Qazaxda şəhid ailələri üçün ehsan süfrəsi açılıb və “Vətəni canından əziz bilənlər” kitabının təqdimatı olub
Dekabrın 29-da Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid ailələri üçün ehsan süfrəsi açılıb. Eyni zamanda, Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayılın şəhidlərə həsr etdiyi “Vətəni canından əziz bilənlər” kitabının təqdimatı olub.
“Qazax” şadlıq sarayında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsinin, eləcə də ondan sonrakı dövrlərdə həlak olmuş şəhidlərin ailələri, ziyalılar, KİV nümayəndələri iştirak ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vətən yolunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca çıxış edərək şəhid ailələrini və rayon rəhbərliyini salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. Y.Qoca bugünkü görüşün əsas məqsədinin Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Tovuz döyüşləri, 44 günlük Vətən müharibəsi, 13.09.2022-ci il tarixdə erməni silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində və xidməti vəzifələrini icra edərkən şəhid olmuş qəhrəman oğullarımızın ailələri ilə 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalmış oğullarımızın ailələrini tanış etmək, eyni zamanda, Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayılın şəhidlərə həsr etdiyi “Vətəni canından əziz bilənlər” kitabının təqdimatını etmək olduğunu bildirib. Aparıcı Azərbaycan xalqına şanlı zəfər, tarixi qələbə bəxş edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, onun rəhbərliyi altında qəhrəmanlıq göstərən əsgər və zabitlərimizə, canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdar olduğumuzu söyləyib. Y.Qoca Qazax rayonundan Qarabağ müharibəsində ümumilikdə 348 nəfərin Şəhidlik zirvəsinə ucaldığını qeyd edib. Onlardan 282 nəfərin Birinci Qarabağ müharibəsində, 3 nəfərin Aprel döyüşlərində, 3 nəfərin Birinci Qarabağ müharibəsindən sonrakı dövrlərdə xidməti vəzifələrini yerinə yetirərkən, 1 nəfərin Tovuz döyüşlərində, 49 nəfərin Vətən müharibəsində, 1 nəfərin Vətən müharibəsindən sonrakı dövrdə xidməti vəzifəsini yerinə yetirərkən, 1 nəfər mülki şəxsin minaya düşərək, 3 nəfərin 2022-ci ilin sentyabr ayının 13-də erməni təxribatı nəticəsində, 5 nəfərin isə 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olduğunu vurğulayıb. Həmin şəhidlərdən ümumilikdə 78 nəfərin, onlardan 22 nəfəri Birinci Qarabağ müharibəsi şəhidləri, 56 nəfəri isə Vətən müharibəsi şəhidləri olmaqla, müxtəlif adda orden və medallarla təltif edildiklərini diqqətə çatdırıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini salamlayıb, dəvəti qəbul edib tədbirdə iştirak etdiklərinə görə minnətdarlığını bildirib, səmimi ürək sözlərini bölüşüb. Rayon rəhbəri qarşıdan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün və Yeni ilin gəldiyini qeyd edərək bu ildə onlara sağlam can arzulayıb, 2024-cü ilin qansız-qadasız, müharibəsiz bir il olmasını diləyib. Tədbirin əhəmiyyətindən danışan icra başçısı bugünkü görüşün şəhid ailələrinin bir-birini tanıması, bir süfrə ətrafında görüşməsi üçün təşkil olunduğunu qeyd edib. Rayon rəhbəri bugünkü tədbirin Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Tovuz döyüşləri, 44 günlük Vətən müharibəsi, 13.09.2022-ci il tarixdə erməni silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində və xidməti vəzifələrini icra edərkən şəhid olmuş qəhrəman oğullarımızın ailələri ilə 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalmış oğullarımızın ailələrini tanış etmək, eyni zamanda, "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayılın şəhidlərə həsr etdiyi “Vətəni canından əziz bilənlər” kitabını təqdim etmək üçün keçirildiyini söyləyib. Rayon rəhbəri Aprel döyüşlərində, Tovuz döyüşlərində, 44 günlük Vətən müharibəsində, 2022-ci il sentyabrın 12-dәn 13-nə keçən gecə Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də digər vaxtlarda Vətən uğrunda canlarından keçən, qanları ilə dastan yazan oğullarımızın adlarını əbədiləşdirən kitabda yazılanların gələcək nəsillərə əsl nümunə, örnək olduğunu bildirib. Nəfis tərtibatı ilə seçilən kitabın həm də müəllif tərəfindən qələmə alınmış yazıları ilə də diqqət çəkdiyini söyləyib. Gələcək nəsillərin kitabı oxuyarkən hər bir şəhidimizin həyatı, keçdiyi döyüş yolu haqqında ürək yanğısı ilə yazılmış hekayələrdən vətənpərvərliyi, Vətəni sevməyi öyrənəcəyini qeyd edib. İllər ötsə də “Qanları ilə dastan yazanlar”, “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimizin də yaşayacağını vurğulayıb. Kitab haqqında ürək sözlərini bölüşən rayon rəhbəri müəllif Elçin İsmayılın əməyini yüksək qiymətləndirib, qazaxlı ziyalılar, eləcə də rayon ictimaiyyəti və şəhid ailələri adından minnətdarlığını bildirib.
Rayon rəhbəri 15 oktyabr 2023-cü il tarixinin Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazıldığını, 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağının qaldırıldığını qeyd edib. Müzəffər Ali Baş Komandanın söylədiyi “Bu gün Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir” sözlərinin hər kəsi qürurlandırdığını vurğulayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin cari ilin 17 oktyabr tarixində Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səsləndirdiyi “Biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdilər. Gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Şəhidlərin qəhrəmanlığı unudulmazdır. Belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur. Əziz şəhidlərimizin xatirəsinə dərin ehtiramımızı ifadə edirik. Bu günə görə biz onlara borcluyuq. Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. Hərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Gənc nəsil də bunu bilməlidir. Bu gün məktəbdə oxuyan uşaqlar da bunu bilməlidir. Bilməlidir ki, bizim xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə inanıb, ordusuna inanıb” fikirlərinin bu gün hər birimizə nümunə olduğunu söyləyib. İcra başçısı bildirib ki, bu gün qalib, qəhrəman xalq olaraq qürurla danışırıqsa, bu adı daşıyırıqsa, bu, şəhidlərimizin qanı, qazilərimizin canı bahasına olub, buna görə onlara borcluyuq. Rayon rəhbəri qeyd edib ki, bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu borclu və minnətdarıq. “Şəhid ailəsi bilməlidir ki, onlara göstərilən qayğı tək bir il üçün deyil, nə qədər Azərbaycan xalqı var, Azərbaycan dövləti var şəhid ailələri daim diqqət mərkəzində olacaq. Sizin övladlarınız tarix yazdılar, tarixi yaşatdılar”, - deyən rayon rəhbəri şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, onlarla hər kəsin qürur duyacağını söyləyib. İcra başçısı Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından söz açıb. "Ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, Birinci vitse-prezident Mehriban xanım qazilərimizin yarası Azərbaycan xalqının yarasıdır deyirsə, bu, hər bir dövlət məmuru üçün nümunə olmalıdır", - deyən icra başçısı bu gün bir dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizin ailələri ilə süfrə ətrafında görüşməyi özünə borc bildiyini dilə gətirib. "Siz şəhid ailələri ilə bir süfrə ətrafında oturmaq bizim üçün fəxr və qürurvericidir. Sizin övladlarınızı, Vətən torpaqlarını canı bahasına azad edən şəhidlərimizi yad etmək bizim mənəvi borcumuzdur”, - deyən icra başçısı şəhid ailələrinə göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib.
Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl çıxış edərək Qazaxda şəhid ailələrinə göstərilən qayğının hər zaman yüksək səviyyədə olduğunu qeyd edib. Müəllif kitabın da şəhidlərimizin adlarına layiq şəkildə çap olunduğunu vurğulayıb. “Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən, bizlərə Qələbə sevincini qanları hesabına bəxş edən hər bir şəhidimiz mənim kiçik qardaşım, öz oğlumdur”, - deyən E.İsmayıl şəhidlərimiz haqqında kitab yazmağın onun üçün şərəfli iş olduğunu söyləyib. Çətin və şərəfli işi ona həvalə etdiyinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Kitabın necə ərsəyə gəlməsindən söz açan müəllif kitabın qısa müddətdə yazıldığını, təkcə şəhidlərimizin tərcümeyi-hallarının deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazıldığını bildirib. E.İsmayıl 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabının 2021-ci ildə nəşr olunduğunu bildirib. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabının bu silsilənin davamı olduğunu söyləyib. Müəllif rayon rəhbərliyinin təşəbbüsü əsasında şəhidlərə həsr etdiyi “Vətəni canından əziz bilənlər” kitabı haqqında ətraflı məlumat verib. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazının yaradıldığını qeyd edib. Müəllif yeni kitabın 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edildiyini vurğulayıb. Müəllif qeyd edib ki, kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. Vurğulayıb ki, “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınmış, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. Müəllif kitabın 5 bölmədən, 304 səhifədən ibarət olduğunu qeyd edib. Kitabın ərsəyə gəlməsi üçün hər bir şəhid ailəsinin evində olduğunu, igid Vətən oğullarının həyat və döyüş yolunu, onlarla bağlı xatirələri ailələrinin dilindən dinlədiyini, hər bir xatirəni ürək yanğısı ilə qələmə aldığını söyləyib.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev çıxış edərək tədbir iştirakçılarını və şəhid ailələrini Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyevin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. X.Balayev şəhidlərimizə Allahdan rəhmət diləyib, ruhları qarşısında baş əydiyini söyləyib. Respublikamızda ölkə başçısı tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən qayğının Qazax rayonunda rayon rəhbərliyi tərəfindən yüksək səviyyədə yerinə yetirildiyini qeyd edib. X.Balayev rayonda şəhid ailələrinə, qazilərə verilən dəyərə, göstərilən diqqət və qayğıya görə sədri olduğu filialın çoxsaylı üzvləri adından rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Birinci Qarabağ müharibəsi şəhidi Şahin Süleymanovun anası Tamella Süleymanova çıxış edərək şəhid anası kimi bütün şəhid valideynlərinin qarşısında baş əydiyini, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzuladığını bildirib. "Bir arzum vardı ki, düşmən tapdağında olan torpaqlarımız azad olunsun, bu, bizim ən böyük təsəllimiz olsun. Bu gün torpaqlarımız azad olunub və o torpaqlarda üçrəngli bayrağımız dalğalanır. Əziz şəhid anaları, başınızı dik tutun. Başı uca gəzmək bizim haqqımızdır, oğullarımızın sayəsində biz qəhrəman analarıq”, - deyən şəhid anası bu gün övladı və onun kimi igid oğullarla fəxr etdiyini bildirib. T.Süleymanova şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla, rayon rəhbərliyinə razılığını ifadə edib.
Rayon rəhbəri şəhid ailələrinin oturduqları stollara yaxınlaşaraq onlarla görüşüb, səmimi ürək sözlərini bölüşüb.
Tədbirdə bir qrup əməkdaş Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib. Rayonun ictimai həyatında fəal iştirak etdiklərinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Hüseynova Nüşabə Teymur qızına, Azərbaycan Televiziyasının qərb bölgəsi üzrə nümayəndəsi, xüsusi müxbiri Nəbiyev Alməmməd Hacı oğluna, rayonun ictimai həyatında fəal iştirak etdiklərinə və şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Əmirov Akif İlham oğluna, BDU-nun Qazax filialının Mətbuat xidmətinin rəhbəri, “Göyəzən” qəzetinin baş redaktoru, “Tərəqqi” medalı ilə təltif olunmuş, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Məmmədov Elçin Məcid oğluna, Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı Süleymanov İlham Alı oğluna, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Balayev Xasay Rza oğluna, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Qazax rayon şöbəsinin sədri Məmmədov Azər Mirzə oğluna, şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Məmmədova Sevda Abbas qızına, Qazax rayon səhiyyə işçilərinin həmkarlar ittifaqı şurasının sədri Həsənova Sevda Hüseyn qızına, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Nəsibov Elçin Qurban oğluna Fəxri Fərmanlar təqdim olunub. İcra başçısı Fəxri Fərmanları təqdim edərək təltif olunanları təbrik edib, səmimi ürək sözlərini bölüşüb.
Facebook-da paylaş