Ağır Atletika üzrə keçirilən Azərbaycan Birinciliyində yer tutan Qazaxlı idmançılar və məşqçiləri mükafatlandırılıblar
2022-ci ilin
12-15 may tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və
Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Şüvəlan qəsəbəsində
Ağır Atletika üzrə Azərbaycan Birinciliyi keçirilib. Birincilikdə
qüvvəsini sınayan Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət
göstərən Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri uğurla çıxış ediblər.
İdmançılarımız bu yarışdan 4 qızıl, 1 gümüş və 1 bürünc medalla qayıdıblar. Oğlanlar arasında 55 kq çəki dərəcəsində Osmanov Amin Vüsal oğlu, 61 kq çəki
dərəcəsində İsmayılov Qasım Əbülfət oğlu, 67 kq çəki dərəcəsində Alməmmədov Ravin
Ramil oğlu, 89 kq çəki dərəcəsində İsmayılov Əbdülmətin Ərşad oğlu I yerin, qızlar
arasında 40 kq çəki dərəcsində Əbilova Jalə Vüsal qızı II yerin, 61 kq çəki dərəcəsində
Osmanov Əmrah Vüsal oğlu isə III yerin qalibi olublar. Mayın 20-də Qazax Olimpiya İdman Kompleksində
qalib idmançıların və onların məşqçilərinin mükafatlandırılması mərasimi
keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, "Göyəzən”
Ağır Atletika Klubunun prezidenti, Ağır Atletikanın Qazax rayonu üzrə
koordinatoru Azər Əlizadə,
Qazax Rayon Gənclər və İdman İdarəsinin
nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin, Qazax Rayon Təhsil
Şöbəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Şahmat Məktəbinin
idmançıları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət
Sosial-İqtisadi Kollecin tələbələri, mədəniyyət müəssisələri, KİV nümayəndələri
iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb,
yer tutan idmançıları əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, səmimi
ürək sözlərini çatdırıb. İcra başçısı sazın, sözün beşiyi sayılan Qazaxın həm də
idmançıları ilə tanındığını qeyd edib. Hər zaman sərbəst güləşdə adını tarixə yazdıran
qazaxlı idmançıların yarışlarda, çempionatlarda, birinciliklərdə qızıl, gümüş,
bürünc medallar əldə etdiklərini vurğulayıb. Rayon rəhbəri bildirib ki, bu gün
qürurverici haldır ki, Qazax idmançıları ağır atletika idman növündə də
adlarını tarixə yazdıra bildilər. Əldə edilən uğurlu nailiyyət, 4 qızıl, 1
gümüş və 1 bürünc medal onu deməyə əsas verir ki, bu idman növündə qazanılan qələbələr
bundan sonra da davam edəcək. Ölkə Prezidenti İlham Əliyev, Birinci
vitse-prezident Mehriban Əliyeva tərəfindən idman sahəsinə, idmançılara göstərilən
diqqət və qayğıdan söz açan icra başçısı həmin qayğının bu gün də davam
etdirildiyini vurğulayıb. Ağır Atletika
Federasiyasının prezidenti İnam Kərimov tərəfindən idmançılara göstərilən
qayğıdan danışan rayon rəhbəri həmin qayğının Qazaxda da hiss olunduğunu diqqətə
çatdırıb. Qazax Olimpiya İdman Kompleksində, Qazax şəhər Namiq Vəliyev adına 5
nömrəli tam orta məktəbdə, Çaylı kəndində ağır atletika ilə məşğul olan idmançılar
üçün idman zallarının yaradılmasını həmin qayğının bariz nümunəsi kimi qeyd
edib və minnətdarlığını çatdırıb. Eyni zamanda, bu gün qazaxlı idmançıların, eləcə
də digər idmançıların əldə etdikləri nailiyyətlərdə öz real əksini tapdığını
vurğulayıb. İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında 44 günlük Vətən müharibəsində Qələbə əldə edən ölkənin idmançıları
olaraq onlardan bundan sonra da böyük nailiyyətlər gözlədiyimizi qeyd edib və
uğurlar arzulayıb.
"Göyəzən” Ağır Atletika
Klubunun prezidenti, Ağır Atletikanın Qazax rayonu üzrə koordinatoru Azər Əlizadə çıxış edərək tədbir iştirakçılarını salamlayıb,
idmançıları öz növbəsində təbrik edib. Ölkə Prezidenti İlham Əliyev,
Birinci vitse-prezident Mehriban Əliyeva, Ağır Atletika Federasiyasının
prezidenti İnam Kərimov tərəfindən idmançılara göstərilən qayğıdan
danışan natiq yeni yaradılan "Göyəzən” Ağır Atletika
Klubunun da həmin qayğının davamı
olduğunu vurğulayıb. Klubun əsas məqsədinin idmanın bu növünü respublikamızda,
xüsusilə də bölgələrimizdə inkişaf etdirmək olduğunu diqqətə çatdırıb. Qazaxda
ağır atletika ilə məşğul olan idmançıların uğurlu nəticələr əldə etmələri üçün əlindən
gələni əsirgəməyəcəyini söyləyib. Əməkdar müəllim, I dərəcəli voleybol ustası Bəsdi Ələkbərova çıxış edərək idmançıları təbrik edib, ölkə Prezidenti İlham
Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə idmançılara
göstərilən qayğıya görə ziyalılar və ictimaiyyət nümayəndələri adından minnətdarlığını bildirib.
Qazax Gənclər və İdman İdarəsinin rəis müavini, Sərbəst
güləş üzrə İdman ustası, Əməkdar məşqçi Sahib Namazov çıxış edərək nailiyyət əldə edən idmançılara təbrik
və xoş sözlərini çatdırıb. Tədbirin yüksək səviyyədə təşkil olumasına görə
rayon rəhbərliyinə və "Göyəzən” Ağır Atletika Klubunun rəhbərliyinə təşəkkürünü
ifadə edib. S.Namazov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan
idman siyasətinin, idmana olan qayğının, dəstəyin bu gün onun layiqli davamçısı
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən
uğurla davam etdirildiyini söyləyib. Ölkə başçısının idmana, idmançılara olan
qayğısının Qazaxda da hər zaman hiss olunduğunu, rayon rəhbərliyinin bu qayğını
əldə rəhbər tutaraq idmançıların yanında olduğunu, onlara olan səmimi münasibətin
daim yüksək səviyyədə olduğunu qeyd edib. S.Namazov sonda idmançıları, onların
məşqçiləri Rayət Abdalovu və Sərxan Qasımlını bir daha təbrik edib, bundan
sonra da yarışlardan qalibiyyətlə qayıtmağı arzulayıb. Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində
Uşaq-Gənclər İdman Məktəbinin məşqçi müəllimi, Ağır Atletika üzrə İdman ustası,
Əməkdar məşqçi Rayət Abdalov çıxış edərək bugünkü
mükafatlandırılma mərasiminin yüksək səviyyədə təşkil olunmasına görə rayon rəhbərliyinə
minnətdarlığını bildirib. Onlara göstərilən qayğını, etimadı hər zaman əldə
etdikləri nailiyyətlərlə doğruldacaqlarını qeyd edib. Ağır Atletika üzrə
İdman ustası, Əməkdar məşqçi Nizami Qasımov, Yunan-Roma güləşi üzrə Əməkdar məşqçi Tariyel Nəsibov çıxış edərək idmançıları əldə etdikləri nailiyyətlər
münasibətilə təbrik edib, qalib ölkənin qalib idmançıları olaraq daim uğur
qazanmalarını arzulayıblar. Ağır Atletika üzrə
Azərbaycan birinciliklərinin qalibi Əbdülmətin
İsmayılov çıxış edərək idmançılara
göstərilən qayğıya görə ölkə və rayon rəhbərliyinə, "Göyəzən” Ağır Atletika Klubunun
rəhbərliyinə minnətdarlığını bildirib. Gənc idmançı üzərində əməyi olan
insanlara, əziyyəti keçən məşqçisi Rayət Abdalova və digə insanlara da təşəkkür
edib. "Əsas hədəfim avqust ayında Polşa şəhərində keçiriləcək Avropa Birinciliyində
yüksək nəticə göstərməkdir”, - deyən gənc idmançı bunun üçün var qüvvəsi ilə
çalışacağını söyləyib. Tədbirin sonunda
uğur qazanmış idmançılar və məşqçiləri mükafatlandırılıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş