• Təqvim

  • Maraq



8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ərəfəsində Vətən müharibəsi şəhidi leytenant Mayis Yaqubovun əziz xatirəsi ehtiramla anılıb


Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu tərəfindən 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdik. Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı zəfər bütün dünyaya sübut etdi ki, Azərbaycan güclü dövlətdir və güclü ordusu var. Müzəffər Ordumuzun 2020-ci ilin 27 sentyabrında başlayan Zəfər yürüşü 8 noyabrda böyük tarixi Qələbə ilə nəticələndi, qədim Şuşa işğaldan azad edilməklə haqq savaşımız şanlı zəfərlə başa çatdı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər.


Qazanılan Qələbədə, Zəfərdə payı olan, Vətən uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, kəşfiyyatçı leytenant Yaqubov Mayis Rəhim oğludur. 

Oktyabrın 22-si 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan, ölümündən sonra  ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni“Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin ildönümüdür. İgid Vətən oğlunun şəhadətindən 5 il ötür. Bu gün Mayis Yaqubov kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur. Şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur.

8 Noyabr – Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tədbirlər Planına uyğun olaraq Daş Salahlı kəndində Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi leytenant Mayis Yaqubovun məzarı və yaşadığı evdə ailəsi ziyarət olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin əməkdaşları, şəhid ailələri, məktəblilər, gənclər şəhidimizin ildönümü mərasimində iştirak ediblər.

Öncə Daş Salahlı kəndində Şəhidlər Xiyabanında qəhrəman şəhidimizin məzarı ziyarət olunaraq tər qərənfillər düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.

Sonra Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbin 9b sinif şagirdi Rəna Mancanzadə5d sinif şagirdləri Çiçək Xəlilova, Mətanət Güliyeva, 6a sinif şagirdləri Aylin Abdullayeva, Yağmur Nəsibova, 2a sinif şagirdi Zəhra Abbasova, 8d sinif şagirdi Mənsurə Rəhimli qəhrəman şəhidimiz Mayis Yaqubova, eləcə də Vətən yolunda canlarından keçən bütün şəhidlərimizə həsr olunmuş şeir səsləndiriblər.

İgid Vətən oğlunun ata ocağında ailəsini ziyarət edən icra başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Rayon rəhbəri Vətən uğrunda canlarını fəda edən şəhidlərimizi yad etməyin hər bir azərbaycanlının mənəvi borcu olduğunu söyləyib. Vətən üçün canını fəda edən Mayis Yaqubov kimi igid Vətən oğullarının döyüşdə göstərdiyi qəhrəmanlığın hər kəs üçün örnək olduğunu, Mayis kimi oğullarımızın hər an bizim qəlbimizdə yaşayacağını qeyd edib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Mayis kimi qəhrəman şəhidimizə, qazilərimizə minnətdar olduğumuzu dilə gətirib. Bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu bildirib. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü qeyd edən icra başçısı şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib.

Şəhid Mayis Yaqubov 20 aprel 1998-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2004-cü ildə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. Mayis Yaqubov 2012-ci ildə oxuduğu məktəbin 8-ci sinifini bitirərək ən yüksək balla Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 3 il sonra təhsilini başa vurub. Sonrakı illərdə hərbi təhsilinin artırılması qayğısına qalıb. Bu məqsədlə də 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir. Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə leytenant rütbəsində xidmətə başlamışdır. "N" saylı hərbi hissədə xidmətə başlayandan 3 ay sonra Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinə keçib. Bunlar Mayis Yaqubovun hərbi təhsil dövrünün qısa xronikasıdır. Bu illərin arxasında mütəmadi təhsil, gərgin fiziki tərbiyə və böyük zəhmət durur. O, təhsildə olduğu kimi, xidmətdə də fərqlənib, 26 iyun 2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub. 

“N” saylı hərbi hissənin 2-ci xüsusi təyinatlı bölüyünün 1-ci xüsusi təyinatlı qrupunun komandiri olan leytenant Mayis Yaqubov 17 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid leytenantımız 22.10.2020-ci il tarixdə Daş Salahlı kəndində yerləşən Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan leytenantımızın göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Döyüş yoldaşlarının “Əjdaha” ləqəbi ilə çağırdığı 22 yaşlı kəşfiyyatçı leytenant Mayis Yaqubov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalları, 25 iyun 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. 

İgid Vətən oğlunun doğulduğu kənddə xatirəsini əbədiləşdirən bulaq-abidə kompleksi inşa olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimizin adı verilib.



Facebook-da paylaş