• Təqvim

  • Maraq



Ağdam rayonunun işğaldan azad olunduğu 20 noyabr tarixi xalqımızın yaddaşına əbədi həkk olunub


Azərbaycan xalqının yaddaşına və hərb tariximizə qızıl hərflərlə həkk olunan 2020-ci il illər keçsə, qərinələr ötsə belə hər zaman Qələbənin, Zəfərin yazıldığı bir il kimi xatırlanacaq. Çünki həmin ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsini böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Həmin möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə bir ömür boyu minnətdar olacağıq.

2020-ci ilin 20 noyabr günü həm xalqımızın, həm də ağdamlıların yaddaşına əbədi həkk olunan bir gündür. Çünki noyabrın 20-si Ağdamın Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi gündür. Şəhərin erməni işğalçılarından təmizlənməsindən artıq 4 il ötür. Həmin tarixi günü ağdamlılar bu gün də fəxr və qürur hissi ilə xatırlayırlar. 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”. 

Tarixə nəzər salsaq görərik ki, “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.

Ağdam rayonunun yaradılmasına gəlincə Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadratkilometr olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.

Bölgənin tarixi, elmi-arxeoloji əhəmiyyətinə gəlincə rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.

Ağdamın işğalını bu gün də ürəkağrısı ilə xatırlayırıq. Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadratkilometr olan Ağdamın 882 kvadratkilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.


BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 853 saylı qətnaməyə gəlincə 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından da bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. Lakin Ermənistan tərəfi beynəlxalq qərarlara tabe olmaqdan yayındı.

Rəsmi İrəvanın törətdiyi müharibə cinayətləri bütün dünyaya bəllidir. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.

10 noyabr 2020-ci il tarixli bəyanatın gücü sayəsində işğalçı Ermənistan qüvvələri Ağdamdan çıxarıldı. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb.

“Ağdamın azad olunmasına görə” medalının təsis edilməsi tarixi əhəmiyyət daşıyır. Medal 2020-ci il noyabrın 26-da təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.


Şanlı zəfərimizin əbədiləşdirilməsi dövlət siyasətinin tərkib hissəsi idi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr - Ağdam Şəhəri Günü kimi müəyyən olub.

Ağdam - Qafqazın Xirosiması adlandırılır. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir.

Bu gün qürurla söyləyirik ki, Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır. 2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama səfərləri və reallaşdırılan yeni infrastruktur layihələr xalqımızı, ağdamlıları qürurlandırır.

23.11.2020-ci il tarixli səfərdə Ağdam şəhərində Dövlət Bayrağının ucaldılması qürurvericidir. Dağıdılmış Ağdam Cümə məscidini ziyarət yaddaşlara əbədi yazıldı.

28.05.2021-ci il tarixli səfərdə Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma mərasimləri, Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimi, Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi ilə tanışlıq, Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimi, Qiyaslı məscidi və Şahbulaq qalası ilə tanışlıq əlamətdar hadisə kimi yaddaşlara əbədi həkk olundu.

13.02.2022-ci il tarixli səfər Ağdam Sənaye Parkında iki müəssisənin, “Park Forest Hotel Ağdam” mehmanxanasının, Yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimləri, Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksi ilə tanışlıqla yadda qaldı.

04.10.2022-ci il tarixli səfər zamanı Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanışlıq oldu. Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, “City Hotel Agdam” mehmanxanasının, növbəti yaşayış məhəlləsinin, Dəmir yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimləri keçirildi. Pənahəli xanın sarayı və İmarət Kompleksi ilə tanışlıq oldu. Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi oldu. 

15.10.2023-cü il tarixli səfərdə Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanışlıq oldu.


24.12.2023-cü il tarixli səfərdə “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasının və Bərdə-Ağdam avtomobil yolunun açılış, Ağdam rayonunda Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimi oldu. Ağdam şəhərində salınacaq dördüncü və beşinci yaşayış komplekslərinin, Ağdam şəhər Mərkəzi parkının, Ağdamın Qiyaslı, Salahlı Kəngərli və Baş Qərvənd kəndlərinin təməlqoyma mərasimləri keçirildi. Ağdamda “İmarət” Kompleksində aparılan təmir-bərpa işləri, Ağdam şəhərinin daxili yollarında aparılan işlərlə tanışlıq oldu. 

25 aprel 2024-cü il tarixli səfər də yaddaşlara yazıldı. Azərbaycan və Qırğızıstan prezidentlərinin Ağdam şəhərinə səfəri, Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq, Ağdam Cümə məscidinin bərpadan sonra açılışı, Ağdam Konfrans Mərkəzi ilə tanışlıq, Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimi, Ağdamda Şahbulaq qalasına baxış, Azərbaycan və Qırğızıstan prezidentlərinin birgə naharı unudulmaz hadisələrdir.

28.05.2024-cü il tarixli səfər Ağdam rayonunun Tağıbəyli, Güllücə, Nəmirli və Şotlanlı kəndlərinin təməlqoyma mərasimləri ilə yadda qaldı.

19.09.2024-cü il tarixli səfərdə Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimi, Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanışlıq, Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq, yeni zavodların açılışları, Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışı, “Aghdam City Hotel”in açılışı, Ağdam şəhərində “İmarət” stadionunun təməlqoyma mərasimi, Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanışlıq, Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanışlıq unudulmaz hadisələr kimi xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı.

 



Facebook-da paylaş