"Əjdaha" ləqəbli kəşfiyyatçı
"Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan qəhrəmanlarımız minlərlədir. Vətən yolunda ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalan oğullarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab edilir və bu sahədə nümunəvi işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.
Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib.
Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.
Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş leytenant Yaqubov Mayis Rəhim oğlu haqqında yer almış "Əjdaha" ləqəbli kəşfiyyatçı sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik...
"Əjdaha" ləqəbli kəşfiyyatçı
Müharibəyə həsr olunmuş filmləri daha çox sevirdi Mayis. Ən çox sevdiyi kino isə xalq qəhrəmanı Qaçaq Nəbiyə həsr olunmuş "Atları yəhərləyin" filmi idi. Xüsusilə filmdəki "Anama deyin, balası gələr" sözləri ilə başlayan mahnını daha çox sevirdi. Anası Ruhiyyə xanım danışır ki, Mayis hər dəfə o kinoya baxıb mahnıya qulaq asanda deyirdi ki, elə bil, bu mahnı mənə həsr olunub. Onun bu mahnını sevməsini bütün hamı bilirdi. Ona görə də həyatın sonrakı dönəmində, Mayis müharibədə olanda qohum-qonşular anasına təskinlik verərək deyirdilər ki, darıxma, balan gələcək. Gözləyirdi, başqa çarəsi də yox idi Ruhiyyə xanımın. Gözləyirdi ki, oğlu bir gün gələcək...
Kəşfiyyatçı leytenant Yaqubov Mayis Rəhim oğlunun cəmi 22 il davam edən, amma bir insan ömrünə sığmayan ömür kitabı çox zəngin, əhatəli və qürurvericidir. Bu kitabın hər səhifəsinə bir dastan yazılıb - gənc, amma çox təcrübəli bir kəşfiyyatçının ömür-gün dastanı.
Evlərində otaqlardan birinin baş tərəfində Mayisin şəkillərindən, sənədlərindən, şəxsi əşyalarından ibarət bir guşə düzəldilib. Hər baxdıqca insanı başqa bir aləmə aparan bu guşədə hər şey Mayisə aiddir. Bu əşyaların hər biri bir tarix, hər biri qiymətli bir xatirədir. Böyüdülüb çərçivəyə salınmış şəkillərdən pəhləvan cüssəli, boy-buxunlu bu gənc qürurla, şəstlə bizə baxır. İnana bilmirsən ki, o, artıq həyatda yoxdur.
Mayis Yaqubov 1998-ci ilin yaz aylarında Qazax rayonunun Daş Salahlı kəndində gəlmişdi dünyaya. Aprelin 20-də doğulanda hamı gözaydınlığı vermişdi ata-anasına. Mayis ailənin ilk övladı, evin böyük oğlu idi. Uşaqlığı qayğısız və mənalı keçir, xoşbəxt böyüyürdü. Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbə oxumağa gedəndə boy-buxunu, qoçaqlığı ilə yaşıdlarından seçilirdi. Hələ uşaq vaxtında ondan "Gələcəkdə nəçi olacaqsan?" deyə soruşanda, düşünmədən: "Hərbçi olacağam" - deyə cavab verirdi.
Atası Rəhim kişi danışır:
- Hərbi sahəni Mayis özü seçmişdi. Oxumağa meyli olsa da, idmanı daha çox sevirdi. Uşaq vaxtından bağımızdakı ağaclara bıçaq, balta atırdı. Soruşanda da: "Mən kəşfiyyatçı olacağam, onda bunlar mənə lazım gələcək" deyirdi. Hər gün 3-4 saat idman edirdi. Yorulmaq bilmirdi.
Mayis Yaqubov 2012-ci ildə oxuduğu məktəbin səkkizinci sinifini bitirərək ən yüksək balla Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil oub və 3 il sonra təhsilini başa vurub. Sonrakı illərdə hərbi təhsilinin artırılması qayğısına qalıb. Bu məqsədlə də 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq 4 il oxuyub. 2019-cu ildə həmin məktəbi bitirərək leytenant rütbəsi alıb. "N" saylı hərbi hissədə xidmətə başlayandan 3 ay sonra Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin tərkibinə keçib. Bunlar Mayis Yaqubovun hərbi təhsil dövrünün qısa xronikasıdır. Bu illərin arxasında mütəmadi təhsil, gərgin fiziki tərbiyə və böyük zəhmət dayanır. O, təhsildə olduğu kimi xidmətdə də fərqlənib, komandirlərin verdiyi tapşırıqları yüksək səviyyədə yerinə yetirib. Bunun nəticəsidir ki, 26 iyun 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.
Mayis Yaqubovun qəhrəmanlığı ilə yazdığı döyüş salnaməsi isə daha şərəfli, daha qürurlu və qibtəedicidir. Onun döyüş yolu 2020-ci il oktyabrın 11-də Hadrutdan başlayıb. Burada düşmənin hücumunun qarşısını alandan sonra Füzulinin kəndlərinə doğru irəliləyiblər. Şəhərləri, kəndləri azad edib aldıqca ünvanlar da dəyişib, döyüşlər daha qızğın, daha şiddətli xarakter alıb. Buna baxmayaraq Mayis bütün döyüşlərdə mərdi-mərdanə vuruşub, düşmənə aman verməyib.
Döyüş yoldaşı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Nicat Abdullayev danışır ki, "Hərbi təlimata əsasən pulemyot yerə qoyulub atılır. Amma Mayis o qədər güclü, o qədər şücaətli idi ki, döyüşdə pulemyotu məndən alıb ayaq üstə atırdı". Ona görə də ona yoldaşları "Əjdaha" ləqəbi vermişdilər.
Bu yerdə Ruhiyyə xanımın bir sözü yadıma düşür. Danışır ki:
- Mayis uşaq yaşlarında mənə deyirdi ki, ana, mənə bir nağıl danış. Elə nağıl danış ki, orada əjdaha olsun. Ona görə ki, mən əjdaha olacağam.
Nicat Abdullayev cəbhə yoldaşı olmuş Mayis Yaqubovun apardığı sonuncu döyüşdən söz açır. Deyir ki:
- Oktyabrın 17-də Xocavəndin Tuğ kəndində düşmənin güclü müqavimətinə rast gəldik. Buna baxmayaraq, onları darmadağın etdik. Biz düşmənin səngərini alan zaman Mayis minaatan silahdan atılmış mərminin qəlpəsindən ayağından ağır yaralandı. Mən onu səngərə doğru apardım. Bu zaman səngərə daha bir mərmi düşdü. İlk yardım göstərsəm də, Mayisin həyatını qurtarmaq mümkün olmadı. İgid döyüşçü gülümsəyə-gülümsəyə vuruşma meydanında şəhid oldu. Sanki bununla Mayis ölümün üzünə gülürdü.
"N" saylı hərbi hissənin 2-ci xüsusi təyinatlı bölüyünün 1-ci xüsusi təyinatlı qrupunun komandiri leytenant Mayis Yaqubov 17 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Mayis Yaqubovun igidliyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Döyüş yoldaşlarının "Əjdaha" ləqəbi ilə çağırdığı kəşfiyyatçı, leytenant Mayis Yaqubov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə", 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə", 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalları, 25 iyun 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisindəki adsız olan küçələrdən birinə Mayis Yaqubovun adı verilmişdir.
Facebook-da paylaş