• Təqvim

  • Maraq



Qazaxda 20 Oktyabr - Energetiklər Günü münasibətilə Ulu Öndər Heydər Əliyevin abidəsi və Ümummilli Liderin adını daşıyan Mərkəz ziyarət olunub


Oktyabrın 20-si Azərbaycanda Energetiklər Günüdür. 21 ildir ki, Azərbaycan energetikləri öz peşə bayramlarını iftixarla qeyd edirlər. Energetiklər Günü ölkəmizin həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisə ilə bağlıdır: 44 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” istilik elektrik stansiyasının (İES) birinci enerji bloku Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib, bununla da Azərbaycan elektroenergetikasının inkişafında yeni mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi milli elektroenergetika salnaməmizin daha bir parlaq səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.

Heç kəsə sirr deyil ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika kompleksinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirib, bu sahədə misilsiz işlər görüb. Ulu Öndərin müəyyənləşdirdiyi və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycanın güclənməsinə və qüdrətlənməsinə yönəlib. Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektroenergetika üzrə də mükəmməl proqramlar qəbul edilərək reallaşdırılıb. “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq, hazırda yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş vəzifələrin icrası ilə bağlı müvafiq işlər görülür, eyni zamanda, enerji sisteminin müasirləşdirilməsi nəzərdən keçirilir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti sovet dövründə və müstəqillik illərində bu sahədə görülmüş işləri, əldə edilmiş nəticələri nəinki məntiqi cəhətdən tamamlayır, eyni zamanda, elektroenergetika sisteminin müasir qlobal trendlərə uyğun inkişafını təmin edir. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, öz potensialı hesabına enerji təhlükəsizliyinin təminatına 100 faiz nail ola bilib.

Torpaqlarımızın işğaldan azad edilməsi energetiklərin qarşısında yeni vəzifələr qoyur, fəaliyyət planları müəyyənləşdirir. Bu sahədə çalışan insanlar azad edilmiş torpaqlarımızdakı hər evə qayıdış planına uyğun olaraq işıq, enerji, həyat gətirmək üçün daha böyük əzmlə çalışırlar. Bütün bunlar dövlətimizin başçısının həyata keçirdiyi çoxşaxəli inkişaf siyasətinin və bu siyasətdən irəli gələn vəzifələri energetika sektorunda layiqincə yerinə yetirən Azərbaycan energetiklərinin çətin və şərəfli əməyinin bəhrəsi olan bu reallıqlar gələcəyə daha nikbin baxmağa əsas yaradır.

20 Oktyabr - Energetiklər Günü münasibətilə Qazaxda Ümummilli Lider Heydər Əliyevin abidəsi və Ulu Öndərin adını daşıyan Mərkəz ziyarət olunub. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, “Qərb” Regional Enerji Təchizat və Satış İdarəsinin Qazax Elektrik Şəbəkəsinin rəisi Firdovsi Qasımov və Şəbəkənin əməkdaşları Ulu Öndər  Heydər Əliyevin adını daşıyan parka gələrək abidə önünə gül dəstələri düzüb, böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Ulu Öndərin adını daşıyan Mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə tanış olublar.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev rayon rəhbərliyinin adından 20 Oktyabr - Energetiklər Günü münasibətilə “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov başda olmaqla cəmiyyətin bütün əməkdaşlarını, “Qərb” Regional Enerji Təchizat və Satış İdarəsinin Qazax Elektrik Şəbəkəsinin işçilərini, energetikləri təbrik edib, ən xoş arzularını çatdırıb.



Facebook-da paylaş