• Təqvim

  • Maraq



İcra başçısı şəhid kiçik leytenant İsrayıl Əfəndiyevin anasının üç mərasimində iştirak edib və ailəsinə başsağlığı verib


Vətən, torpaq, böyük amallar uğrunda canından keçərək verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlayan qəhrəman oğullarımız Şəhidlik zirvəsinə ucaldılar. Gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunması, şəhidlərini, Milli Qəhrəmanlarını tanıyaraq böyüməsi isə biz vətəndaşların çiyinlərinə böyük yük qoyur. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalı, şəhidlərimizi gələcək nəsillərə tanıtmalıdır. Vətənin müdafiəsi uğrunda canından keçən qəhrəmanlarımızı, igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətən yolunda Şəhidlik zirvəsinə ucalan mərd oğulları yad etmək, onların xatirələrini əziz tutmaq, adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb. 

Birinci Qarabağ müharibəsində şirin canından keçərək adını tarixə yazdıran, Şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də şəhid kiçik leytenant Əfəndiyev İsrayıl Süleyman oğludur.

Şəhid Əfəndiyev İsrayıl Süleyman oğlu 25 fevral 1964-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1971-ci ildə şəhid Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1981-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 1981-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, 1983-cü ildə tərxis olunmuşdur. 1983-cü ildə Bakı şəhəri Bədən Tərbiyə Texnikumuna qəbul olmuş, 1986-cı ildə texnikumu bitirmişdir. 1988-ci ildən 1993-cü ilə kimi Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbdə bədən tərbiyə müəllimi işləmişdir. 1994-cü ildə üç aylıq zabitlik kursuna göndərilmişdir. Həmin ildə kiçik leytenant rütbəsi alaraq 707 saylı hərbi hissəyə bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə təyin olunmuşdur. Xidməti dövründə hərbi hissə komandirinin döyüş tapşırıqlarını layiqincə yerinə yetirmişdir. 16 dekabr 1994-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində Babakər dağı istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 17 dekabr 1994-cü ildə İkinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn olunmudşur. Ailəli idi, 2 övladı var.

27 may 2024-cü il tarixdə şəhidimizin anası Əfəndiyeva Şahsənəm Alı qızı dünyasını dəyişmişdir. Mayın 29-da şəhid anasının üç mərasimi olub. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə şəhidimizin evində olub, şəhid anasının üç mərasimində iştirak edərək mərhumun ailəsinə başsağlığı verib.

İcra başçısı Rəcəb Babaşov mərhum Şahsənəm Əfəndiyevanın vəfatından kədərləndiyini bildirib, mərhumun övladlarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, Tanrıdan onlara səbir, dözüm diləyib. İllər ötsə belə şəhidlərimizə olan sonsuz ehtiramın, sevginin heç zaman dəyişməyəcəyini, əksinə daha da artacağını bildirib. Nə qədər Azərbaycan xalqı var İsrayıl kimi qəhrəmanlarımızın daim qəlblərdə yaşayacaqlarını, şəhidlərimizlə yanaşı, onların ata və analarının da bizlər üçün doğma olduqlarını vurğulayıb.



Facebook-da paylaş