Qazaxda “Müstəqil Azərbaycan dövlətçilik salnaməsinin ən şərəfli səhifələrini yaşayır” mövzusunda tədbir keçirilib
Oktyabrın 17-də Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqil Azərbaycan dövlətçilik salnaməsinin ən şərəfli səhifələrini yaşayır” mövzusunda tədbir keçirilib. Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, şəhid ailələri, veteranlar, idarə, müəssisə, təşkilatların rəhbər və əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, rayonun orta ümumtəhsil məktəbinin şagirdləri iştirak ediblər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. “Müstəqilliyin Bərpası Günü” başlıqlı kitab sərgisi və film nümayiş olunub. Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, təşkil olunmuş tədbirin əhəmiyyətindən söz açıb. C.Hüseynova bildirib ki, bugünkü tədbir bir sıra əlamətdar tarixlərə həsr olunub. Bildiyimiz kimi, Azərbaycan çox möhtəşəm tarixi günlər yaşayır. Savaşın da, barışın da qalibi sözün həqiqi mənasında dünya şöhrətli siyasi lider İlham Əliyevin diplomatiyası yaxşı mənada sərhədləri aşır. 15 oktyabr 2003-cü il tarixi ilə xalqımız öz doğru seçimini etdiyini 22 ilin uğurları təsdiq edir. Məhz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin keçdiyi dinamik inkişaf yolu, qüdrətli dövlətə çevrilməsi, möhtəşəm qələbə, Ulu Öndər Heydər Əliyevin əsaslarını müəyyən etdiyi siyasi kurs dövlətimiz və xalqımızın milli maraqlarının layiqincə təmin edilməsinin sübutudur. Eyni zamanda, bu gün ərazi bütövlüyünü və suverenliyini təmin etmiş bütöv Azərbaycan Qalib və Zəfər qazanmış bir dövlət olaraq müstəqilliyinin bərpa edilməsinin 34-cü ildönümünü qeyd edir. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi və müstəqilliyimizin bərpası günü kimi tariximizə yazıldı. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə səmimi ürək sözlərini çatdırıb. İcra başçısı bildirib ki, 2021-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu. Rayon rəhbəri vurğulayıb ki, XX əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün oldu. Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi. Azərbaycanı müstəqilliyə aparan yolda qəbul olunan ilk rəsmi sənəd 1991-ci il avqustun 30-na təsadüf edir. Həmin gün Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul olunmuşdur. Bunun ardınca Azərbaycan Respublikası Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edilmiş, Azərbaycan yenidən öz müstəqilliyinə qovuşmuşdur. Həmin Konstitusiya Aktının qəbul edilməsindən 34 il ötür. Təbii ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Amma xalqımız bu ağır günlərdə qətiyyət, möhkəm iradə nümayiş etdirərək öz taleyinə sahib çıxdı. 1993-cü ildə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan ardıcıl islahatlar həyata keçirməyə başladı, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və bunun ardınca ölkə iqtisadiyyatında bazar iqtisadiyyatı prinsipləri əsas götürülməyə başlandı. Nəticədə, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası təmin olundu. Dünyanın nüfuzlu şirkətlərinin, xüsusən böyük neft şirkətlərinin Azərbaycandakı karbohidrogen resurslarının işlənməsinə cəlb olunması dayanıqlı inkişafın əsasını qoydu. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu elan etdi. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirir. Azərbaycan hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır. Ölkəmizə yeni can verən Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndər Heydər Əliyevin bu arzusunu ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev reallaşdırdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində 30 illik həsrətə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində son qoyuldu, düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi. Artıq işğaldan azad olunmuş ərazilərimizə həyat qayıdır. Dövlət başçısının göstərişinə əsasən azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı icra olunur. Beləliklə, 20-ci yüzillikdə xalqımızın qazandığı ikinci qələbə nəticəsində 18 oktyabr Azərbaycan tarixinə iftixar hissi ilə yazılmış müqəddəs bir gündür. Çünki həmin gün Azərbaycan xalqı eyni əsrdə ikinci dəfə dövlətçiliyinin varlığını bəşəriyyətə sübut etmişdir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi baxımdan dünyanın qüdrətli dövlətləri siyahısındadır. Bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında dalğalanır. Özünün müdrik, uzaqgörən və qətiyyətli liderinin rəhbərliyi ilə möhtəşəm uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır və dönməzdir!. Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazaxın igid oğlu gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev çıxış edərək əvvəlcə tədbir iştirakçılarını 17 Oktyabr - Füzuli Şəhəri Günü münasibətilə təbrik edib, səmimi ürək sözlərini bölüşüb. Şəhid atası bildirib ki, Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. 44 gün ərzində apardığımz haqq savaşımız bizim müstəqilliyimizin, dövlətçiliyimizin hansı iradəyə, gücə, qüdrətə sahib olduğunu göstərdi. Bakı Dövlət Universitetinin Qazax filialında İctimai və təbiət fənlər kafedrasında müəllim, Əməkdar müəllim İndira Vəliyeva çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası ilə əldə edilən nailiyyətlər və o dövrdə ölkədə yaranmış dərin böhran müstəqilliyimizin taleyini təhlükə qarşısında qoymuşdu. Azərbaycanı bu təhlükədən yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi xilas etdi. Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın tarixini yaradan dahi şəxsiyyət, böyük lider, müstəqil dövlət qurmaq kimi çətin bir vəzifəni cəsarətlə öz öhdəsinə götürən və bunu bacaran müdrik, uzaqgörən, fədakar siyasətçi oldu. Ümummilli Liderin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyası gerçəkləşdirildi, müasir Azərbaycan dövlətinin qurulması prosesi başlandı və xalqımız həqiqi müstəqillik arzusuna çatdı. Müasir Azərbaycan dövlətinin qurucusu və memarı kimi Ümummilli Lider qısa zamanda misilsiz xidmətləri ilə tariximizin parlaq səhifəsini yazdı. Qazax Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri Fəridə Xudiyeva çıxış edərək bildirib ki, Azərbaycan tarixinin ən şərəfli və ən müqəddəs günü olan Müstəqilliyin Bərpası Günü hər bir vətəndaş üçün böyük bir sərvətdir. Müstəqillik bizim üçün sadəcə bir tarixi hadisə deyil, bu min illərlə formalaşan milli kimliyimizin, dilimizin, mədəniyyətimizin və azad yaşamaq istəyimizin təntənəsidir. Bu mühüm tarixi hadisə uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşmuş xalqımızın müstəqillik tarixində yeni dövrün başlanğıcıdır. Məhz Ulu Öndərin sayəsində dövlətimiz müstəqilliyin ilk illərində çətin sınaqlardan uğurla keçdi, siyasi sabitlik bərqərar edildi, iqtisadi inkişafın və dövlət quruculuğunun möhkəm təməlinin qoyulmasına nail oldu. Qazax rayon Azad Mikayılov adına Xanlıqlar kənd ümumi orta ümumtəhsil məktəbin tarix müəllimi Raya Mustafayeva çıxış edərək bildirib ki, bu gün Azərbaycan müdrik, uzaqgörən və qətiyyətli Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasətində böyük uğurlara imza atmaqdadır. Belə uğurların sayəsində İkinci Qarabağ müharibəsində məhz Azərbaycan qalib ölkə kimi bütün dünyaya öz haqq işini sübut etdi. İndi Azərbaycan tarixinin ən şərəfli və qürurlu günlərindən birini yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Azərbaycan müstəqil xarici siyasət həyata keçirən dövlət kimi etibarlı strateji tərəfdaş mövqeyi qazanaraq müasir dünyada qlobal məsələlərin həllində iştirak edən dövlətə çevrilib. Qazax rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta ümumtəhsil məktəbin tarix müəllimi Aygün Musayeva çıxış edərək bildirib ki, yeni əsrin və yeni minilliyin başlanğıcında müstəqilliyi qoruyub saxlamaq və Heydər Əliyev siyasətini davam etdirmək gücündə və iqtidarında olan Azərbaycanı Ulu Öndərin görmək istədiyi zirvələrə qaldıracaq lider İlham Əliyev 15 oktyabr 2003-cü il tarixində xalqın etimadı və dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilərək Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi ölkənin inkişafına rəhbərlik etməyə başladı. 22 il ərzində əldə olunan nailiyyətlər, dövlətçiliyimizin güclənməsi və artan beynəlxalq nüfuz bu seçimin tarixi doğruluğunu bir daha sübut etdi. Qazax Dövlət Sosial-İqtisadi Kollecdə Azərbaycan dili və ədəbiyyat müəllimi Türkan Allahverdiyeva çıxış edərək bildirib ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azırbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Bu gün biz azad, bütöv, suveren Azərbaycanın vətəndaşlarıyıq. Heydər Əliyev yolu öz davamçısı ilə daha parlaq bir gələcəyə doğru inamla irəliləyir. Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi Gülər Məmmədli çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Məhz dövlət başçısının qətiyyəti, iradəsi və yüksək bacarığı nəticəsində müstəqillik yolumuz tarixi Zəfərlə nəticələndi. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Qələbə qazanaraq, işğal altında olan torpaqlarımızı düşməndən azad etdi. Artıq Azərbaycanın hər bir bölgəsində şanlı üçrəngli bayrağımız qürurla dalğalanır. Tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir. Tədbirdə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta ümumtəhsil məktəbin şagirdləri Yusif Budaqov, Zəhra Yusubova, Zəhra Rəsulova, Yusif Abdullayev, Rəna Hacıyeva, Aysun Hacıyeva Vətənə, dövlətə, Azərbaycanın müstəqilliyinə həsr edilmiş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Sonda xatirə şəkli çəkdirilib.
Facebook-da paylaş