Qazaxda “Narkomaniyaya yox deyək!” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib
Dekabrın 28-də Qazax Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə "Narkomaniyaya yox deyək!” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında "Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiya”sı tərəfindən keçirilən tədbirdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə əlaqədar görülmüş işlərdən danışılıb. Narkomaniyanın törətdiyi fəsadlardan, narkotik vasitələrin zərərlərindən, insan və cəmiyyət üçün yaratdığı problemlərdən geniş şəkildə bəhs edilib.
Gənclər Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul şəxsləri, Rayon Prokuroru Rauf Gözəlov, Polis Şöbəsinin rəisi Sənan Əsədov, Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, idarə, müəssisə, təşkilat rəhbərləri və müavinləri, şəhər məktəblərinin direktorları, psixoloqları və yuxarı sinif şagirdləri, Qazax Rayon Gənclər və İdman İdarəsinin, Qazax Gənclər evi sosial xidmət müəssisəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin rəhbərləri və gəncləri, Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra narkomaniya və onun törətdiyi fəsadlardan bəhs edən videoçarx nümayiş olunub.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri Məmməd Alıyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi təbriklərini, xoş arzularını çatdırıb. Tədbirin məqsəd və əhəmiyyətindən danışan M.Alıyev qeyd edib ki, bu gün burada toplanmağımızın əsas məqsəd və məramı bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya, yəni ağ ölümə qarşı mübarizə tədbirlərini daha da möhkəmləndirmək və təkmilləşdirməkdir. Bu problemin vurduğu zərərin həcmi çox böyük olmaqla həm narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyasına, həm də onun müxtəlif cinayətlər törətməsinə, həmçinin cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarır. Bütün dünyada bununla bağlı heç də asan olmayan mübarizə getsə də, insanlıq üçün böyük bəla olan narkomaniya hələ də yayılmaqda davam edir. Bu gün dünyada narkomaniyanın gəncləşməsi prosesi gedir. Pul qazanmaq naminə onlar insanları, xüsusilə uşaqları ölümə aparan bu pis vərdişə alışdırırlar. Narkotik maddələrin gənc nəsillər arasında daha tez yayılması təhlükəsini nəzərə alaraq, dünyanın bir çox ölkələri "Narkotiksiz gələcək naminə” milli proqramlar qəbul edir. Bu proqrama təhsil ocaqlarında, hüquq-mühafizə orqanlarında, təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirmə kampaniyaları daxildir. Bu kampaniyalar kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsilə aparılır. M.Alıyev bildirib ki, ölkəmiz narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni tənzimləyən, beynəlxalq hüquq normalarını tam və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə "Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, "Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmuş və bu cinayətlərə qarşı mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür.
Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan birinci müavin bu sahədə olan mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Respublika Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib ki, bunun bariz nümunəsidir. Bundan əlavə, bu bəla ilə mübarizə tədbirlərinin daha da təkmilləşdirilməsi məqsədilə avqustun 27-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun rəhbərliyi ilə, respublikanın şəhər və rayon İcra Hakimiyyətlərində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalarının sədrlərinin iştirakı ilə "Narkomanlığa qarşı mübarizədə şəhər və rayon komissiyalarının rolu” mövzusunda videokonfrans formatında görüşkeçirilib.
Tədbirdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı şəhər və rayon komissiyaları tərəfindən görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr müzakirə edilmiş və rayonlar üzrə göstəricilər qeyd edilmişdir. M.Alıyev vurğulayıb ki, bundan sonrakı fəaliyyətdə də 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramının və Komissiyasının İş Planının müvafiq bəndlərinin icrasına nəzarəti daha da artırmalı, narkomanlığa qarşı mübarizədə koordinasiya işini gücləndirməli, yeniyetmə və gənclər arasında aparılan maarifləndirmə işlərinin davamlılığını təmin etməliyik. Həyata keçirilən tədbirlərin nəticəsini təhlil edərək qiymətləndirməli və bu istiqamətdə mütəmadi olaraq müzakirələr aparmalıyıq. Təbliğat işlərinin təsirliyinin artırılması istiqamətində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın mütəmadi xarakter daşımasına çalışmalıyıq. Üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməli, birlikdə mübarizə aparmalı, maarifləndirici və profilaktik tədbirlər həyata keçirməliyik. Birinci müavin rayon rəhbərliyi tərəfindən bütün sahələrə olduğu kimi, narkomaniya ilə mübarizə sahəsini də daim diqqət mərkəzində saxladığını, ilk gündən barışmaz mövqedə olduğunu qeyd edib. Pandemiya dövrünə qədər belə maarifləndirmə tədbirlərinin keçirildiyini, illər öncə aparılan mübarizə tədbirlərinin bundan sonra da davam etdiriləcəyini, bu cür görüşlərin daha sıx təşkil ediləcəyini vurğulayıb. "Bu gün müstəqil Azərbaycanın inkişafı, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbənin qorunması naminə ölkəmizin sizin kimi sağlam ruhda, əqidədə olan gənclərə ehtiyacı var. Gələcəyimiz siz gənclərin əlindədir”, - deyən M.Alıyev sonda bir daha gəncləri narkotik vasitələrdən uzaq durmağa səsləyib.
Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov çıxış edərək iştirakçıları salamlayıb, keçirilən tədbirin məqsəd və əhəmiyyətini qeyd edib. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Polis rəisi sağlam cəmiyyətin formalaşması istiqamətində ən ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verib. İstər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan maarifləndirmə tədbirlərinin bu gün aktual xarakter daşıdığını, hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd edib. Ölkəmizdə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində müvafiq tədbirlərin keçirildiyini qeyd edən polis rəisi bugünkü tədbirin də məhz bu məqsədə xidmət etdiyini qeyd edib.
Daxili İşlər Nazirliyinin Daxili İşlər Orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən mübarizə tədbirlərindən söz açan polis rəisi cari ilin 11 ayında 3 tondan çox qanunsuz narkotik vasitənin dövriyyədən çıxarıldığını qeyd edib. Polis rəisi bildirib ki, əsrin bəlasına çevrilən "ağ ölüm” zəmanəmizin ən aktual problemləridən biri olaraq qalır. Azərbaycanda da narkotik vasitələrdən istifadəyə görə, yüzlərlə insan sağalmaz xəstəliklərin və hətta ölümün qurbanına çevrilir. O, bir dəfə narkotikadan istifadə edən şəxsin artıq ondan asılı vəziyyətə düşdüyünü, hətta özü ilə bərabər xeyli sayda gənci də öz ətrafına toplaya bildiyini vurğulayıb. Ona görə də gənclər və yeniyetmələrin narkotik vasitələrdən bir dəfə istifadə etməsinə belə yol verməməyə çalışmalı olduğumuzu söyləyib. Bugünkü görüşün də əsas məqsədinin narkomaniyanın necə ağır bəla olduğunu məktəblilərə bir daha çatdırmaq olduğunu vurğulayıb. S.Əsədov sonda bir daha gələcəyimiz olan gəncləri zərərli vərdişlərdən uzaq durmağa, sağlam həyat tərzi keçirməyə, idmanla məşğul olmağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırıb. Polis rəisi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu diqqətə çatdırıb. Narkomaniya ilə mübarizənin təkcə hüquq-mühafizə orqanlarının deyil, cəmiyyətin hər bir vətəndaşının üzərinə düşən əsas iş olduğunu bir daha söyləyib. Bu sahədə hər kəsi kompleks şəkildə mübarizə aparmağa səsləyib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyamızı narahat edən problemlərdən biridir. Bu təhlükəli təzahür insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri müəyyən olunmuş, təşkilati-hüquqi və praktiki tədbirlər həyata keçirilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsini tənzimləyən normativ hüquqi baza təkmilləşdirilmiş, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq işlər görülmüş, ölkəmizin narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərində iştirakı daha intensiv xarakter almışdır. Narkomanlığın yayılması və qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə əhali arasında maarifləndirmə işləri gücləndirilmiş, belə xəstəliyə düçar olanlar müəyyən edilərək müalicəyə cəlb olunmuş, narkoxəssəli bitkilərin əkilib becərilməsi və yabanı bitənlərin erkən aşkarlanaraq məhv edilməsi sahəsində aidiyyəti orqanlar tərəfindən lazımi tədbirlər həyata keçirilmişdir. V.Nəbiyev qeyd edib ki, Azərbaycan dünyada dinamik inkişaf edən nadir ölkələrdəndir ki, əhalisinin əksər hissəsini gənclər təşkil edir. Azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişən bu nəsil, dövlətin iqtisadi və mədəni inkişafında mühüm rol oynayır, ildən-ilə öz potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir. Biliklərə əsaslanan iqtisadiyyatın qurulmasında, yeni texnalogiyaların tətbiqində, respublikamızda genişmiqyaslı islahatların gerçəkləşdirilməsində gənclərin rolu getdikcə artmaqdadır. İdarə rəisi bütün bunlarla yanaşı, narkotik vasitələrin qanunsuz dövriyyəsinin artması, narkotiklərlə bağlı cinayətlərin getdikcə daha ciddi problemlərə çevrilməsi və narkomaniyaya aludə olanlar arasında yeniyetmə və gənclərə də təsadüf edilməsini böyük təəssüf hissi ilə vurğulayıb. Qazax Rayon Gənclər və İdman İdarəsi olaraq rayonun hüquq-mühafizə orqanları, səhiyyə şöbəsi ilə sıx əlaqə saxlanıldığını, ali və orta ixtisas müəssisələrində, ümumtəhsil məktəblərində, kənd bələdiyyələrində narkomaniyanın insan sağlamlığına göstərdiyi zərərli təsirləri əyani vasitələrlə göstərmək üçün yeniyetmə və gənclərlə mütəmadi görüşlərin keçirildiyini vurğulayıb. Narkomaniyanın insan sağlamlığına vurduğu sağalmaz xəstəlikləri özündə əks etdirən əyani vəsaitlər, kitabçalar, proşuralar və flayerlər paylanıldığını diqqətə çatdırıb. İdarə rəisi gəncləri Azərbaycan dövlətinin möhkəmlənməsi, onun iqtisadi və müdafiə qüdrətinin yüksəldilməsi, gənc nəsil olaraq Vətənə layiqli vətəndaş kimi yetişmək üçün pis vərdişlərdən, xüsusilə də narkotik vasitələrdən uzaq durmağa çağırıb. Bunun üçün yeniyetmə və gənclərin kütləvi şəkildə idmana cəlb olunmalarını tövsiyə edib. Hazırda rayonda yaşayan yeniyetmə və gənclərin əksər hissəsinin idmanın ayrı-ayrı növləri üzrə məşğul olduqlarını, yüksək nəticələr əldə etdiklərini bildirib. Narkomaniya ilə mübarizə tədbirləri olaraq yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün vaxtaşırı ekskursiyalar, bilik yarışları, bayram tədbirləri, rəsm, inşa yazı, musiqi müsabiqələri, "Şahin”, ”Sərhəd” hərbi idman oyunları, idmanın müxtəlif növləri üzrə sportakiadaların, yarışların keçirildiyini qeyd edib. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə 2 UGİM, 1 UGİŞM, 5 İdman klubunun, 4 İdman Federasiyasının nümayəndəliklərinin, Olimpiya İdman Kompleksinin, Gənclər evinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Rəsm Qalareyasının, Mədəniyyət Mərkəzinin, klub və kitabxanaların və s. fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Yeniyetmə və gəncləri adı çəkilən təşkilatlarla sıx əlaqə saxlamağa, asudə vaxtlarını öz yaşıdları ilə birgə daha sağlam, daha şən və mənalı keçirməyə çağırıb.
Qazax Gənclər evi sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Ölkəmizdə narkomaniya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlərdən danışan natiq qeyd edib ki, BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən, 26 iyun "Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya Mübarizə Günü” kimi qeyd olunduğu üçün hər il həmin gün ayrı-ayrı dövlətlərin bu sahədə müsbət nəticələrə nail olması, ümumbəşəri problemlə mübarizə üsulları və narkomanlığın müalicə metodlarının təkmilləşdirilməsi barədə beynəlxalq fikir mübadiləsi aparılır. Azərbaycan tərəfinin bir sıra dövlətlər və beynəlxalq qurumlarla birgə fəaliyyəti və sıx əməkdaşlığı da uğurla həyata keçirilir. Rayonda narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərini qeyd edən natiq rəhbərlik etdiyi müəssisə olaraq daim bu sahəyə xüsusi diqqət ayrıldığını, gənclərin bəşəriyyətin bəlası olan narkotik vasitələrdən yayınması üçün mütəmadi olaraq maarifləndirmə tədbrləri keçirildiyini vurğulayıb.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, sağlam gənclik naminə keçirilən bugünkü tədbirin böyük əhəmiyyəti olduğunu bildirib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin dövlətin əsas istiqamətlərindən biri olmasından söz açan natiq bu gün Azərbaycan gəncləri üçün geniş imkanlar yaradıldığını diqqətə çatdırıb. "Güclü dövlətin parlaq gələcəyi sağlam gənclikdən asılıdır. Bir dövləti məhv etmək üçün onun sağlam gəncliyini məhv etmək lazımdır”, - deyən İ.Süleymanov gəncləri müstəqil Azərbaycanın bu günü, sabahı naminə narkotik vasitələrdən uzaq durmağa, xarici təsir altına düşməməyə çağırıb. Rəhbərlik etdiyi qurum tərəfindən görülən işlərdən danışan natiq Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Gəncə Regional Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə "Sağlam gəncliyimİZ", "Təmiz nəfəs, sağlam həyat!" layihələri çərçivəsində 7 Aprel - Beynəlxalq Sağlamlıq Gününə və 26 İyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbirlərkeçirildiyini qeyd edib. Növbəti ildə də bu sahədə olan mübarizə tədbirlərinin gücləndiriləcəyini bildirib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin könüllüsü, BDU-nun Qazax filialının tələbəsi Pəri İbrahimova çıxış edərək gənclərin sağlam gələcəyi naminə təşkil olunmuş tədbirə görə rayon rəhbərliyinə və tədbiri təşkil edənlərə gənclər adından minnətdarlığını bildirib. Bir gənc olaraq həmyaşıdlarını dövlətin, xalqın təhlükə mənbəyinə çevrilən, cəmiyyətin dəhşətli bəlası olan narkomaniya ilə mübarizədə aktiv olmağa səsləyib. Narkomaniya ilə mübarizə tədbirlərini gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qorumuş olduğumuzu söyləyib. Gənclərin dövlətçilik ruhunda yetişməsi, sosiallaşması, cəmiyyətə yararlı fərd olaraq formalaşması, onların bilik və bacarıqlarının, dünyagörüşlərinin genişləndirilməsi üçün könüllüsü olduğu Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi tərəfindən hər cür şərait yaradıldığını bildirib və gəncləri bu imkanlardan istifadə etməyə, yararlanmağa çağırıb.
Qazax Gənclər evi sosial xidmət müəssisəsinin könüllüsü, BDU-nun Qazax filialının tələbəsi Ramil Abdullayev çıxış edərək müasir dövrümüzün ən aktual problemlərindən biri olan narkomaniya ilə mübarizədə hər kəsin səfərbər olmalı olduğunu qeyd edib.
GOYEZEN.AZ
Facebook-da paylaş