Qazaxda icra başçısı dünən dünyasını dəyişən Vətən müharibəsi iştirakçısının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində “Dəmir yumruq” əməliyyatı həyata keçirərək işğal altında qalmış torpaqlarımızı cəmi 44 gündə mənfur düşməndən azad etdi. Ali Baş Komandanın dəmir iradəsi, əyilməz qətiyyəti, xalqımızın birliyi və şanlı ordumuzun şəxsi heyətinin şücaəti nəticəsində 44 günlük müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. Və bütün dünya 10 noyabrda Azərbaycan dövlətinin qazandığı tarixi Qələbənin, gücünün və qüdrətinin bir daha şahidi oldu. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. MAHHXHQ, kiçik çavuş Qasımov Xətai Vaqif oğlu da 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuşdur. Xətai Qasımov 14 yanvar 1978-ci ildə Qazax şəhərində anadan olub. 1985-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin 1-ci sinfinə daxil olub, 1995-ci ildə həmin məktəbin 10-cu sinfini bitirib. 1995-1997-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 1997-2000-ci illər ərzində Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. 2014-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başlayıb. 27.09.2020-ci il tarixdə başlamış Vətən müharibəsi zamanı Kəlbəcər, Şuşa, Xocavənd, Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. 19-20 sentyabr 2023-cü il tarixlərdə Xankəndi istiqamətində gedən döyüşlərdə iştirak edib. Müharibə veteranı idi. Döyüş meydanında göstərdiyi igidliyə görə Respublika Prezidentinin müvafiq Sərəncamlarına əsasən “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Azərbaycan Respublikası Baş nazirinin müvafiq Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı”, Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən “Şücaətə görə” medalı ilə təltif olunub. İgid Vətən oğlu 22 oktyabr 2025-ci il tarixdə xidmət etdiyi hərbi hissədə ürək çatışmazlığından vəfat edib. O, bu gün Daş Salahlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Oktyabrın 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri qəhrəman hərbçimizin evində olub, hüzr mərasimində iştirak ediblər. İcra başçısı Rəcəb Babaşov hərbçimizin vəfatından kədərləndiyini bildirib, mərhumun atasına, yaxınlarına dərin hüznlə başsağlığı verib, Tanrıdan onlara səbir, dözüm diləyib.
Facebook-da paylaş