• Təqvim

  • Maraq



İcra başçısı şəhid Şərifə Talıbovanın anasının vəfatı ilə bağlı ailəsinə başsağlığı verib


Vətən, torpaq, böyük amallar uğrunda canından keçərək verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlayan qəhrəman oğullarımız Şəhidlik zirvəsinə ucaldılar. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb. 

Bu gün onu da təəssüf hissi ilə qeyd edirik ki, nəinki döyüş meydanında olan igid oğullarımız, eləcə də mülki sakinlərimiz də mənfur düşmənimiz olan ermənilərin vəhşiliyinin qurbanı olub. Sərhəddə yerləşən, daim atəş altında olan Quşçu Ayrım kəndində yaşayan Talıbova Şərifə Qəfər qızı kimi neçə-neçə mülki vətəndaşımız mənfur düşmənimizin kəndə atdığı top mərmisinin və güllənin qurbanına çevrilib. Şəhid Talıbova Şərifə Qəfər qızı 15 sentyabr 1963-cü ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdu. 1970-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1980-ci ildə həmin məktəbi bitirmişdi. Talıbova Şərifə Qəfər qızı 1 may 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən Quşçu Ayrım kəndinə atılan top mərmisinin qəlpəsindən şəhid olmuşdur. Ailəli idi, 2 övladı var. 

1 iyul 2024-cü il tarixdə şəhidimizin anası Ağamalıyeva Yaxşı Bayram qızı dünyasını dəyişmişdir. 


İyulun 2-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhid anasının vəfatı ilə bağlı Quşçu Ayrım kəndində olub. İcra başçısı mərhum Yaxşı Ağamalıyevanın vəfatından kədərləndiyini bildirib, şəhidimizin qardaşına, mərhumun övladlarına və yaxınlarına dərin hüznlə başsağlığı verib. İllər ötsə belə şəhidlərimizə olan sonsuz ehtiramın, sevginin heç zaman dəyişməyəcəyini, əksinə daha da artacağını bildirib. Nə qədər Azərbaycan xalqı var şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, şəhidlərimizlə yanaşı, onların ata və analarının da bizlər üçün doğma olduqlarını vurğulayıb.



Facebook-da paylaş