• Təqvim

  • Maraq



Qazaxda "Yaşıl dünyamızı sevək və qoruyaq!" adlı tədbir təşkil edilib


İyulun 11-də Azərbaycan Respublikasında  2024-cü ilin  “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Qazax rayon Mədəniyyət Mərkəzinin bağında Qazax Rayon İcra Hakimiyyətinin, Mədəniyyət Mərkəzinin, Mərkəzi Kitabxana Sisteminin və Qazax Dövlət Dram Teatrının əməkdaşlarının birgə təşkilatçılığı və iştirakı ilə "Yaşıl dünyamızı sevək və qoruyaq!" adlı tədbir təşkil edilib. 

Tədbirdə ətraf sahələr təmizlənib, ətraf mühiti çirkləndirən tullantılar yığılıb məhv edilib. Bu mövzu ilə bağlı tədbir təkcə Mədəniyyət Mərkəzində deyil, eyni zamanda, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qazax rayonunda  yerləşən muzeylərdə və Qazax Dövlət Rəsm Qalereyasında da təşkil edilib. Binaların  ətrafında təmizlik və abadlıq işləri həyata keçirilib.


Daha sonra mövzu ilə əlaqədar Mərkəzin akt zalında Qazax rayon mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirakı ilə dəyirmi masa təşkil edilib. 

Tədbirdə torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 


Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini bölüşüb. G.Həsənova 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı mövzuya uyğun məruzə ilə çıxış edib. O, məruzəsində bununla bağlı Qazax Rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi tədbirlər planından, rayonda keçirilən tədbirlərdən, görülən işlərdən ətraflı danışıb. Eyni zamanda, dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişikliklərindən, Azərbaycanın COP29 adlı mühüm bir konfransa ev sahibliyi etməsindən və ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasından söz açıb. G.Həsənova vurğulayıb ki, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamında qeyd edildiyi kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.


Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev çıxış edərək iştirakçıları salamlayıb, təşkil edilmiş dəyirmi masanın əhəmiyyətindən söz açıb. V.Vəliyev ölkəmizin bütün mötəbər tədbirlərə ev sahibliyi etdiyi kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirə də yüksək səviyyədə ev sahibliyi edəcəyini qeyd edib. 

Mövzu ətrafında çıxış edənlərdən Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova, Mədəniyyət Mərkəzinin metodisti Məfrubə Mehdiyeva çıxışlarında bu gün dünyanı narahat edən qlobal ekoloji problemlərin canlı aləmə, ətraf mühitə, ekologiyaya mənfi təsirinin, vurduğu zərərlərin qarşısını almaq məqsədilə görülən işlərdən danışaraq bu sahəyə diqqətin artırılmasını, beynəlxalq həmrəyliyin gücləndirilməsini, ölkəmizin bu təşəbbüsə qoşulmasını tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Natiqlər qeyd ediblər ki, ölkə Prezidenti tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili”  elan edilməsi bu sahəyə diqqətin artırılmasına, yaşıllıqların, meşə zolaqlarının salınmasına, su hövzələrinin təmizlənilməsinə, ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə artırılacağına bir çağırışdır.



Facebook-da paylaş