BDU-nun Qazax filialında 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib
Prezident, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün sonra tarixi Qələbə ilə başa çatan Vətən müharibəsi xalqımızın yaddaşına qızıl hərflərlə əbədi həkk olunub. O Vətən müharibəsi ki, hər günü torpaqlarımızın düşmən tapdağından azad edilməsi xəbəri ilə sevindirdi xalqımızı. O müharibə ki, noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad olundu. Qazandığımız tarixi Qələbədən 5 il ötməsinə baxmayaraq xalqımız şanlı zəfər dolu günləri qürurla xatırlayır. Tarixi qələbəyə görə Müzəffər Ali Baş Komandana, canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdarıq. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Ölkə Prezidentinin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i həm də Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunmaqdadır. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü silsilə tədbirlərlə qeyd edilir. Oktyabrın 21-də Qazax Rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib. Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov, filialın professor-müəllim heyəti, tələbələri, QHT-lər, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədov, şəhid ailələri, qazilər, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, gənclər, KİV nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə filialın foyesində Vətən yolunda canlarından keçən şəhidlərin xatirəsini əbədiləşdirən guşə ilə tanış olublar. Həmçinin, filialın məzunu olmuş Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Alpout kəndinin igid oğlu leytenant Məmmədov Məhəmməd Zakir oğlunun xatirəsinə yaradılmış guşəyə baxış keçirərək igid Vətən oğlunun əziz xatirəsini ehtiramla anıblar. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov tədbiri açıq elan edərək iştirakçıları, şəhid ailələrini salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi ürək sözlərini səsləndirərək xalqımıza daim qələbələr qazanmağı arzulayıb. 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş tədbirin əhəmiyyətindən söz açan A.Rüstəmov tədbirdə iştirakına və BDU-nun Qazax filialının kollektivinə hər zaman verdiyi yüksək dəyərə görə rayon rəhbərinə razılığını ifadə edib, dərin minnətdarlığını bildirib. A.Rüstəmov bu gün qalib ölkənin vətəndaşı olan hər kəsin, uşaqdan tutmuş böyüyə kimi hər bir azərbaycanlının 5 il öncə qazandığımız şanlı Zəfəri qürurla qeyd etdiyimizi, xalqımızın bu zəfəri əldə etmək üçün uzun illər çətin, keşməkeşli yol qət etdiyini, bu yolda şəhidlər verdiyimizi, neçə-neçə Vətən oğullarının sağlamlığından keçdiyini söyləyib. A.Rüstəmov Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun Azərbaycanı müstəqil dövlət kimi, torpaqlarımızı işğaldan azad edilmiş görmək olduğunu söyləyib. Prezident İlham Əliyevin düşünülmüş siyasəti, möhkəm iradəsi sayəsində dahi şəxsiyyətin həmin arzularının gerçək olduğunu, ölkə başçısının rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə həmin arzunun reallaşdığını bildirib. A.Rüstəmov bugünkü şanlı Zəfərimizə görə Müzəffər Ali Baş Komandana, canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu olduğumuzu qeyd edib. A.Rüstəmov filialın məzunu olmuş Vətən müharibəsi şəhidi leytenant Məmmədov Məhəmməd Zakir oğlunun və 19-20 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuş leytenant Orucov Niftalı Qəfər oğlunun timsalında bütün şəhidlərimizlə hər zaman qürur duyulduğunu, onların adlarını yaşatmaq, tələbələrə, gələcək nəsillərə tanıtmaq üçün filial rəhbərliyi olaraq əllərindən gələni əsirgəmədiklərini qeyd edib. Filial direktoru bugünkü tədbirin də əsas məqsədinin məhz 5 il öncə qazandığımız şanlı zəfəri, tarixi qələbəni, qürur dolu anları bir daha yenidən xatırlamaq, hər kəs üçün müqəddəs olan Zəfər bayramının əhəmiyyətini gənclərə çatdırmaq olduğunu bildirib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, qarşıdan gələn 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri ölkə başçısının tapşırığına əsasən 8 Noyabr - Zəfər Gününün silsilə tədbirlərlə qeyd olunduğunu, şanlı zəfərimizin beşinci ildönümünün bu il də yüksək səviyyədə qeyd ediləcəyini vurğulayıb. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Tədbirlər Planı hazırlandığını, bugünkü dəyirmi masanın da həmin Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərdən olduğunu söyləyib. İcra başçısı əsası Ulu Öndər tərəfindən qoyulan ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsinin 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində şahidi olduğumuzu qeyd edib. Azərbaycan Ordusunun sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktından sonra Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək və Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədilə əks-hücum əməliyyatına başladığını və cəmi 44 günə şanlı tarix yazdığını söyləyib. Rayon rəhbəri Azərbaycan xalqının və dövlətinin 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində qazandığı tarixi Qələbəni gələcək nəsillərə çatdırmaq üçün mühüm addımlar atdığını, Respublika Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamını bunun bariz nümunəsi kimi qiymətləndirib. Artıq 5 ildir ki, həmin Sərəncama əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr tarixinin Azərbaycanda Zəfər Günü kimi qeyd edildiyini söyləyib. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuzun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisasını aldığını, onların qanının yerdə qalmadığını bildirib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi və Xocalı şəhərinin separatçılardan təmizləndiyini, qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində bu gün Azərbaycan dövlətinin suverenliyini tam bərpa etdiyini, doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağının dalğalandığını qeyd edib. Bu gün qalib Azərbaycan xalqının işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd etdiyini, qürurlu xalq olaraq ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edildiyini diqqətə çatdırıb. Rayon rəhbəri bildirib ki, 2024-cü ilin ən yaddaqalan hadisələrindən biri - Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması oldu. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. "Ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, Birinci vitse-prezident Mehriban xanım qazilərimizin yarası Azərbaycan xalqının yarasıdır deyirsə, bu, hər bir dövlət məmuru üçün nümunə olmalıdır", - deyən icra başçısı Qazaxda bütün şəhidlərimizin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətini vurğulayıb. M.Yusifov 2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin möhkəm təməl üzərində siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqiyə, inkişafa nail olduğunu qeyd edib. Natiq bildirib ki, Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, Azərbaycan Bayrağının Şuşada, Xankəndidə və digər azad olunmuş ərazilərimizdə dalğalanması idi. Artıq bu arzu reallığa çevrilib. Dövlət başçısı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanı daha da gücləndirdi, qələbəyə doğru inamla apardı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olunub. Qarabağın tacı Şuşanın işğaldan azad edildiyi tarix Zəfər Günü, 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən birgünlük antiterror əməliyyatları nəticəsində suverenliyimizin tam bərpa edildiyi gün - 20 sentyabr Dövlət Suverenliyi Günü kimi tarixə yazıldı. Artıq işğaldan azad olunmuş həmin ərazilərimizə yeni həyat qayıdıb. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə rayonlarında, digər müqəddəs torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı icra olunur. Bu gün Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir ki, bu, düşmənə göz dağı olmaqla yanaşı, həm də bütün dünyaya həmin doğma yurda yeni həyatın qayıtdığını göstərir. Görülən işlər Azərbaycan dövlətinin gücünü, qüdrətini, iqtisadi imkanlarını nümayiş etdirir. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, qalib Azərbaycan xalqının vətəndaşı, Azərbaycan Ordusunun sıralarında xidmət edərək şanlı zəfərin qazanılmasında payı olan bir qazi kimi qürur dolu anlardan söhbət açıb, xatirələrini bölüşüb. 5 il öncə azadlığı uğrunda sağlamlığını itirərək qazi olduğu Füzuli rayonundan, orada həyata keçirilən bərpa və yenidənqurma işlərindən danışıb. “Mən özümü xoşbəxt hesab edirəm ki, Azərbaycan Ordusunun zabiti kimi haqq savaşımız olan 44 günlük Vətən müharibəsində iştirak edərək az da olsa torpaqlarımızın azad olunmasında töhfə vermişəm. Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmışam və bu gün də dövlətimə xidməti dünən səngərdə olduğu kimi şərəflə davam etdirirəm. Çox şükürlər olsun ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin canı, qazilərimizin qanı hesabına Qarabağ torpaqları azaddır, bu gün o torpaqlar yenidən dirçəlir, öz doğma sakinlərini qarşılayır. İşğaldan azad olunmuş ərazilərə qayıdış və yenidənqurma prosesi Prezidentin rəhbərliyi ilə uğurla davam etdirilir”, - deyən S.Çobanov səmimi ürək sözlərini bölüşüb. O, 44 günlük Vətən müharibəsində ordu-xalq birliyinin, xalqımızın öz rəhbərinin ətrafında bir yumruq tək birləşdiyinin şahidi olduğunu, bütün bunların hərbçilərimizə döyüş zamanı stimul olduğunu, döyüşə qatılan hər bir əsgərə irəli getməyə güc verdiyini söyləyb. S.Çobanov gənclərin hər zaman olduğu kimi, bundan sonra da Prezident, Müzəffər Ali Baş Konandanın siyasətini dəstəkləyəcəklərini, dəmir yumruq ətrafında sıx birləşəcəklərini vurğulayıb. Gənclərin bu amal uğrunda birləşməsi, əldə edilən şanlı zəfəri dərindən öyrənməsi, şəhidlərimizi, qazilərimizi tanıması, tanıtdırması üçün bu cür tədbirlərin təşkil edilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək şəhid ailələri qarşısında baş əydiyini, Vətən yolunda canlarını fəda edən oğullarımızı ehtiramla yad etdiyini, 8 Noyabr - Zəfər Gününü bu gün qürurla qeyd ediriksə onlara borclu və minnətdar olduğumuzu söyləyib. Ə.Məsmalıyev bildirib ki, ölkəmizə yeni can verən Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərimizin bu arzusunu da Prezident İlham Əliyev reallaşdırdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olunub. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. Ölkəmizin qüdrətini nümayiş etdirən daha bir hadisə 2023-cü il sentyabrın 19-20-də baş verdi. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın qeyri-qanuni erməni silahlı birləşmələrindən təmizlənməsi və ərazilərimizdəki qondarma rejimin ləğv edilməsi istiqamətində başlatdığı lokal xarakterli antiterror tədbirləri qısa müddətdə böyük uğurla nəticələndi. Qeyri-qanuni erməni silahlı birləşmələrinin tərk-silah olunması, qondarma rejimin özünü buraxdığını elan etməsi ilə Azərbaycan bütün ərazilərində suverenliyini bərpa etdi. Beləliklə, bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında qürurla dalğalanır. Müdrik, uzaqgörən və qətiyyətli Liderin rəhbərliyi ilə möhtəşəm nailiyyətlərə imza atan xalqımız 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə bütün dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycanın müstəqilliyi sarsılmazdır, əbədidir və dönməzdir! Birinci Qarabağ müharibəsi veteranı, ehtiyyatda olan mayor, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon şöbəsinin sədri Xasay Balayev çıxış edərək qarşıdan gələn 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi ürək sözlərini bölüşüb. X.Balayev Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərilən dövlət qayğısından söz açaraq həmin qayğının Qazax rayonunda da hər zaman hiss olunduğunu, bu qayğının görülən işlərdə, həyata keçirilən tədbirlərdə öz real əksini tapdığını bildirib. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyinə razılığını ifadə edib. İkinci dərəcəli Vətən müharibəsi əlili, ehtiyatda olan mayor, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş Xəyyam Əliyev çıxış edərək 8 Noyabr - Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. “Mən Ümummilli Lider Heydər Əliyevin zamanında böyüyən gənclərdən olmuşam. Məhz bu səbəbdən də dahi şəxsiyyətin adını daşıyan məktəbi bitirdikdən sonra ön xətdə səngərdə xidmət etmişəm. Hər bir Azərbaycan vətəndaşının istəyi kimi mən də hər zaman işğal altında olan torpaqlarımıza baxıb kədərlənmişəm. Fikirləşmişəm ki, nə vaxt bu torpaqları azad edəcəyik. 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin torpaqlarımızı düşməndən azad etmək üçün əmr verəndə bir vətəndaş, bir hərbçi kimi döyüşlərə qatıldım. Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralandım. Bizim zəfərimiz sentyabrın 27-dən başladı. 44 günlük bir yol qət etdik, şəhidlərimiz oldu, qazilərimiz oldu və sonunda qələbə qazandıq. Bu gün qürurla deyə bilirik ki, zəfər sözü şəhidlərimizin qanı ilə yazıldı. Mənim döyüş yoldaşlarım, silahdaşlarım şəhid oldular. Bu gün qürurluyam ki, torpalarımızın azad olunması ilə onların qisası döyüş meydanında alındı. Bu gün bir qazi kimi işğaldan azad olunmuş torpaqları ziyarət edən zaman çox qürurlanıram. Məni qürurlandıran isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həmin torpaqların yenidən qurulması, bərpa-quruculuq işlərinin aparılmasıdır”, - deyə X.Əliyev fikirlərini səsləndirib. Filialın məzunu olmuş, fəal gənc, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova çıxış edərək gənclər adından səmimi ürək sözlərini bölüşüb. “Bu gün biz bir millət kimi, bir ürək kimi, Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbənin 5 illiyini qeyd edirik. Qazax RİH yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri olaraq bu gün burada - Vətən müharibəsində qazanılmış böyük Qələbənin beşinci ildönümü münasibətilə təşkil olunmuş dəyirmi masada çıxış etmək mənim üçün həm ən dərin qürur duyduğum anlardan biridir, həm də ürəyimdə daşıdığım bütün hissləri, xatirələri və öhdəlikləri sizinlə bölüşmək üçün bir vəsilədir, çünki bu məsələ yalnız tarixi bir yubiley deyil, bizim kimliyimizin, məramımızın və gələcəyimizə verdiyimiz sözün təcəssümüdür. Beş il əvvəl Azərbaycan xalqı tarixi bir səhifə yazdı. O gün, 8 noyabr 2020-ci ildə, Ali Baş Komandanın rəhbərliyi altında Şuşanın azad edilməsi xəbəri gəldi və o xəbər bütün Azərbaycan evlərinə işıq, hər bir qəlbə sevinc, hər bir insana nəfəs gətirdi. Şuşa bu gün mədəniyyət və yaradıcılığın şəhəridir. Burada keçirilən Xarıbülbül festivalı, beynəlxalq forumlar, Üzeyir Hacıbəylinin ev-muzeyinin, Bülbülün və Natəvanın büstlərinin bərpası – bütün bunlar şəhərin tarixi ruhunu, milli irsimizi və gəncliyin enerjisini əks etdirir. Artıq Şuşa Azərbaycanın, Türk və İslam dünyasının mədəniyyət paytaxtıdır. Bu, yalnız rəsmi addımlar deyil, həm də gənclərin fəallığı və şəhərə olan sevgisinin nəticəsidir. Mən Şuşada olan zaman doğma yurdun yenidən qurulmasını gördüm. Hər bir məktəb binası, xəstəxana, mehmanxana, turizm obyekti, yaşayış kompleksi bizim gələcəyimizin, uşaqlarımızın və gəncliyimizin təhsil, sağlamlıq və mədəniyyətlə zəngin həyatının təminatıdır. Burada görülən işlər, açılan obyektlər və həyata keçirilən layihələr bizim millət olaraq qalibiyyətimizin və iradəmizin göstəricisidir. 44 gün davam edən Vətən müharibəsi, üç minə yaxın şəhidimizin canını Vətən uğrunda qurban verməsi, ordumuzun və xalqın birlikdə qələbəyə doğru irəliləməsi – bunlar tarixin qəhrəmanlıq səhifələridir. Biz bir evdən iki şəhid verən xalqın nümayəndələriyik, amma bu xalqın Ordusu Şuşanı azad etdi və Azərbaycanın milli iradəsini əbədi təsdiqlədi. Bu Zəfər yalnız Ali Baş Komandanın rəhbərliyi ilə deyil, hər bir gəncin, hər bir vətəndaşın sədaqəti və əməyilə qazanıldı. Gənc olaraq orada həm fədakarlığı, həm əzmkarlığı, həm də milli birlik ruhunu gördüm. Günlərlə davam edən ekoaksiyalar, bərpa layihələrinin izlənməsi, tarixi abidələrin qorunması – bunlar gəncliyin Vətən qarşısında məsuliyyətini, sevgisini və gücünü göstərir. Biz bilirik ki, Şuşanı sevmək kifayət deyil – onu qorumaq, bərpa etmək və gələcəyə daşımaq bizim vəzifəmizdir”, - deyə fəal gənc fikirlərini bölüşüb. Bakı Dövlət Universitetinin Qazax flialının Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi ixtisasının IV kurs tələbəsi, Vətən müharibəsi iştirakçısı ölkə başçısının müvafiq sərəncamları ilə “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş Qılınc Cəfərov çıxış edərək ötən illər ərzində mənfur düşmənimiz olan ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətləri bir gənc olaraq heç zaman unutmadığını bildirib. 44 günlük Vətən müharibəsində qazandığımız Qələbənin, şəhidlərimizin, qazilərimizin, hərbçilərimizin döyüş meydanındakı qəhrəmanlıqlarının heç zaman unudulmayacağını qeyd edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun tərkibində 44 günlük Vətən müharibəsində iştirak etdiyi, qazanılan qələbədə az da olsa pay sahibi olduğu üçün qürur duyduğunu söyləyib. Bugünkü tədbirin onun üçün mühüm əhəmiyyət daşıdığını, bu cür tədbirərin şəhidlərimizə olan sonsuz ehtiramın, qazilərimizə olan hörmətin əyani təzahürü olduğunu qeyd edib. Q.Cəfərov 20 oktyabr tarixini Zəngilan Şəhəri Günü kimi qeyd etdiyimizi, bu tarixin həm xalqımızın, həm də zəngilanlıların yaddaşına əbədi həkk olunan bir gün oduğunu söyləyib. Gənc həmçinin, Zəngilan rayonunda həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat verib.
Facebook-da paylaş