• Təqvim

  • Maraq



Vətəndaş məktubundan: “Cənab Prezident, Sizin siyasi təcrübəniz sayəsində Azərbaycan növbəti qələbəsini qazandı”


Namiq Alıyevdən, 

Möhtərəm cənab Prezident.

Sizin qətiyyətiniz, müdrik siyasətiniz, Ali Baş Komandan kimi mahir sərkərdəlik bacarığınız sayəsində xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyuldu. Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası xalqımızın Sizə olan məhəbbətini və inamını daha da artırmışdır.

Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı kimi Sizin apardığınız siyasət nəticəsində bu günlərdə Qazax rayonunun 4 kəndinin azad edilməsi barədə razılıq əldə olunması xəbərini aldıq. Bütün xalqımız kimi biz qazaxlılar da sevinc və qürur hissi keçiririk. Şəhid vermədən, güllə atılmadan belə bir diplomatik qələbəyə imza atmağınız qürurvericidir. Sizin siyasi təcrübəniz sayəsində Azərbaycan növbəti qələbəsini qazandı. Xalq olaraq bir daha Sizinlə fəxr etdik.

Cənab Prezident, son illər ərzində respublikamızın hər bir bölgəsi kimi, Qazax rayonunda da geniş abadlıq-quruculuq işləri həyata keçirilməkdədir. Rayonumuzun bugünkü siması əhalini razı salır. Elektrik enerjisi, təbii qaz və su ilə təminat yaxşılaşdırılmış, yeni yollar salınmış, bir sözlə, əhalinin həyat səviyyəsi yüksəldilmişdir.

Bu gün isə artıq bizim üçün yeni dövr başlayır. Düşməni döyüş meydanında məhv etdiyimiz kimi, doğma torpaqlarımızda yaşamaqla, tikib-yaratmaqla onlara göz dağı verəcəyik. Mən Qazax rayonunun azad olunan 4 kəndindən biri olan Qızılhacılı kənd sakini kimi, o xoşbəxt anları yaşamaq üçün gün sayıram. O gün isə elə də uzaqda deyil. Öz adımdan, ailəm adından, qazaxlılar, doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan qızılhacılılar, eləcə də digər kəndlərin sakinləri adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Möhtərəm Prezident, Azərbaycan xalqı Sizinlə qürur duyur. Xalqımızı xalqlar içərisində ucaltdığınız üçün Sizə borcluyuq. Allah Ulu Öndərin ruhunu daim şad etsin. Sizə gələcək işlərinizdə uğurlar diləyirəm. Uğurlarınız bol olsun.

Hörmətlə,

Alıyev Namiq Famil oğlu,

I qrup Qarabağ müharibəsi əlili, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Qazax rayon filialının sədr müavini,

Azərbaycan Respublikası, Qazax rayonu, Qızılhacılı kəndi,

1 may 2024-cü il

https://president.az/az/articles/view/65687



Facebook-da paylaş