Qazaxda “Müstəqilliyimizin qorunub saxlanması Heydər Əliyevin tarixi missiyası idi” adlı tədbir keçirilib
Tədbirdə Qazax rayon mədəniyyət müəssisələrinin direktor və əməkdaşları iştirak ediblər. Müstəqilliyimizin keçdiyi tarixi inkişaf yolunu əks etdirən kitablardan ibarət sərgi nümayiş etdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Müstəqillik gününə həsr olunmuş film nümayiş etdirilib. Sonda Canalı kənd Diyarşünaslıq evinin müdiri Reyhan Omarova Ulu Öndərə həsr etdiyi şeirini söyləyib.
Mayın 25-də Qazax Rayon Heydər Əliyev Mərkəzində Qazax rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimizin qorunub saxlanması Heydər Əliyevin tarixi missiyası idi” adlı tədbir keçirilib. 


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək xalqımızın milli istiqlal uğrunda apardığı mübarizədən danışıb. O, bildirib ki, 1918-ci il mayın 28-də müsəlman şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür. Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi. 1918-ci ildə Şərqdə ilk demokratik Respublikanın qurulması xalqımızın azadlıq və müstəqillik iradəsinin təntənəsi idi. Cəmi 23 ay mövcud olsa da Xalq Cumhuriyyəti dövlətçilik tariximizdə silinməz iz qoymuş, müasir Azərbaycanın əsasını təşkil edib. Təəssüf ki, 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə əldə etdiyimiz müstəqillik xarici hərbi müdaxilə nəticəsində itirilib. Lakin azadlıq ideyası həmişə xalqımızın qəlbində yaşayıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndərin xilaskarlıq missiyası sayəsində ictimai-siyasi böhrandan çıxaraq inkişaf yoluna qədəm qoyub. Yalnız 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyev respublikamızda siyasi hakimiyyətə qayıtdıqdan sonra, onun böyük uzaqgörənliyi, zəngin idarəetmə təcrübəsi və qətiyyəti sayəsində Azərbaycanın əsl müstəqilliyi təmin edilib. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünyada öz layiqli yerini tutub. Dövlətimizin güclənməsi və ölkəmizin uğurları müstəqilliyimizin nəticəsidir.
Qazax Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoruFəridə Xudiyeva çıxış edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, dövlətçilik tariximizdə mühüm rol oynayıb. Həmin dövrdə, dövlət bayrağı, himni və gerbi qəbul edilib, milli ordu yaradılıb, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət ayrılıb. Ən vacib addımlardan biri isə qadınlara seçki hüququnun verilməsi idi. Bütün bu xidmətlər Azərbaycanın demokratik dəyərlərə önəm verdiyini göstərirdi.
Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova çıxış edərək bildirib ki, xalqın millət kimi formalaşmasının ən mühüm göstəricisi müstəqil milli dövlətin yaranmasıdır. AXC tariximizin böyük və parlaq mərhələsi kimi millətimizin və dövlətimizin özünün təsdiqi oldu. 1918-ci ildə Azərbaycanın gələcəyini düşünən insanların və xalqın dəstəyi ilə demokratik əsaslı milli dövlət yarandı.
Qazax rayon Mədəniyyət mərkəzinin direktoru Zahidə Həsənova çıxış edərək bildirib ki, bu gün Azərbaycan güclü, inkişaf edən və dünyada tanınan bir dövlətdir. Müstəqil dövlətdə yaşamaq, müstəqil dövlət olmaq ən böyük səadətdir. Müstəqilliyin qorunması və daha da möhkəmləndirilməsi hər bir Azərbaycan vətəndaşının borcudur. 28 May - Müstəqillik Günü hər birimizə azadlığın və müstəqilliyin nə qədər qiymətli olduğunu bir daha xatırladır.
M.P.Vaqifin və M.V.Vidadinin Xatirə Muzeyinin direktoru Məhruzə Hüseynova 28 May Müstəqillik Gününün əhəmiyyətindən danışaraq bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanın müstəqillik dayaqlarını daha da möhkəmləndirib. Bu gün artıq ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. Üçrəngli bayrağımız dövlətimizin gücünün və xalqımızın milli birliyinin nişanəsi kimi bütöv Azərbaycanda, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə, ən yüksək zirvələrdə dalğalanır.


Facebook-da paylaş














