• Təqvim

  • Maraq



Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi ata yurdunda qeyd edilmişdir


Respublika mətbuatı Qazax haqqında

Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin 4 sentyabr 2025-ci il tarixli sərəncamı dəyərli ziyalımıza dövlət səviyyəsində göstərilən ehtiramın nümunəsidir. 

Sərəncamda qeyd edildiyi kimi, Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardandır. Yüksək bədiilik nümunəsi olan dərin ictimai-mənəvi məzmunlu əsərləri, o cümlədən hekayələri, romanları və film ssenariləri ilə ədəbi prosesdə iz qoymuş yazıçının ötən əsrin 60-70-ci illərində milli nəsrin keyfiyyətcə yeni mərhələyə keçməsində xüsusi xidmətləri vardır. 

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyi doğma Qazaxda da silsilə tədbirlərlə qeyd olunur. Bu günlər növbəti tədbir keçirilmişdir. Tədbir iştirakçıları Fəxri qazaxlılar parkında olmuş, Xalq yazıçısının büstü önünə tər qərənfillər düzərək  xatirəsinə ehtiramlarını bildirmişlər. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncama görə dövlət başçısına Qazax ziyalıları, rayon ictimaiyyəti adından minnətdarlığını bildirmiş, sərəncamı Yusif Səmədoğlunun timsalında bütün qazaxlı ziyalılara göstərilən ehtiramın, dərin hörmətin ifadəsi kimi qiymətləndirmişdir.

Tədbirdən sonra iştirakçılar Yusif Səmədoğlunun atası, Xalq şairi Səməd Vurğunun Yuxarı Salahlı kəndində yerləşən  Poeziya Evini ziyarət etmişlər. Məlumat verilmişdir ki, Ulu Öndər Heydər Əliyev Səməd Vurğunun məşhur "Azərbaycan" şeirini çox sevir, yeri gəldikcə ona müraciət edirdi. 1976-cı ildə şairin anadan olmasının 70 illik yubileyi münasibətilə Qazaxda Səməd Vurğun Poeziya Evi də Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Ulu Öndər 1979-cu ilin sentyabrında onun açılışında iştirak etmişdir. Prezident İlham Əliyev də 2004-cü ildə Qazax rayonuna səfəri çərçivəsində Poeziya Evində olmuş, burada əsaslı təmir və yenidənqurma işlərinin aparılması barədə tapşırıq vermişdir. Dövlət başçısının tapşırığı yüksək səviyyədə icra olunmuşdur.

Sabir ƏLİYEV,

"Azərbaycan" qəzetinin bölgə müxbiri

24 oktyabr 2025-ci il, səhifə 12

https://www.azerbaijan-news.az/az/posts/detail/xalq-yazicisi-yusif-semedoglunun-90-illiyi-ata-yurdunda-qeyd-edilmisdir-1761254574/373016 




Facebook-da paylaş