• Təqvim

  • Maraq



Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlət fəaliyyətinin ayrılmaz tərkib hissəsidir!


Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə davamlı siyasətdir. Azərbaycanda sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir. Bu sahədə həyata keçirilən Dövlət Proqramları çərçivəsində zəruri qanunvericilik bazası yaradılmış, institusional islahatlar həyata keçirilmiş, ölkəmiz müvafiq beynəlxalq konvensiyalara qoşulmuşdur.

Məhz narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə Ümummilli Lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 26 avqust 1996-cı il tarixli 485 nömrəli Fərmanı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış və əsas vəzifəsi narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdən, bu sahədə dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirməkdən ibarətdir.

1996-cı ildə ölkəmizdə aparılan köklü hüquq islahatları çərçivəsində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə də xüsusi diqqət ayrılmışdır. Bu sahədə mübarizənin gücləndirilməsi üçün qanunvericilik bazası tamamilə təkmilləşdirilmiş, onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli iş görülmüşdür. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsindəki münasibətləri tənzimləyən və ya bu sahə ilə bağlı olan 36 Qanun, Azərbaycan Respublikası Prezidentinin 13 Fərmanı, 53 Sərəncamı, Nazirlər Kabinetinin 23 Qərarı, 5 Sərəncamı, Ali Məhkəmənin Plenumunun qərarları, o cümlədən müxtəlif orqanların birgə aktları qəbul edilmişdir. 

BMT-nin “Narkotik vasitələr haqqında” 1961-ci il, “Psixotrop maddələr haqqında” 1971-ci il və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il tarixli Konvensiyalarına Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ratifikasiya edilmişdir. 28 iyun 2005-ci ildə “Narkotik vasitələr, psixotrop maddələr və prekursorların dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul olunaraq ölkə başçısı tərəfindən imzalanmışdır. Bu qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir. 

Dövlət siyasətinin əsasını təşkil edən insan, vətəndaş amili daim dövlət başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Əhalinin sağlamlığının yüksək səviyyədə qorunması prioritet məsələlərdəndir. Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərimizə diqqət və qayğı isə daha mühüm vəzifə kimi qeyd edilir. Gənclər arasında idmanın, mədəni-kütləvi tədbirlərin genişləndirilməsində, idmana marağın artırılması naminə inşa olunan idman komplekslərinin tikilməsində də əsas məqsədlərdən biri sağlamlığın təmin edilməsi ilə yanaşı, insanların bu cür ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılmasına nail olmaqdır. Azərbaycan gəncliyinin bu gününə və gələcəyinə xidmət edən Dövlət Proqramlarının müddəalarında bu kimi tələblər öz əksini tapıb.  

Ümumbəşəri bəla olan narkomaniya ilə mübarizə bu gün respublikamızın bütün regionlarında qəbul edilmiş Dövlət Proqramı əsasında uğurla həyata keçirilir, narkomaniya problemi bütün ciddiliyi ilə ön plana çəkilir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onun prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir.

Ümumiyyətlə, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını bir-birindən fərqləndirmək üçün ilk öncə onların anlayışlarına nəzər yetirmək lazımdır. Qeyd olunan anlayışlar “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində öz təsbitini tapmışdır. Belə ki, 

1.0.1. narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir.

1.0.2. psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır.

1.0.3. prekursorlar - narkotik vasitələrin və psixotrop maddələrin hazırlanması məqsədilə istifadə edilən kimyəvi maddələr və onların duzları, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə yuxarıda göstərilən kateqoriyalara aid edilmiş və idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan kimyəvi maddələr və onların duzlarıdır.

Bildiyimiz kimi, narkotika gəlirli sahə olduğundan onun daha çox Avropaya daşınması həyata keçirilir. İstehsal edilmiş narkotik vasitələri Avropa və digər ölkələrdəki qara bazara çıxarmaq üçün daim yeni-yeni marşrutlar axtarırlar. Azərbaycanın coğrafi mövqeyi, yəni narkoistehsalçı Asiya ölkələri ilə Avropa ölkələri arasında yerləşməsi, əlverişli quru, hava, dəniz və dəmir yolu nəqliyyat şəbəkələri onları özünə cəlb edir. Məhz böyük narkokartellər Mərkəzi Asiyadan (xüsusən də, Əfqanıstandan) Avropaya narkotikin tranzit nəqlini Azərbaycan ərazisindən keçirməklə tranzit dəhliz kimi cəhd göstərilir. Həmin əməllər transmilli cinayət olduğundan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək məqsədilə ölkə ərazisində bu sosial bəlanın kifayət qədər qarşısının alınması, eyni zamanda narkotiklərin külli miqdarda respublikamızın ərazisindən tranzit kimi istifadə etməklə digər ölkələrə daşınması ilə məşğul olan şəbəkəni müəyyənləşdirmək, onların cinayətkar əməllərini ifşa etmək və fəaliyyət marşrutlarının qarşısını almaq üçün hüquq-mühafizə orqanları öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmaqla bunu daim nəzarətdə saxlayırlar. 

Bütün bunları nəzərə alaraq, sözügedən Qanunun 24-cü müddəası buna əsas verir: narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və onların prekursorlarının qanunsuz idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına qarşı mübarizəni həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəzarətli göndərişi həyata keçirmək, göndərilən yükləri, poçt göndərişlərini yoxlamaq, nəzarət qaydasında narkotik vasitələri və psixotrop maddələri almaq və qanunla nəzərdə tutulmuş digər əməliyyat-axtarış tədbirlərindən istifadə etmək hüququna malikdirlər.

“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunla təsdiq edilmişdir. Qeyd olunan siyahıya əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələr və psixotrop maddələrdən şəxsi istehlak miqdarından artıq və külli miqdarda istifadə etməsi müəyyən edilmişdir. Siyahıda göstərilən şəxsi istehlak miqdarından az çəkidə olan qanunsuz olaraq narkotiklərin qanunsuz dövriyyəsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur.

Narkotik vasitələrin qanunsuz dövriyyəsini özündə ehtiva edən məsuliyyət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-240-cı maddələrində öz əksini tapmışdır. Belə ki, CM-nin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarında əldə etmə və ya saxlama əməlinə görə bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur.   

CM-nin 234.2-ci maddəsi isə satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma adlanır ki, həmin əmələ görə şəxsə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilir. 

Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma CM-nin 234.3-cü maddəsində öz təsbitini tapmışdır. Həmin cinayət hüquqi xarakterli hərəkətlər görə üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.

20 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının CM-yə edilmiş köklü əlavə və dəyişikliklər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olan fəsildən də yan keçməmişdir. Odur ki, son dövrlər narkotik vasitədən istifadə edən şəxslərin yaş həddinin gəncləşməsi, narkotik vasitələrdən təhsil və ya səhiyyə müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində, yaxud həbs yerlərində törətmə halların qarşısının alınması kimi qanunvericilikdə olan boşluğun aradan qaldırılması məqsədilə CM-nə 234.3-1-ci maddəsi və ona müvafiq olaraq dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası əlavə edilmişdir. 

Sözügedən maddənin 4-cü hissəsində isə 234.2 və 234.3-cü maddəsində nəzərdə tutulmuş əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda törədilməklə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bundan başqa, CM-nin qeyd olunan fəsilində Narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını talama və ya hədə-qorxu ilə tələb etmə (CM 235-ci maddə), Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə (CM 236-cı maddə), Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (CM 237-ci maddə), Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlama (CM 238-ci maddə), Narkotik vasitələri və psixotrop maddələri əldə etmək hüququ verən reseptləri tibbi göstəricilər olmadan qanunsuz vermə və ya saxtalaşdırma (CM 239-cu maddə) və Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi (CM 240-cı maddə) əməllərinə görə azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları tətbiq edilir. 

Şəxsi istehlak miqdarından az çəkidə narkotik vasitənin qanunsuz dövriyyəsi inzibati məsuliyyətə səbəb olduğundan İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Belə ki, həmin Məcəllənin 206-cı maddəsində qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə hüquq-mühafizə orqanları tərəfindən cinayət-hüquqi xarakterli cəzaların təyin edilməsinə nail olunsa da, cəmiyyətdə bu cür sosial bəlanın yayılmasının qarşısının mütləq şəkildə alınmasında keyfiyyətli profilaktik tədbirlərin rolu çox böyük əhəmiyyət kəsb edir. Sağlam cəmiyyət üçün narkomaniyaya qarşı profilaktika sistematik olmalı və kütləvi xarakter daşımalıdır. Odur ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə hər kəs vətəndaşlıq borcunu yerinə yetirməklə bu sahədə öz səylərini əsirgəməməlidir.

Qasım AĞAYEV,

Qazax rayon prokurorunun müavini,

kiçik ədliyyə müşaviri



Facebook-da paylaş