• Təqvim

  • Maraq

Qazaxda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində şəhər məktəblərinin şagirdləri arasında intellektual yarış keçirilib

Mayın 22-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin dəstəyi ilə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində şəhər məktəblərinin şagirdləri arasında intellektual yarış keçirilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən intellektual yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova yarış iştirakçılarına uğurlar arzu edib, yarışın qaydaları haqqında məlumat verib və intellektual yarışın keçirilmə məqsədindən danışıb. Bildirib ki, gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, onların milli-mənəvi dəyərlərimiz, tariximiz haqqında biliklərinin artırılması istiqamətində təşkil edilən bu cür tədbirlər gənclərimiz tərəfindən maraqla qarşılanır, onların biliklərinin dərinləşməsinə xidmət edir.

Şəhər məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət komandaların iştirak etdiyi yarışda milli-mənəvi dəyərlərimiz, Azərbaycan tarixi, mədəniyyəti, Zəfər salnaməsi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti, memarlıq nümunələrimiz haqqında mövzular üzrə suallar səsləndirilib.

Maraqlı mübarizə şəraitində keçən yarışda fərqlənən məktəbin komandası I, II, III yerlərə layiq görülüb, Fəxri Fərman və hədiyyələrlə təltif ediliblər. Digər komandalar isə fəal iştirakına görə sertifikatlarla təltif ediliblər.

Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin komandası ən çox suala düzgün cavab verməklə I yerə layiq görülüb, komandanın üzvlərinə Fəxri Fərman və hədiyyələr verilib. 




Facebook-da paylaş


{sape_links}