İcra başçısı Vətən müharibəsi şəhidi əsgər İlkin Əliyevin ildönümündə əziz xatirəsini ehtiramla yad edib
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Azərbaycanın ən yeni tarixinin şanlı səhifəsi kimi xalqımızın yaddaşına əbədi həkk olundu. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 gün ərzində göstərdiyi misilsiz şücaət və qəhrəmanlıq bütün dünyaya göstərdi ki, ölkəmiz güclü dövlətdir və onun güclü ordusu var. 44 günlük müharibədə döyüş meydanında misilsiz igidlik nümunələri göstərən şanlı ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq.
Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də əsgər Əliyev İlkin Bəxtiyar oğludur.
Noyabrın 16-sı 44 günlük savaşda qəhrəmanlığı ilə dastan yazan, döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin ildönümüdür. İgid Vətən oğlunun şəhadətindən 4 il ötür. Bu gün İlkin Əliyev kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur. Şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur.
Noyabrın 16-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, şəhid ailələri qəhrəman şəhidimizin doğulub boya-başa çatdığı Canalı kəndində olub, igid Vətən oğlunun ildönümündə əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənilib. Bu gün İlkin kimi qəhrəmanlarımızla nəinki doğulduğu el-obanın, eləcə də bütöv Azərbaycanın, xalqımızın fəxr etdiyi, hər bir azərbaycanlının qürur duyduğu bildirilib. İllər ötsə belə Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, İlkin Əliyevin də Azərbaycan xalqının, qazaxlıların qəlbində daim yaşayacağı qeyd olunub. Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür yolunun gələcək nəsillərə, gənclərə örnək olduğu, onları tanımağın, xatirələrini əbədi tutmağın hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğu vurğulanıb. Söylənilib ki, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməli, Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. Erməni işğalından azad olunan torpaqlarda üçrəngli bayrağımızın dalğalanması üçün canından keçən bütün şəhidlərimizin, o cümlədən İlkin Əliyevin əziz xatirəsi daim ehtiramla anılacaq. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuz qeyd edilib. Ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğu vurğulanıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyü, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağı qeyd olunub.
Şəhid Əliyev İlkin Bəxtiyar oğlu 26 fevral 2001-ci ildə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 2007-ci ildə Qazax rayon Canalı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Uşaqlıqdan idmana daha çox maraq göstərirdi, yunan-roma güləşi ilə məşğul olurdu. Bir neçə dəfə birinci yerə çıxıb medallar da almışdı.
2019-cu ilin 3 aprelində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır.
Vətən müharibəsi başlayandan bir neçə gün sonra İlkin Əliyevin xidmət etdiyi batareya müharibə bölgəsinə gətirilir. İlkinin döyüş yolu oktyabr ayının 2-dən Füzulidən başlayıb. Sonra bu yol Qubadlıdan, Xocavənddən, Şuşa ətrafından, Laçından keçib. “N” saylı hərbi hissənin artilleriya divizionun 1-ci batareyanın, 1-ci tağımın 2-ci topun komandiri əsgər Əliyev İlkin Bəxtiyar oğlu düşmənin texnikasının, canlı qüvvəsinin məhv edilməsində böyük igidlik və şücaət göstərib. O, 14.11.2020-ci il tarixdə Xocavənddə şəhid olmuşdur. 16.11.2020-ci il tarixdə Hüseynbəyli kəndi ərazisində yerləşən Şəhidlər qəbiristanlığında dəfn olunmuşdur. Subay idi.
Əliyev İlkin Bəxtiyar oğlu Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Şəhidimizin doğulub boya-başa çatdığı Canalı kəndində adını əbədiləşdirən bulaq inşa olunub və həmin bulağın yanında dayanacaq qoyulub.
Facebook-da paylaş