Əsas Səhifə > Manşet / İdman > Ağır Atletika üzrə keçirilən Azərbaycan Birinciliyində yer tutan Qazaxlı idmançılar və məşqçiləri mükafatlandırılıblar

Ağır Atletika üzrə keçirilən Azərbaycan Birinciliyində yer tutan Qazaxlı idmançılar və məşqçiləri mükafatlandırılıblar


20-05-2022, 20:47

2022-ci ilin 12-15 may tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Şüvəlan qəsəbəsində Ağır Atletika üzrə Azərbaycan Birinciliyi keçirilib.

Birincilikdə qüvvəsini sınayan Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri uğurla çıxış ediblər. İdmançılarımız bu yarışdan 4 qızıl, 1 gümüş və 1 bürünc medalla qayıdıblar.

Oğlanlar arasında 55 kq çəki dərəcəsində Osmanov Amin Vüsal oğlu, 61 kq çəki dərəcəsində İsmayılov Qasım Əbülfət oğlu, 67 kq çəki dərəcəsində Alməmmədov Ravin Ramil oğlu, 89 kq çəki dərəcəsində İsmayılov Əbdülmətin Ərşad oğlu I yerin, qızlar arasında 40 kq çəki dərəcsində Əbilova Jalə Vüsal qızı II yerin, 61 kq çəki dərəcəsində Osmanov Əmrah Vüsal oğlu isə III yerin qalibi olublar.

Mayın 20-də Qazax Olimpiya İdman Kompleksində qalib idmançıların və onların məşqçilərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, "Göyəzən” Ağır Atletika Klubunun prezidenti, Ağır Atletikanın Qazax rayonu üzrə koordinatoru Azər Əlizadə, Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin, Qazax Rayon Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Şahmat Məktəbinin idmançıları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, mədəniyyət müəssisələri, KİV nümayəndələri iştirak ediblər.








Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, yer tutan idmançıları əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı sazın, sözün beşiyi sayılan Qazaxın həm də idmançıları ilə tanındığını qeyd edib. Hər zaman sərbəst güləşdə adını tarixə yazdıran qazaxlı idmançıların yarışlarda, çempionatlarda, birinciliklərdə qızıl, gümüş, bürünc medallar əldə etdiklərini vurğulayıb. Rayon rəhbəri bildirib ki, bu gün qürurverici haldır ki, Qazax idmançıları ağır atletika idman növündə də adlarını tarixə yazdıra bildilər. Əldə edilən uğurlu nailiyyət, 4 qızıl, 1 gümüş və 1 bürünc medal onu deməyə əsas verir ki, bu idman növündə qazanılan qələbələr bundan sonra da davam edəcək.

 

Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən idman sahəsinə, idmançılara göstərilən diqqət və qayğıdan söz açan icra başçısı həmin qayğının bu gün də davam etdirildiyini vurğulayıb. Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov tərəfindən idmançılara göstərilən qayğıdan danışan rayon rəhbəri həmin qayğının Qazaxda da hiss olunduğunu diqqətə çatdırıb. Qazax Olimpiya İdman Kompleksində, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbdə, Çaylı kəndində ağır atletika ilə məşğul olan idmançılar üçün idman zallarının yaradılmasını həmin qayğının bariz nümunəsi kimi qeyd edib və minnətdarlığını çatdırıb. Eyni zamanda, bu gün qazaxlı idmançıların, eləcə də digər idmançıların əldə etdikləri nailiyyətlərdə öz real əksini tapdığını vurğulayıb. İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Qələbə əldə edən ölkənin idmançıları olaraq onlardan bundan sonra da böyük nailiyyətlər gözlədiyimizi qeyd edib və uğurlar arzulayıb.


 

"Göyəzən” Ağır Atletika Klubunun prezidenti, Ağır Atletikanın Qazax rayonu üzrə koordinatoru Azər Əlizadə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, idmançıları öz növbəsində təbrik edib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov tərəfindən idmançılara göstərilən qayğıdan danışan natiq yeni yaradılan "Göyəzən” Ağır Atletika Klubunun da həmin qayğının davamı olduğunu vurğulayıb. Klubun əsas məqsədinin idmanın bu növünü respublikamızda, xüsusilə də bölgələrimizdə inkişaf etdirmək olduğunu diqqətə çatdırıb. Qazaxda ağır atletika ilə məşğul olan idmançıların uğurlu nəticələr əldə etmələri üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.  


 

Əməkdar müəllim, I dərəcəli voleybol ustası Bəsdi Ələkbərova çıxış edərək idmançıları təbrik edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə idmançılara göstərilən qayğıya görə ziyalılar və ictimaiyyət nümayəndələri adından minnətdarlığını bildirib.

 

Qazax Gənclər və İdman İdarəsinin rəis müavini, Sərbəst güləş üzrə İdman ustası, Əməkdar məşqçi Sahib Namazov çıxış edərək nailiyyət əldə edən idmançılara təbrik və xoş sözlərini çatdırıb. Tədbirin yüksək səviyyədə təşkil olumasına görə rayon rəhbərliyinə və "Göyəzən” Ağır Atletika Klubunun rəhbərliyinə təşəkkürünü ifadə edib. S.Namazov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin, idmana olan qayğının, dəstəyin bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini söyləyib. Ölkə başçısının idmana, idmançılara olan qayğısının Qazaxda da hər zaman hiss olunduğunu, rayon rəhbərliyinin bu qayğını əldə rəhbər tutaraq idmançıların yanında olduğunu, onlara olan səmimi münasibətin daim yüksək səviyyədə olduğunu qeyd edib. S.Namazov sonda idmançıları, onların məşqçiləri Rayət Abdalovu və Sərxan Qasımlını bir daha təbrik edib, bundan sonra da yarışlardan qalibiyyətlə qayıtmağı arzulayıb.


Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşaq-Gənclər İdman Məktəbinin məşqçi müəllimi, Ağır Atletika üzrə İdman ustası, Əməkdar məşqçi Rayət Abdalov çıxış edərək bugünkü mükafatlandırılma mərasiminin yüksək səviyyədə təşkil olunmasına görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Onlara göstərilən qayğını, etimadı hər zaman əldə etdikləri nailiyyətlərlə doğruldacaqlarını qeyd edib.    



    

Ağır Atletika üzrə İdman ustası, Əməkdar məşqçi Nizami Qasımov, Yunan-Roma güləşi üzrə Əməkdar məşqçi Tariyel Nəsibov çıxış edərək idmançıları əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edib, qalib ölkənin qalib idmançıları olaraq daim uğur qazanmalarını arzulayıblar.



Ağır Atletika üzrə Azərbaycan birinciliklərinin qalibi Əbdülmətin İsmayılov çıxış edərək idmançılara göstərilən qayğıya görə ölkə və rayon rəhbərliyinə, "Göyəzən” Ağır Atletika Klubunun rəhbərliyinə minnətdarlığını bildirib. Gənc idmançı üzərində əməyi olan insanlara, əziyyəti keçən məşqçisi Rayət Abdalova və digə insanlara da təşəkkür edib. "Əsas hədəfim avqust ayında Polşa şəhərində keçiriləcək Avropa Birinciliyində yüksək nəticə göstərməkdir”, - deyən gənc idmançı bunun üçün var qüvvəsi ilə çalışacağını söyləyib.

Tədbirin sonunda uğur qazanmış idmançılar və məşqçiləri mükafatlandırılıblar.












GOYEZEN.AZ


Geri qayıt