” Ağır Atletika Klubunun Diplomları da təqdim olunub.
Səmimi söhbət əsasında keçən görüşün sonunda idmançılarla xatirə şəkli çəkdirilib.
GOYEZEN.AZ
Facebook-da paylaş