• Təqvim

  • Maraq



Qazaxda Icra başçısı Rəcəb Babaşov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri sərhədçilərin təşkil etdiyi Zəfər bayramında iştirak ediblər


8 Noyabr – Zəfər Günü Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasında da qeyd olunub. 

Bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd diviziyasının komandiri, general-mayor Misir Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, hərbi hissənin şəxsi heyəti iştirak ediblər. 

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri qoyulub, şəhidlərimizə olan sonsuz ehtiram ifadə olunub. 

Qərargah rəisi polkovnik Muxtar Həmzəyev Əlahiddə Sərhəd Diviziyasının komandirinə raportla məruzə etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca tədbiri açıq elan edərək iştirakçıları, şəhid ailələrini və sərhədçiləri əlamətdar gün münasibətilə təbrik edib, səmimi ürək sözlərini bölüşüb. Aparıcı bu gün Azərbaycan Respublikasının tarixinə yazılmış əlamətdar günlərdən biri olduğunu, 8 Noyabr – Zəfər Gününü artıq 4 ildir ki, qalib xalqın nümayəndələr olaraq qeyd etdiyimizi söyləyib. Y.Qoca bildirib ki, Vətən müharibəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid olub, 197 nəfər yaralanıb və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Vətən müharibəsinin döyüş əməliyyatları zamanı rəşadət və şəxsi igidlik nümunələri göstərmiş 12 nəfər Azərbaycan sərhədçisi (onlardan 4 nəfər ölümündən sonra) "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, 176 nəfəri müxtəlif ordenlərlə, 5203 nəfəri isə müxtəlif medallarla təltif olunub.

Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd diviziyasının komandiri, Vətən müharibəsi iştirakçısı, Cəbrayılın və Zəngilanın azad olunmasında, həmçinin İran-Azərbaycan Dövlət Sərhəddinin 132 km məsafəsini işğaldan tam azad edərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raportla məruzə etmiş general-mayor Misir Əliyev çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini salamlayıb, şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə iştiraklarına görə razılığını ifadə edib. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramasını çatdıran M.Əliyev onun səmimi təbriklərini, sərhədçilərimizin ünvanına söylədiyi xoş sözləri səsləndirib. Müstəqil, qalib Azərbaycanın sərhədçiləri olaraq bundan sonra da sərhədlərimizin keşiyində ayıq-sayıq dayanacaqlarını, torpaqlarımızın ərazi bütövlüyü uğrunda səylə çalışacaqlarını vurğulayıb. 



Facebook-da paylaş