• Təqvim

  • Maraq



Hər kəs üçün keyfiyyətli statistika


Statistika hər bir dövlətin sosial-iqtisadi inkişafını qiymətləndirmək, planlaşdırmaq və idarəetmədə əsaslı qərarlar qəbul etmək üçün mühüm rol oynayan elm sahəsidir. Azərbaycanda statistika sahəsinin formalaşması və inkişafı uzun və mərhələli bir tarixi əhatə edir. Bu tarix ölkənin ictimai-siyasi və iqtisadi dəyişiklikləri ilə sıx bağlı olmuşdur.

Azərbaycan müstəqillik qazandıqdan sonra statistika sisteminin yenidən qurulmasına ehtiyac yarandı. 1994-cü il Azərbaycan statistikasının tarixində xüsusi il olmuşdur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 18 fevral 1994-cü ildə "Statistika haqqında" Azərbaycan Respublikasının Qanunu imzalanmışdır. Bu statistika sahəsinin hüquqi bazasını formalaşdırdı. 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkə statistiklərinin yaddaşına həkk olunmuş "Dövlət Statistika Komitəsi əsas orqanlardan biridir" məşhur kəlamı Dövlət Statistika Komitəsinə verilən qiymətin bariz nümunəsidir.

Müstəqillik dövrü ərzində Azərbaycanda rəsmi statistikanın təkmilləşdirilməsi, bu sahədə islahatların başa çatdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması, cəmiyyətin daha geniş məlumatlandırılması və statistikanın dövlətin iqtisadi siyasətinə uyğun daha da inkişaf etdirilməsi, ölkənin sosial-iqtisadi inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması, statistik göstəricilər sisteminin dünya standartları səviyyəsinə çatdırılması, iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyasını səciyyələndirən yeni statistik məlumatların əldə edilməsi və onun beynəlxalq statistika standartları səviyyəsinə yüksəldilməsi diqqət mərkəzində olmuşdur. Bu məqsədlə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən statistika sahəsində islahatların aparılması və onun təkmilləşdirilməsi haqqında dövlət proqramları işlənib hazırlanmış və həyata keçirilmişdir. Bu illər ərzində 5 Dövlət Proqramı (1993-1997, 1998-2002, 2003-2007, 2008-2012-ci, 2013-2017-ci illəri əhatə edən) yerinə yetirilmiş, sonuncu, 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramı ölkə Prezidentinin 2018-ci il 14 fevral tarixli, 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş və onun yerinə yetirilməsinə başlanmışdır. Bu dövlət proqramları çərçivəsində 1999-2009-2019-cu illərdə  ölkədə   əhali siyahıyaalınması keçirildi. 2025-ci ilin iyul ayının 15-dən avqust ayının 15-dək işğaldan azad olunmuş ərazilər də daxil olmaqla, kənd təsərrüfatının siyahıyaalınması ölkə təcrübəsində ilk dəfə olaraq planşetlər vasitəsilə həyata keçirildi.

2010-cu ildən etibarən Ümumdünya Statistika Günü Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 64/267 qətnaməsinə əsasən hər 5 ildən bir 20 oktyabrda qeyd edilir. Ümumdünya Statistika Günü ərəfəsində 24-26 sentyabr tarixlərində Bakıda “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda III Beynəlxalq Statistika Forumu Azərbaycanın sədrliyi keçirildi. 

Prezident İlham Əliyev Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciətində "Etibarlı statistik məlumatlar dayanıqlı inkişafın təmin olunmasında, əsaslandırılmış qərarların qəbulunda və şəffaf idarəetmənin qurulmasında böyük rol oynayır. Bu səbəbdən, Beynəlxalq Statistika Forumu metodoloji yeniliklərin təqdim edilməsi və çoxtərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından universal bir platforma kimi çıxış edir" qeyd etmişdir.  

Qazax Rayon Statistika İdarəsi



Facebook-da paylaş