• Təqvim

  • Maraq



Qazaxda icra başçısı Albaniyanın Dürres şəhərində yeniyetmələr arasında keçirilən ağır atletika üzrə Dünya birinciliyində gümüş medal qazanan idmançını və onun məşqçi müəllimini mükafatlandırıb

25 mart - 1 aprel 2023-cü il tarixlərində Albaniyanın Dürres şəhərində yeniyetmələr arasında keçirilən ağır atletika üzrə Dünya birinciliyində idmançı Alməmmədov Ravin Ramil oğlu uğur qazanaraq doğma Qazaxımıza gümüş medalla qayıdıb.  

Aprelin 5-də Qazax Rayon İcra Hakimiyyətində qalib idmançının əldə etdiyi nailiyyətə görə onunla görüş keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qalib idmançını mükafatlandırıb. İdmançının məşqçi müəllimi Rəayət Abdalov yetirməsinin qələbəsi münasibətilə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub. 

Görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, “Göyəzən” Ağır Atletika Klubunun prezidenti, Ağır Atletikanın Qazax rayonu üzrə koordinatoru Azər Əlizadə, idman ictimaiyyətinin nümayəndələri, Qazax Rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin, “Göyəzən” idman klubunun məşqçi müəllimləri, tələbələri, “Abu Life” idman klubunun üzvləri, rayon ziyalıları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, yer tutan idmançını əldə etdiyi nailiyyət münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı sazın, sözün beşiyi sayılan Qazaxın həm də idmançıları ilə tanındığını qeyd edib. Hər zaman sərbəst güləşdə adını tarixə yazdıran qazaxlı idmançıların yarışlarda, çempionatlarda, birinciliklərdə qızıl, gümüş, bürünc medallar əldə etdiklərini vurğulayıb. Rayon rəhbəri bildirib ki, bu gün qürurverici haldır ki, Qazax idmançıları ağır atletika idman növündə də adlarını tarixə yazdıra bildilər. Ravin Alməmmədovun timsalında əldə edilən uğurlu nailiyyət onu deməyə əsas verir ki, bu idman növündə qazanılan qələbələr bundan sonra da davam edəcək. 


Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən idman sahəsinə, idmançılara göstərilən diqqət və qayğıdan söz açan icra başçısı həmin qayğının bu gün də davam etdirildiyini vurğulayıb. Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov tərəfindən idmançılara göstərilən qayğıdan danışan rayon rəhbəri həmin qayğının Qazaxda da hiss olunduğunu diqqətə çatdırıb. Qazax Olimpiya İdman Kompleksində, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbdə, Çaylı kəndində ağır atletika ilə məşğul olan idmançılar üçün idman zallarının yaradılmasını həmin qayğının bariz nümunəsi kimi qeyd edib və minnətdarlığını bildirib. Eyni zamanda, bu gün qazaxlı idmançıların, eləcə də digər idmançıların əldə etdikləri nailiyyətlərdə öz real əksini tapdığını vurğulayıb. İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Qələbə əldə edən ölkənin idmançıları olaraq onlardan bundan sonra da böyük nailiyyətlər gözlədiyini qeyd edib və uğurlar arzulayıb. 


“Göyəzən” Ağır Atletika Klubunun prezidenti, Ağır Atletikanın Qazax rayonu üzrə koordinatoru Azər Əlizadə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, qalib idmançını öz növbəsində təbrik edib. Bugünkü tədbirə və idmançılara verdiyi dəyərə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov tərəfindən idmançılara göstərilən qayğıdan danışan natiq yeni yaradılan “Göyəzən” Ağır Atletika Klubunun da həmin qayğının davamı olduğunu vurğulayıb. Ağır atletika idman növünün yaranma tarixindən söz açan natiq yeni yaradılan Klubun əsas məqsədinin idmanın bu növünü respublikamızda, xüsusilə də bölgələrimizdə inkişaf etdirmək olduğunu diqqətə çatdırıb. A.Əlizadə bu gün oğlanlarla yanaşı, qızların da ağır atletika idman növünə böyük maraq göstərdiyini, müxtəlif çəki dərəcələrində öz güclərini sınadıqlarını söyləyib. 


Natiq qazaxlı ağır atletlərin də bu gün dünyaya meydan oxuduqlarını, istənilən yarışda qalibiyyət əldə edə biləcəklərini qeyd edib. A.Əlizadə “Göyəzən” Ağır Atletika Klubunun bu gün 70 nəfərdən çox idmançı ilə təmsil olunduğunu bildirib. Ötən 1 il ərzində aprel, may, iyun, oktyabr, dekabr aylarında keçirilən respublikadaxili 7 yarışda iştirak edən “Göyəzən” Ağır Atletika Klubunun idmançılarının 27 medal qazandığını qeyd edib. Həmin medalların 12-nin qızıl, 8-nin gümüş, 7-nin bürünc medal olduğunu bildirib. “Göyəzən” Ağır Atletika Klubunun idmançılarının 25 nəfərinin qızlar olduğunu, 27 medaldan 10 ədədini qızların əldə etdiklərini söyləyib. Ötən il iki beynəlxalq yarışda – avqustda Polşada keçirilən yarışda 2 nəfər idmançı ilə iştirak etdiklərini, həmin yarışdan 4 ədəd medalla qayıtdıqlarını, Qasım İsmayılovun bürünc medal qazandığını, Ravin Alməmədovun isə Avropa birincisi olduğunu, Vətənə qızıl medalla qayıtdığını vurğulayıb. Albaniyanın Dürres şəhərində yeniyetmələr arasında keçirilən ağır atletika üzrə Dünya birinciliyində Ravin Alməmmədovun qazandığı qələbədən söz açan A.Əlizadə bu qələbənin “Göyəzən” Ağır Atletika Klubunun bütün idmançılarının qələbəsi olduğunu söyləyib. A.Əlizadə Qazaxda ağır atletika ilə məşğul olan idmançıların uğurlu nəticələr əldə etmələri üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.  

 

“Göyəzən” Ağır Atletika Klubunun ağır atletika idman növü üzrə məşqçi–müəllimi, Ağır Atletika üzrə İdman ustası, Əməkdar məşqçi Rayət Abdalov çıxış edərək ünvanlarına səslənən xoş sözlərə, əməklərinə verilən yüksək dəyərə, qiymətə və bugünkü tədbirə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Onlara göstərilən qayğını, etimadı bundan sonra da hər zaman əldə etdikləri nailiyyətlərlə doğruldacaqlarını qeyd edib.        

Tədbir iştirakçılarından Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Ramiz Tağıyev, aşıq Camoy Qurbanov, ağır atletika üzrə SSRİ idman ustası Yusif Əliyev, Əmək veteranı, təqaüdçü müəllim Cavanşir Rüstəmov, Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini, Sərbəst güləş üzrə İdman ustası, Əməkdar məşqçi Sahib Namazov çıxış edərək nailiyyət əldə edən idmançıya təbrik və xoş sözlərini çatdırıblar. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin, idmana olan qayğının, dəstəyin bu gün onun layiqli davamçıları Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini söyləyiblər. Ölkə başçısının idmana, idmançılara olan qayğısının Qazaxda da hər zaman hiss olunduğunu, rayon rəhbərliyinin bu qayğını əldə rəhbər tutaraq idmançıların yanında olduğunu, onlara olan səmimi münasibətin daim yüksək səviyyədə olduğunu qeyd ediblər. Çıxış edənlər sonda idmançıları, onların məşqçiləri Rayət Abdalovu və Sərxan Qasımlını bir daha təbrik edib, bundan sonra da yarışlardan qalibiyyətlə qayıtmağı arzulayıblar. 

Tədbirin sonunda icra başçısı qalib idmançını mükafatlandırıb, onun məşqçi müəlliminə Fəxri Fərman təqdim edib. 

Tədbirdə qalib idmançıya, onun məşqçi müəlliminə və fərqlənən digər idmançılara “Göyəzən” Ağır Atletika Klubunun Diplomları da təqdim olunub. 

Səmimi söhbət əsasında keçən görüşün sonunda idmançılarla xatirə şəkli çəkdirilib. 

GOYEZEN.AZ



Facebook-da paylaş