• Təqvim

  • Maraq



Müasir dünyamızın ən mühüm problemlərindən olan narkomaniyadan bəşəriyyət hələ də əziyyət çəkməkdədir


Narkomaniya fərdlərin fiziki və psixi sağlamlığına mənfi təsir göstərən, sosial problemlərə səbəb olan ciddi problemdir. Müasir dünyamızın ən mühüm problemlərindən biri olan narkomaniyadan bəşəriyyət hələ də əziyyət çəkməkdədir. Narkotiklər mərkəzi sinir sisteminə təsir edən asılılıq yaradan maddələrdir və bu maddələrin istifadəsi fərdlərin həyat keyfiyyətini aşağı salmaqla yanaşı, ailələrə və cəmiyyətlərə də dərindən təsir edir. 

Narkomanlıq - narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində yaranmış narkotik vasitələrdən və psixotrop maddələrdən psixi və ya fiziki asılılıqla ifadə olunan xəstəlikdir. Narkotik toksik maddə olduğundan insanın bütün orqanizminə, ürək-damar sistemindən sinir sisteminə qədər mənfi təsir göstərərək onun xarakterini dəyişir, bu xəstəliyə düçar olmuş şəxs özünü idarə edə bilmir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata qarşı laqeydlik yaradır. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların qaraciyər və böyrəyin zəhərlənməsinə səbəb olur. Bu səbəbdən narkomanlar içərisində ən geniş yayılmış xəstəlik hepatit və QİÇS xəstəliyidir. 

Narkotik istifadəsi müxtəlif səbəblərə görə inkişaf edə bilər. Bu səbəblər çox vaxt bioloji, psixoloji və sosial amillərin birləşməsidir. Bioloji səbəblər: genetik meyillilik, beyin kimyasındakı balanssızlıqlar və ailədə narkotik istifadə tarixi fərdin narkotik asılılığının inkişaf riskini artıra bilər. Psixoloji səbəblər: stress, depressiya, narahatlıq və travma kimi psixoloji problemlər fərdləri narkotik istifadə etməyə sövq edə bilər. Dərmanlar qısa müddətdə bu cür emosional ağrıları aradan qaldıra bilər, lakin uzun müddətdə bu problemləri daha da pisləşdirə bilər. Sosial səbəblər: ətraf mühit faktorları, həmyaşıd qruplarının təsiri, aşağı sosial-iqtisadi status və ailə problemləri də narkotik istifadəsinə səbəb ola bilər. Sosial təzyiqlər və qəbul olunmaq istəyi xüsusilə gənclər arasında narkotik təcrübəsinə səbəb ola bilər. Narkomaniya həm ailələrə, həm cəmiyyətlərə, həm də fərdlərə böyük ziyan vurur. Bu zərərlər iqtisadi, sosial və sağlamlıq aspektlərinin geniş spektrini əhatə edir. Narkomaniya məhsuldarlığın azalmasına və işçi qüvvəsində itkilərə səbəb olur, həmçinin, narkomaniyanın müalicəsi, səhiyyə xidmətləri və narkomaniya ilə mübarizə xərcləri dövlət büdcəsinə böyük yüklər qoyur. 

Bütün dünyada narkomaniyaya qarşı mübarizə ilə bağlı heç də asan olmayan mübarizə getsə də, insanlıq üçün böyük bəla olan narkomaniya hələ də yayılmaqda davam edir. Bu gün dünyada narkomaniyanın gəncləşməsi prosesi gedir. Narkotik maddə alverçiləri uşaqların çox olduğu yerlərdə olur, onlara həmin məhsulları təklif edirlər. Pul qazanmaq naminə onlar insanları, xüsusilə uşaqları ölümə aparan bu pis vərdişə alışdırırlar. Hazırda dünyada 2 milyondan artıq narkoman var ki, onların bir qismini kişilər və qadınlar, digər qismini isə gənclər və uşaqlar təşkil edir. Gənclərdə üzə çıxan narkomaniyanın əsası yeniyetməlik dövründən başlayır. Yeniyetmə yaş dövrü bütün uşaq yaş dövrlərinin ən çətin və vacib mərhələsini təşkil edir. Çünki onun tərkibinə şəxsiyyətin qurulması dövrü daxil olmaqla, uşaqlıq və böyük yaş dövrü arasında keçid mərhələsini əhatə edir. Yeniyetmə yaşı sosial psixoloji cəhətdən keçid, dönüş yaşıdır, çünki bu dövrdə xasiyyətin formalaşması, yəni şəxsiyyətin əsaslarının formalaşması baş verir. Çoxları bu yaşı kritik yaş adlandırır. Çünki valideynlik himayəsindən müstəqilliyə keçid, xasiyyətin qurulması - bunların hamısı şəxsiyyətin zəif tərəflərini açır, onu çox zəif, mühitin xoşagəlməz təsirlərinin və zərərli adətlərin (siqaret çəkmə, alkoqol, toksikomaniya və s.) meyilliliyinin təsiri altına düşən edir. Narkotiklərə meyilli olan yeniyetmələrdə iradə dəyişikliyə məruz qalır. Qətiyyət ancaq narkotikin qəbuluna istiqamətlənən birtərəfli məna alır. Narkotiklərə qoşulmağa başlamış yeniyetmə, öz əqli və idrak bacarıqlarının, maraqlarının itirilməsindən başqa həm də mənəvi tənəzzül edir. Belə yeniyetmələrdə əqli və intellektual bacarıqların pozulması, təhsilə həvəssizlik, əxlaqın aşağı düşməsi, dərs fənlərini mənimsəmək bacarığının olmaması, anlaqlı dərk etmə bacarığının və yaddaşın itirilməsi, aqressivlik elementləri ilə ümumi narahatlığın və əsəbiliyin üstünlük təşkil etməsi müşahidə olunur. Narkotik qəbul edən yeniyetmənin kriminal meyilləri xüsusən təhlükəlidir. Belə ki, neqativ psixiki kənarlaşmaların xüsusən ağırlaşması onun yaş xüsusiyyətləri, xarakterin zəifliyi, yüksək emosional vəziyyəti, mənəvi özünənəzarətin olmaması ilə şərtlənir. Yeniyetmələr tərəfindən narkotik qəbulu zamanı yaranmış səbəbsiz və həddindən artıq şən olma halında - eyforiya vəziyyətində onlar yaşlılara nəzərən hüquq pozuntularına daha çox meyilli olurlar. Narkotik eyforiya vəziyyətində olan yeniyetmə tərəfindən törədilən hüquqpozuntuları və ya cinayətlər çox zaman motivsiz, mənasız xarakter daşıyır, bəzən vandalizm doğurur, bir sıra hallarda xüsusi qəddarlığı ilə fərqlənir. Məhz bu səbəblərdən narkomaniyanın profilaktikası ailə və məktəbdən başlanmalıdır. Valideynlərin uşaqlarının narkomaniyadan qorunmasında bu profilaktikanın rolunu başa düşmələri olduqca mühümdür. Bu problemin həlli üçün kompleks və vahid yanaşmalar qəbul edilməlidir. Məktəblərdə, iş yerlərində və icmalarda narkotiklərin zərərləri haqqında maarifləndirici proqramların təşkilinə diqqət artırılmalıdır. Gənclər və böyüklər narkotikdən istifadənin riskləri və asılılığın nəticələri haqqında məlumatlandırılmalıdırlar. Reabilitasiya mərkəzləri və narkomanlar üçün müalicə proqramları genişləndirilməlidir. Bu mərkəzlərdə psixoloji dəstək, tibbi müalicə və sosial inteqrasiya xidmətləri göstərilməlidir. Narkotikdən istifadənin qarşısının alınması və mövcud narkomanların reabilitasiyası daha sağlam və təhlükəsiz cəmiyyət üçün çox vacibdir.

Narkomaniyanın ictimai təhlükəliliyi insanların fiziki və psixi sağlamlığının ciddi şəkildə pozulmasında, onlarda ruh düşgünlüyünün, intellektual səviyyənin, ictimai fəallığın aşağı düşməsində, sosial əlaqələrin daralmasında və parçalanmasındadır. Narkotiklərdən istifadə nəticəsində psixi xəstəliklərə düçar olan, cəmiyyətdə tüfeyli həyat sürən narkomanlar tərəfindən ictimai təhlükəli əməllərin, o cümlədən cinayət əməllərinin törədilməsi hallarına tez-tez rast gəlmək olur. Buna görə də narkomaniyanı kriminogen amil hesab etmək olar. Məhkəmə-istintaq təcrübəsində narkotik eyforiya və ya abstinent sindrom – dərmanlara asılılıq vəziyyətində narkomanların ən müxtəlif xarakterli cinayətlər törətməsi barədə çoxsaylı faktlar vardır. Bütünlükdə narkotizmlə cinayətkarlıq arasında qarşılıqlı əlaqənin və bunlar arasında bilavasitə asılılığın olması artıq heç kimdə şübhə doğurmur. Qiyməti çox baha olan və durmadan artan narkotiklərdən asılı vəziyyətə düşən narkoman, narkotik vasitələr almaq üçün vəsait əldə etmək məqsədilə “cinayət törətməyə yüksək hazırlıq vəziyyətində” olur. Narkomaniya zəminində törədilən və tamah xarakteri daşıyan cinayətlərə narkotiklərin istehsalından, alverindən və narkotiklərlə bağlı digər qeyri-qanuni əməliyyatlardan böyük miqdarda qazanc əldə etmək məqsədi güdən ictimai təhlükəli əməlləri də aid etmək olar. Belə ki, alkoqoldan fərqli olaraq, narkotik qəbul etməklə müvəqqəti həzz alma nəticəsində adamda narkotik vasitənin təkrar istehlakı üçün güclü ehtiyac yaranır. Daha sonra, narkotiklərə vərdiş və onları daha böyük dozada qəbul etmək, yaxud daha güclü təsirə malik narkotik maddələri dadmaq arzusu baş qaldırır. Tədricən insan narkotiklərdən asılı vəziyyətə düşür, narkomaniya xəstəliyinə tutulur, bir qayda olaraq, şəxsiyyət kimi tənəzzülə uğrayır. Zəhmətsiz gəlir əldə etmək naminə, hətta, insan fəlakəti üzərində varlanmaqdan belə çəkinməyən, narkotik vasitələrin satışı bazarını genişləndirmək üçün narkotik istehlakına daha çox adam cəlb etməyə çalışan bu şəxslər narkotik vasitələrin insan orqanizminə bu cür təsirindən sui-istifadə edirlər.

Narkomaniya həmçinin məişət zorakılığı, boşanmalar və uşaqların baxımsızlığı kimi sosial problemlərə səbəb olur. Bu, həmçinin cinayət nisbətlərinin artmasına və ictimai asayişin pozulmasına səbəb ola bilər. Asılı şəxslər narkotik əldə etmək üçün cinayət törətməyə meylli ola bilərlər ki, bu da cəmiyyətdə etibarsızlığa və iğtişaşlara səbəb ola bilər. Narkotiklərlə mübarizə çoxşaxəli yanaşma tələb edir. Bu mübarizə fərdi, sosial və dövlət səviyyəsində tədbirləri əhatə edir. Respublikamız dünyaya inteqrasiya edir və çox təəssüf ki, bu inteqrasiyasının müsbət məqamları ilə yanaşı mənfi məqamları da var. Belə ki, narkomaniya bəlası digər ölkələrdə olduğu kimi, Azərbaycandan da yan keçməyib. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dövlət quruculuğu, siyasi, iqtisadi, sosial və başqa sahələrdə gedən inkişaf və aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökümət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri etmişdir. Məhz buna görə də respublikamız narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni tənzimləyən, beynəlxalq hüquq normalarını tam və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmuş və bu cinayətlərə qarşı mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli 2966 saylı Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Bundan əlavə, ölkə Prezidenti İlham Əliyevin imzaladığı 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamla “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” qəbul olunmuşdur. Dövlət Proqramlarının məqsədi ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktik araşdırmaların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və digər genişmiqyaslı məsələlərdən ibarətdir.

Aidə NƏZƏRLİ, 

Qazax rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor



Facebook-da paylaş