İcra başçısı Aprel şəhidi Elvin Namazovun babasının üç mərasimində iştirak edib və ailəsinə başsağlığı verib
Azərbaycan Ordusunun tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 8 il ötür. Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində "Böyük Qayıdış” prosesinə start verilməsi oldu. Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Bu gün hər bir azərbaycanlı 8 il əvvəl tarixə "Aprel döyüşləri”, "Aprel müharibəsi” və ya "dördgünlük müharibə” kimi daxil olan 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayan və 4 gün davam edən döyüş zamanı düşməndən azad edilən Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Xankəndidə, Xocalıda, Şuşada və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur hissi keçirir. Bu gün fəxrlə deyə bilərik ki, 2020-ci ildə qazandığımız Qələbənin təməli də məhz 8 il əvvəl qoyuldu. Aprel döyüşlərinin təcrübəsi, əldə olunan məlumatlar, düşmənin möhkəmləndirilmiş müdafiə sədlərini keçmək bacarığı bizi qazandığımız uğura apardı. Məhz Aprel döyüşləri düşmənə, onun havadarlarına Azərbaycan Ordusunun gücünü, qələbə əzmini sübut etməklə yanaşı, bütün dünyaya da Azərbaycanın tarixi ədaləti bərpa etməklə öz dədə-baba, əzəli torpaqlarından əl çəkməyəcəyini göstərdi. Aprel qələbəsi və yekun Zəfərimiz Azərbaycan Silahlı Qüvvələrinin müasir dövrün ən yaxşı ordularından biri olduğunu nümayiş etdirdi.
Aprel döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da Şəhidlik adlı uca zirvəyə yüksəldi.
Həmin şanlı döyüş zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına vuruşan baş leytenant Namazov Elvin Məmməd oğlunun xatirəsi hər zaman əziz tutulur, ailə üzvləri daim diqqətdə saxlanılır.
Noyabrın 8-də qəhrəman şəhidimizin ana babası Həbilov Nəbi Həbilqasım oğlu dünyasını dəyişib. Mərhum Yuxarı Salahlı kənd qəbiristanlığında dəfn edilib.
Noyabrın 11-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirov Yuxarı Salahlı kəndində olub, şəhidimizin babasının üç mərasimində iştirak edərək vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı veriblər.
İcra başçısı Rəcəb Babaşov mərhum Nəbi Həbilovun vəfatından kədərləndiyini bildirib, şəhidimizin anasına, yaxınlarına dərin hüznlə başsağlığı verib. İllər ötsə belə şəhidlərimizə olan sonsuz ehtiramın, sevginin heç zaman dəyişməyəcəyini, əksinə daha da artacağını bildirib. Nə qədər Azərbaycan xalqı var şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, şəhidlərimizlə yanaşı, onların ata və analarının, yaxınlarının da bizlər üçün doğma olduqlarını vurğulayıb. İcra başçısı ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu vurğulayıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü, şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.
Elvin Namazov 3 aprel 2016-cı il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə erməni ordusunun hücumunun qarşısının alınması zamanı baş verən şiddətli atışmada qəhrəmancasına şəhid olmuşdur. 9 apreldə doğulduğu Yuxarı Salahlı kənd qəbiristanlığında böyük izdihamla dəfn olunmuşdur.
Elvin Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
2016-cı ildə rayon rəhbərliyi tərəfindən Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Donmuş təbəssüm” adlı kitab yazılmışdır.
Facebook-da paylaş