• Təqvim

  • Maraq



Qazaxda şəhidlərə həsr olunmuş kitab onların təhsil aldıqları məktəbin müəllim və şagirdlərinə təqdim edilib


Vətən uğrunda, torpaqlarımızın ərazi bütövlüyünün tam olması üçün canlarından keçərək öz qanları ilə qəhrəmanlıq dastanı yazan oğullarımızın xatirəsi Qazax rayonunda hər zaman əziz tutulur. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq üçün hər zaman təqdirəlayiq işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən 2021-ci ildə yazılmış "Qanları ilə dastan yazanlar", 2023-cü ildə yazılmış “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən nümunəvi işlərdəndir.   

Bakı şəhərində, eləcə də Qazaxda şəhid ailələrinin iştirakı ilə keçirilən təqdimatlardan sonra sözügedən kitab şəhidlərimizin təhsil aldıqları məktəblərdə də müəllim və şagirdlərə təqdim olunur.

İlk təqdimat yanvarın 12-də 4 nəfər məzunu 44 günlük Vətən müharibəsində, 1 nəfər məzunu 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalmış Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseydə olub. 

Məktəb-liseydə qəhrəman şəhidlərimizə həsr olunmuş “Vətəni canından əziz bilənlər” kitabı əsasında hazırlanmış "Vətən mənə oğul desə nə dərdim" adlı tədbirdə igid Vətən oğullarına - baş leytenant Nəsibov Xaliddin Vaqif oğluna, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğluna, gizir Abdullayev Sərxan Elxan oğluna, gizir İsmayılov Tahir Niyazi oğluna, gizir Əhmədov Elvin Qələndər oğluna sonsuz ehtiram ifadə olunub.

Məktəbin akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, kitabın müəllifi, Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədov, təhsil işçiləri, rayon ziyalıları, şəhid ailələri, məktəbin müəllim-şagird kollektivi, KİV nümayəndələri iştirak ediblər. 

Tədbirdən əvvəl Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin həyətində şəhid məzunların - baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, gizir Abdullayev Sərxan Elxan oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun, gizir Əhmədov Elvin Qələndər oğlunun xatirəsinə inşa edilən bulağın önünə tər qərənfillər düzülüb, igid Vətən oğullarının əziz xatirələri ehtiramla anılıb. 

Sonra məktəbin foyesində şəhidlərimizin şəkillərindən ibarət guşəyə baxış keçirilib. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbirdə şanlı Zəfərimizə, tarixi Qələbəmizə həsr olunmuş videoçarx nümayiş etdirilib. 

Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktyoru Zəmanə Dərviş tədbiri açıq elan edərək başda şəhid ailələri olmaqla, iştirakçıları salamlayıb, səmimi ürək sözlərini bölüşüb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini salamlayıb, dəvəti qəbul edib tədbirdə iştirak etdiklərinə görə minnətdarlığını bildirib. Rayon rəhbəri 2024-cü ilin gəlişi münasibətilə səmimi ürək sözlərini bölüşüb, qansız-qadasız, müharibəsiz bir il olmasını diləyib. İcra başçısı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində, 44 günlük haqq savaşında tarixi zəfər qazandı. Bu gün fəxrlə deyə bilərik ki, uzaqgörən tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin hələ 2002-ci ildə dediyi “Bizim ordumuz güclüdür. Ordumuzun gücü günü-gündən artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir” fikri bu gün real həyat həqiqətinə çevrildi. Rayon rəhbəri 2020-ci ilin 27 sentyabrında Azərbaycana qarşı başlayan 44 günlük savaşda Qazaxdan olan həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə bərabər 1076 nəfər könüllü gəncimizin də səfərbərliklə döyüşlərə qatıldığını söyləyib. Qazax rayonundan torpaqlarımızın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində 49 nəfərin, 2022-ci il sentyabrın 12-dәn 13-nə keçən gecə tәxribatların qarşısının alınması zamanı 3 hərbçimizin, 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə lokal xarakterli antiterror tədbirləri zamanı isə 5 hərbçimizin qəhrəmancasına şəhid olduğunu vurğulayıb. Qazax rayonundan Qarabağ müharibəsində ümumilikdə 348 nəfərin Şəhidlik zirvəsinə ucaldığını qeyd edib. Qazax rayonu üzrə Birinci Qarabağ müharibəsindən sonra döyüşlər və xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş 57 nəfər hərbi qulluqçunun ümumilikdə 226 ədəd orden və medallarla təltif edildiyini, bunlardan 29 ədədinin orden və 197 ədədinin isə müxtəlif adda medallar təşkil etdiyini bildirib. 267 nəfər yaralı hərbçimizin ümumilikdə 614 ədəd orden və medallarla təltif olunduğunu, bunlardan 3 ədədinin orden, 611 ədədinin isə müxtəlif adda medallar təşkil etdiyini söyləyib. İcra başçısı şəhidlərin xatirəsinə rayon ərazisində ümumilikdə 58 bulağın inşa olunduğunu, eyni zamanda, şəhidlərimizin adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə 30 şəhidin adının verildiyini qeyd edib. 


İcra başçısı vurğulayıb ki, Qazax şəhərinin mərkəzində “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi salınmış, rayon üzrə səkkiz Şəhidlər xiyabanı əsaslı təmir edilərək yenidən qurulmuşdur. Qazax Tarix-Diyarşünaslıq Muzeyində, Bakı Dövlət Universitetinin Qazax filialında, Qazax Gənclər Evində, orta məktəblərdə, bütün muzeylərdə şəhidlərə həsr olunmuş guşələr hazırlanmışdır. Bununla yanaşı şəhidlərimizin adlarını tarixə həkk etmək məqsədilə "Qanları ilə dastan yazanlar", “Yarımçıq qalmış şeir dəftəri” və "Vətəni canından əziz bilənlər" adlı kitablar nəşr olunmuşdur. Rayon rəhbəri hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimiz kimi, Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin məzunu olmuş, Vətən müharibəsi şəhidləri - baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, tibb xidməti leytenatı Əfəndiyev Adil Qədir oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun, gizir Abdullayev Sərxan Elxan oğlunun, antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuş gizir Əhmədov Elvin Qələndər oğlunun da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla təltif olunduqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” medalları, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları, gizir İsmayılov Tahir Niyazi oğlunun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları, gizir Abdullayev Sərxan Elxan oğlunun “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları, gizir Əhmədov Elvin Qələndər oğlunun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, Daxili İşlər Nazirliyinin müvafiq əmrinə əsasən isə 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif olunduqlarını gələcəyimiz olan yeniyetmələrə çatdırıb. Tədbirin əhəmiyyətindən danışan icra başçısı bugünkü tədbirin "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayılın Aprel döyüşləri, Tovuz döyüşləri, 44 günlük Vətən müharibəsi, 13.09.2022-ci il tarixdə erməni silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində və xidməti vəzifələrini icra edərkən, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalmış oğullarımıza həsr etdiyi “Vətəni canından əziz bilənlər” kitabını gələcəyimiz olan gənclərə, məktəblilərə təqdim etmək üçün keçirildiyini söyləyib. Rayon rəhbəri Aprel döyüşlərində, Tovuz döyüşlərində, 44 günlük Vətən müharibəsində, 2022-ci il sentyabrın 12-dәn 13-nə keçən gecə Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də digər vaxtlarda Vətən uğrunda canlarından keçən, qanları ilə dastan yazan oğullarımızın adlarını əbədiləşdirən kitabda yazılanların gələcək nəsillərə əsl nümunə, örnək olduğunu bildirib. Nəfis tərtibatı ilə seçilən kitabın həm də müəllif tərəfindən qələmə alınmış yazıları ilə də diqqət çəkdiyini söyləyib. Gələcək nəsillərin kitabı oxuyarkən hər bir şəhidimizin həyatı, keçdiyi döyüş yolu haqqında ürək yanğısı ilə yazılmış hekayələrdən vətənpərvərliyi, Vətəni sevməyi öyrənəcəyini qeyd edib. Məktəblilərə qəhrəman oğullarımızın həyatından, döyüş yollarından nümunə götürməyi tövsiyə edən icra başçısı “Vətəni canından əziz bilənlər” kitabının məhz bu məqsədlə yazıldığını vurğulayıb. İllər ötsə də “Qanları ilə dastan yazanlar”, “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimizin də yaşayacağını qeyd edib. Kitab haqqında ürək sözlərini bölüşən rayon rəhbəri müəllif Elçin İsmayılın əməyini yüksək qiymətləndirib, qazaxlı ziyalılar, eləcə də rayon ictimaiyyəti və şəhid ailələri adından bir daha minnətdarlığını bildirib. Rayon rəhbəri qeyd edib ki, bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu borclu və minnətdarıq. “Şəhid ailəsi bilməlidir ki, onlara göstərilən qayğı tək bir il üçün deyil, nə qədər Azərbaycan xalqı var, Azərbaycan dövləti var şəhid ailələri daim diqqət mərkəzində olacaq. Sizin övladlarınız tarix yazdılar, tarixi yaşatdılar”, - deyən rayon rəhbəri şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, onlarla hər kəsin qürur duyacağını söyləyib. İcra başçısı Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından söz açıb. "Ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, Birinci vitse-prezident Mehriban xanım qazilərimizin yarası Azərbaycan xalqının yarasıdır deyirsə, bu, hər bir dövlət məmuru üçün nümunə olmalıdır", - deyən icra başçısı bugünkü tədbirdə iştirak etməyi özünə borc bildiyini dilə gətirib. İcra başçısı sonda qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi kimi, “Biz istədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik. Biz bundan sonrada qürur hissi ilə yaşayacağıq, müzəffər xalq, güclü dövlət, yenilməz ordu, güclü iradə sahibi kimi. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!”.


Kitabın müəllifi, Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl çıxış edərək Qazaxda şəhid ailələrinə göstərilən qayğının hər zaman yüksək səviyyədə olduğunu qeyd edib. Müəllif kitabın da şəhidlərimizin adlarına layiq şəkildə çap olunduğunu vurğulayıb. “Torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək bizlərə Qələbə sevincini qanları hesabına bəxş edən hər bir şəhidimiz mənim üçün doğmadır”, - deyən E.İsmayıl şəhidlərimiz haqqında kitab yazmağın onun üçün şərəfli iş olduğunu söyləyib. Çətin və şərəfli işi ona həvalə etdiyinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Kitabın necə ərsəyə gəlməsindən söz açan müəllif 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabının 2021-ci ildə nəşr olunduğunu bildirb. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabının da bu silsilənin davamı olduğunu vurğulayıb. Nəfis tərtibatı ilə seçilən kitabın şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edildiyini, qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-hallarının deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazıldığını qeyd edib. Ön söz müəllifinin dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazının yaradıldığını vurğulayıb. Yeni kitabın 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edildiyini söyləyib. Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlərin yer aldığını diqqətə çatdırıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yollarının ayrı-ayrılıqda qələmə alındığını, döyüş meydanlarında göstərdikləri igidliklərin geniş şəkildə işıqlandırıldığını söyləyib. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələrinin yazıldığını, onların şəhidlər haqqında dedikləri ürək sözlərinin qələmə alındığını bildirib. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunduqları orden və medalların şəkillərinin öz əksini tapdığını qeyd edib. E.İsmayıl qeyd edib ki, kitabda da qələmə aldığım kimi, “Kitabı yazarkən sizinlə eyni ömür yaşadım, igid oğullar. Kədərləndim, ağladım, döyüşdüm, qürurlandım, şərəfləndim, sizinlə. Gözü yaşlı analarla, "Təki Vətən sağ olsun" deyən atalarla, qardaş həsrətini çəkən bacılarla, gözü yolda qalan gəlinlərlə, atasını axtaran körpələrlə görüşüb söhbət elədim, duyğularını, xatirələrini kağıza köçürdüm ürək ağrısı ilə. Kitab bağladım müqəddəs adınıza - adınıza layiq əbədi bir kitab. Bilirəm, cild-cild kitablar yazsam da, dastanlar qələmə alsam da, yenə də azdır sizin igidliyiniz, qəhrəmanlığınız qarşısında”. Müəllif sonda qəhrəman oğullarımıza həsr etdiyi “Şəhidim” şeirini səsləndirərək şəhidlərimizi bir daha ehtiramla anıb. 


Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin direktoru Tahirə Comərdova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, şəhidlərimizin, şəhid ailələrinin ünvanına səmimi ürək sözlərini bölüşüb. T.Comərdova 4 il ötməsinə baxmayaraq xalqımızın qürur dolu anları bu gün də eyni sevinc hissi ilə xatırladığını, illər ötsə belə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində qazandığı tarixi Qələbəni heç zaman unutmayacağını söyləyib. T.Comərdova məktəb-liseyin kollektivi olaraq şanlı Zəfəri bizlərə bəxş edən şəhidlərimizin xatirəsini hər zaman əziz tutduqlarını bildirib. T.Comərdova Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin məzunlarından - baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, gizir Abdullayev Sərxan Elxan oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun 44 günlük Vətən müharibəsində, gizir Əhmədov Elvin Qələndər oğlunun isə 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə yüksəldiyini qeyd edib. Məktəbin həyətində həmin şəhid məzunların xatirəsinə bulaq inşa edildiyini söyləyib. T.Comərdova Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan şanlı zəfərdə məktəb-liseyin məzunlarının payının olduğunu, həmin oğullarla bütün müəllim-şagird kollektivinin fəxr edib, qürur duyduğunu söyləyib. Bu gün məktəbdə şəhid valideynlərinin gələcəyimiz olan şagirdlərə dərs dediklərini, şəhid övladlarının təhsil aldığını, igid Vətən oğullarının bizlərə əmanət etdikləri övladlarının daim diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayıb. Şəhidlərimizin əziz xatirəsini daim yad etməyin məktəb kollektivinin qarşısında duran ən ümdə vəzifə olduğunu, şəhidlərimizin ruhu, ailələri qarşısında baş əyildiyini diqqətə çatdırıb. Qəhrəman oğullarımıza həsr olunmuş “Vətəni canından əziz bilənlər” kitabının ərsəyə gəlməsində əziyyəti olan insanlara razılığını ifadə edən məktəb direktoru bu kitabda şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarının, həyatlarının qələmə alınmasını təqdirəlayiq hal hesab edib. Gələcəyimiz olan gənclərin həmin kitabda qeyd edilənləri oxuyaraq şəhidlərimizi daha yaxından tanıyacaqlarını, hər zaman yad edəcəklərini, sözügedən kitabın isə hər bir müəllimin, şagirdin sevə-sevə oxuduğu stolüstü kitabı olacağını söyləyib. 


Məktəb-liseyin məzunu olmuş, Vətən müharibəsi şəhidi, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Qarapapaq kənd sakini, şəhid baş leytenant Xaliddin Nəsibovun ibtidai sinif müəllimi Gülnarə Məmmədova çıxış edərək şəhid məzunun məktəb illərindən söz açıb. Xaliddinin ağıllı, tərbiyəli, mehriban şagird olduğunu, çalışqanlığı ilə öz yaşıdlarından fərqləndiyini bildirib. Xaliddinin vətənpərvər ruhda böyüdüyünü, Vətənini canı qədər sevdiyini, hərbçi ailəsində böyüdüyü üçün uşaqlıqdan Xaliddinin ən böyük arzusunun hərbçi olmaq, ən əsası da general rütbəsinə qədər yüksəlmək olduğunu söyləyib. Bu gün isə Xaliddin Nəsibovun ən uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəlməklə elə ən böyük arzusuna çatdığını, könüllərdə general Xaliddin kimi taxt qurduğunu vurğulayıb.   


Məktəb-liseyin məzunu olmuş, Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid tibb xidməti leytenantı Adil Əfəndiyevin sinif rəhbəri Arzu Abbasova çıxış edərək tədbirin ərsəyə gəlməsində əməyi keçən insanlara razılığını ifadə edib. A.Abbasova 44 günlük Vətən müharibəsinin Azərbaycanın hərb tarixinə yazılan şanlı səhifə olduğunu söyləyib. 44 günlük Vətən müharibəsində, ən son antiterror tədbirlərində şəhidlər versək də ərazi bütövlüyümüzün bərpa olunmasının qürur hissi ilə qarşılandığını, buna görə də Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuzu qeyd edib. Uca məqama yüksələn qəhrəman şəhid Adilin məktəb illərinin bu gün də gözləri önündə canlandığını söyləyib. Adilin məktəb illərindən, onunla bağlı xatirələrdən söz açan Arzu müəllim bildirib ki: “Mən Adilin həm sinif rəhbəri, həm də tarix müəllimi olmuşam. Adilin təhsil aldığı sinif güclü sinif idi, həmin sinifdə yaxşı oxuyan şagirdlər çox idi. Həmişə qabaq partada əyləşərdi. Ağbəniz, göyçək oğlan idi. Dərslərinə hər zaman yüksək səviyyədə hazırlaşırdı. Adildən soruşanda ki, hansı sahəni seçəcəksən ilk sözü o oldu ki, həkim olacağam. Sənin arıq, uzun əllərin, barmaqların var səndən yaxşı cərrah olar deyəndə isə o, hərbi həkim olacağını söylədi. Adil həm də utancaq şagird idi, hər sözdən utanardı. Heç vaxt düşünməzdim ki, o, hərb sahəsini seçər. Gün gəldi Adil ali məktəbə daxil oldu. İstədiyi kimi hərbi həkim oldu. Bu gün isə hərbi həkim kimi Şəhidlik zirvəsinə ucalaraq qəlblərdə əbədi məskən saldı. Adil 25 yaşında Şəhidlik zirvəsinə ucaldı. Şəhidlərin doğum tarxi var, lakin ölüm tarixi yoxdur. İllər keçsə belə Adil kimi igid oğullar bizim qəlbimizdə əbədi yaşayacaqdır”. A.Abbasova şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə rayon rəhbəriyinə razılığını ifadə edib, şəhidlərimizə həsr olunmuş bugünkü tədbirdə iştirakını igid Vətən oğullarına olan ehtiramının bariz nümunəsi kimi qiymətləndirib. 


Məktəb-liseyin məzunu olmuş, Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Sofulu kənd sakini, şəhid gizir Tahir İsmayılovun ibtidai sinif müəllimi Esmira Alıyeva çıxış edərək qəhrəman şəhidimiz haqqında xatirələrini bölüşüb. Esmira müəllim qeyd edib ki: “Mən Tahir İsmayılovun döyüş yollarından deyil, şagird, məktəbli həyatından danışmaq istəyirəm. Tahir İsmayılov mənim sinifimə sonralar gəlmişdi. Onunla ünsiyyətim az olsa da Tahir özünü sevdirə bilmişdi. Az müddətdə mən onu başqa cür tanıdım. Onun tərbiyəsi, ağılı, cəsarəti, igidliyi bu gün də gözlərim önündə canlanır. Tahir İsmayılov çalışqan şagird olmaqla bərabər həm də vətənpərvərliyi ilə seçilirdi. Həmişə işğal olunmuş torpaqlarımızdan söz düşəndə kövrəlir, gözlərində isə düşmənə qığılcım alovlanırdı. Hər zaman ona dəstək olub, hər şeyin yaxşı olacağını söyləyirdim. Çünki bilirdim ki, bu niskil onun ata-baba yurdunun işğalda olmasından irəli gəlirdi. Verdiyim təskinlikdən az da olsa rahatlıq tapsa da ürəyindəki Vətən həsrəti onu rahat buraxmırdı. Tahir məktəbi bitirəndən sonra xeyli zaman idi ki, onunla görüşmürdüm. Bir gün isə övladlarını məktəbə gətirəndə onunla təkrar qarşılaşdım. Tahir İsmayılovu hərbçi paltarında gördüm. Onu bu geyimdə görəndə necə cəsur, qorxmaz olduğunu, uşaq vaxtı dediklərini xatırladım, arzularının arxasınca getdiyinin şahidi oldum. Bu gün isə onun övladları Niyazi və Uğur atalarının təhsil aldığı məktəbdə təhsil alırlar. Niyazi ibtidai sinifi mənim sinifimdə təhsil alıb. Onun övladı Niyazi atası kimi qürurlu, igid, tərbiyəli, çalışqan bir uşaq olub. Həmişə atalardan söz düşəndə Niyazinin kövrəlməsi məni çox üzsə də ona atası ilə fəxr etməsini, qürur duymasını söylərdim. Necə ki, Tahir İsmayılovla bu gün bütöv Azərbaycan, xalqımız fəxr edir”.


Məktəb-liseyin məzunu olmuş, Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid gizir Sərxan Abdullayevin sinif rəhbəri Nüşabə Yaqubova çıxış edərək şəhidlərimizə Allahdan rəhmət diləyib, ruhları qarşısında baş əydiyini söyləyib. N.Yaqubova kitabın ərsəyə gəlməsində əziyyəti keçən insanlara, kitabın təşəbbüskarı olan rayon rəhbəriyinə və müəllifə məktəbin müəllimləri adından minnətdarlığını bildirib. Şəhidlərimiz haqqında söz deməyin çətin olduğu qədər də şərəfli olduğunu qeyd edib. Dərs dediyi şagirdlərdən Adilin, Elvinin, Sərxanın hər zaman vətənpərvər şagird olmalarına çalışdığını söyləyib. Sərxan Abdullayevin məktəb illərindən söz açan Nüşabə müəllim vurğulayıb ki: “Sərxan çox sakit, tərbiyəli, ağıllı, hər sözü utancaqlıqla qəbul edən bir şagird idi. Şəhidlik zirvəsinə ucalmış Sərxan haqqında bu gün keçmiş zamanda danışmaq məni çox üzsə də, həm də onunla qürur duyuram. Sərxan kimi oğul böyüdən ataya minnətdaram. Bu gün Sərxanın 5 yaşlı oğlu bizim məktəbdə məktəbəhazırlıq qrupunda təhsil alır. Mən əminəm ki, o, atasının adına layiq vətənpərvər bir övlad olacaq”.


2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə yüksələn Qarapapaq kənd sakini, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid gizir Elvin Əhmədovun sinif rəhbəri və tarix müəllimi Yeganə Qasımova çıxış edərək igid Vətən oğlu ilə bağlı xatirələrini bölüşüb. Yeganə müəllim qeyd edib ki: “Bu gün həm kədərliyəm, həm də qürurluyam. Kədərlənirəm ona görə ki, şəhid gizir Elvin Əhmədovun anası Təranə müəllim, tibb xidməti leytenantı Adil Əfəndiyevin anası Afət müəllim bizim həmkarımızdı. Biz müəllimlər onların üzlərinə baxanda özümüzə yer tapa bilmirik. Hər zaman onlara qayğı göstərməyə, dərdlərinə şərik olmağa çalışırıq. Bu, bizim ən ümdə vəzifəmizdir. Elvin Əhmədov haqqında danışmaq çətin və çətin olduğu qədər də şərəflidir. Elvin çox ağıllı, tərbiyəli, savadlı, təmkinli, səliqəli, uca boylu, qarabəniz bir oğlan idi. Tarix dərslərində qəhrəmanlıq mövzularından danışanda o, həmişə qürurla danışardı. Müasir dövr tariximiz keçirilən zaman bu mövzulardan o qədər də xoşu gəlməzdi. 1990-cı illərdə torpaqlarımızın işğal dövrlərindən söz açanda bu, Elvin Əhmədova çox pis təsir edirdi. Torpaqlarımızın işğalda olması ilə heç vaxt barışmırdı. Həmişə torpaqlarımızın nə zaman qaytarılması ilə bağlı sual verəndə o qədər vətənpərvər uşaqlarsınız ki, inşallah sizlər böyüyüb həmin torpaqları qaytaracaqsınız deyərdim. O zaman qürurla üzümə baxıb, doğurdan da böyüsəydik o torpaqları qaytarardıq deyirdi sanki. Elvin başqa sahəni, ixtisası bitirsə də hərbçi olan babası Qələndər kişinin yolunu seçdi, hərbçi oldu. Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə yüksələn Elvin Əhmədov bu gün aramızda olmasa da, o, daim bizim qəlbimizdə yaşayır və yaşayacaqdır. Bu gün Elvinin 3 yaşlı qızı Əsmər atasının nə vaxt qayıdacağını gözləyir və hər kəsdən bunu soruşur. Elvin Əhmədov qayıtmasa da uca zirvəyə - Şəhidlik zirvəsinə ucaldı. Hər zaman qürurla xatırlanacaq. Biz müəllimlərin üzərinə bir vəzifə düşür ki, bundan sonra da gələcəyimiz olan gəncləri, məktəbliləri vətənpərvər ruhda tərbiyə edək, şəhidlərimizin həyatını və döyüş yolunu onlara nümunə göstərək”. Y.Qasımova rayonda şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə rayon rəhbərliyinə razılığını ifadə edib, bu qayğının hər kəsə örnək olduğunu söyləyib. 

Şəhidlərimizə həsr olunmuş tədbirdə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə yüksələn gizir Əhmədov Elvin Qələndər oğlunun anası Əhmədova Təranə Qara qızına oğlunu vətənpərvər ruhda tərbiyə etdiyinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim edilib. 44 günlük Vətən müharibəsində şəhid olmuş oğullarımızın analarına Fəxri Fərman təqdim olunduğu kimi, həmin ənənənin davamı olaraq Elvin kimi qəhrəman şəhidimizin anası Təranə müəllim də Fəxri Fərmanla təltif olunub.    

Sonra söz məktəb-liseyin şagirdlərinə verilib. Məktəblilər “Vətəni canından əziz bilənlər” kitabında qələmə alınmış şeirləri səsləndiriblər. Məktəb-liseyin 6-cı sinif şagirdi Minur Məmmədov “Zəfərin mübarək Azərbaycanım”, 9b sinif şagirdi Aysu Bəndiyeva “Şəhidim” şeirini söyləyiblər. 6-cı sinif şagirdləri Ülviyyə Məmmədova, Ayan Musazadə, Nuray Muradova, Gülay Kazımzadə “Bayatılar”ı təqdim ediblər. Məktəb-liseyin 3a sinifinin şagirdləri "Bayraq" kompozisiyası ilə tədbirə rəng qatıblar.

GOYEZEN.AZ



Facebook-da paylaş