"Arkoz Qazax Sement Zavodu” MMC 8 Noyabr – Zəfər Günündə daha bir şəhid ailəsini sevindirdi
Qazax rayonunda fəaliyyət göstərən "Arkoz Qazax Sement Zavodu” MMC xeyirxah əməlləri ilə həmişə fərqlənir. Bu işdə öz ənənəsinə sadiq qalan zavodun kollektivi şəhid ailələrini, qaziləri daim diqqətdə saxlayır, qayğı göstərərək onların sosial problemlərinin həllində yaxından iştirak edir.
Zavod kollektivi 8 Noyabr - Zəfər Günündə daha bir xeyirxah işə imza atıb. MMC bu dəfə 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş kiçik çavuş Mustafayev Sərxan İslam oğlunun ailəsini sevindirib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və "Arkoz Qazax Sement Zavodu” MMC-nin İnzibati işlər və nəzarət üzrə direktor müavini Nahid Salehov qəhrəman şəhidimizin doğulub boya-başa çatdığı Aslanbəyli kəndində olub, ailəsini ziyarət ediblər.
8 Noyabr - Zəfər Günü münasibətilə səmimi ürək sözlərini çatdıraraq bu günü bizə bəxş edən Müzəffər Ali Baş Komandana, Sərxan Mustafayev kimi şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd ediblər. Bu gün Sərxan kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-obanın, eləcə də bütöv Azərbaycanın fəxr etdiyini, hər bir azərbaycanlının qürur duyduğunu, şəhidlərimizi yad etməyin, xatirəsini əziz tutmağın hər birimizin mənəvi borcu olduğunu diqqətə çatdırıblar. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına, onların ailələrinə göstərdikləri dövlət qayğısının Qazax rayonunda da hər zaman örnək götürüldüyü bildirilib.
Şəhid ailəsinin yaşadıqları evin təmiri ilə bağlı etdikləri müraciətə həssaslıqla yanaşan zavod rəhbərliyi həyata keçirdikləri sosial layihənin davam olaraq onların evini də təmir edəcəkləri xəbərini veriblər. Zəfər Günündə şəhid ailəsinə şad xəbəri verən zavod rəhbərliyi qısa vaxtda təmir işlərinə başlanılacağını qeyd ediblər.
Şəhid atası İslam Mustafayev də öz növbəsində razılığını bildirib. “Arkoz Qazax Sement Zavodu”nun şəhid ailələrinə olan qayğısını eşitdiklərini qeyd edən şəhid atası bunu öz ailəsinin timsalında da hiss etdiklərini söyləyib. Bugünkü ziyarəti və evlərinin təmir olunması xəbərini bunun bariz nümunəsi olaraq qeyd edib. Şəhid ailələrinə göstərilən qayğıya görə ölkə başçısına, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə və "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə minnətdarlığını bildirib.
Şəhid Sərxan Mustafayev 21 mart 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 01.09.2001-ci ildə Qazax rayon Aslanbəyli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 30.05.2009-cu il tarixdə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 01.04.2012-ci ildən 01.10.2013-cü il tarixədək Bakı şəhərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. 03.06.2014-cü il tarixdən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. “N” saylı hərbi hissənin manqa komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Sərxan Mustafayev 31.10.2020-ci il tarixdə Füzuli–Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 02.11.2020-ci il tarixdə doğulduğu Aslanbəyli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. İki azyaşlı – Ümid adlı oğul, Zümrüd adlı qız övladı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Sərxan Mustafayevin döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid kiçik çavuş Sərxan Mustafayev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Doğulduğu kənddə məzarının yaxınlığında yolun kənarında adını əbədləşdirən bulaq inşa olunub.
Məlumat üçün qeyd edək ki, Zavod tərəfindən 2017-ci ildə Daş Salahlı kənd 2 saylı Uşaq bağçası və 3 saylı Körpələr Evi-Uşaq bağçası əsaslı şəkildə yenidən qurularaq körpə balaların istifadəsinə verilib. Zavod tərəfindən Daş Salahlı kəndində yerləşən Şəhidlər Xiyabanına gedən yola yeni asfalt örtüyünün vurulması, ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş, Qazax rayonunun Qazaxbəyli kənd sakini, 3-cü dərəcəli Vətən müharibəsi əlili (MAHHXHQ) Rəhimov Fəqan Fazil oğlunun yaşadığı evin əsaslı şəkildə yenidən qurulması, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalmış Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xüsusi Vasitələrin Tətbiqi Dəstəsində gizir kimi xidmət etmiş, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş gizir Əhmədov Elvin Qələndər oğlunun evinin əsaslı şəkildə təmir olunması, 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri Abdullayev Sərxan Elxan oğlunun ailəsi üçün yeni evin inşa edilməsi zavodun həyata keçirdiyi sosial layihələrdir.
Facebook-da paylaş