Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Qəlblərdə yanan əbədi işıq” adlı tədbir keçirilib
Mayın 3-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Qəlblərdə yanan əbədi işıq” adlı tədbir keçirilib.
Tədbirdə məktəbin direktoru İslam Carçıyev, müəllimlər, şagirdlər, valideynlər və Mərkəzin əməkdaşları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Sonra Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək Ulu Öndərin zəngin siyasi irsindən, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizədən danışıb. Bildirib ki, müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi ilk illərdən etibarən ölkəmizin gələcək inkişaf strategiyası ilə bağlı mühüm addımlar atılıb. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan və xalqımız zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxıb. Azərbaycanı məhv olmaqdan qurtararaq işıqlı sabaha çıxaran, dövlətin ideoloji-siyasi əsaslarını yaradan Ümummilli Liderin mənalı ömür yolunun hər anı bugünkü və gələcək nəsillər üçün unudulmaz tarixdir.
Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin direktoru İslam Carçıyev Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, siyasi irsindən ətraflı danışaraq bildirib ki, Heydər Əliyev bütün varlığı ilə sevdiyi, canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və dövlətimizin inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Müdrik siyasi və dövlət xadimi Heydər Əliyevin parlaq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. İslam Carçıyev həm də doğma Aşağı Əskipara kəndinin və Qazaxın digər kəndlərinin heç bir hərbi əməliyyat aparılmadan düşmən işğalından azad edilməsinin sevincini bölüşüb və ölkə başçısına bu münasibətlə dərin təşəkkürünü çatdırıb.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nərminə Namazova bütün mənalı ömrünü xalqa xidmətə həsr edən Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir şəxsiyyətdir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ulu Öndərin Vətən və xalq qarşısındakı tarixi xidmətləri misilsizdir. Hər zaman təhsilə, müəllimə yüksək hörmət və diqqətlə yanaşan Ulu Öndərin təhsilin inkişafında göstərdiyi xidmətlər haqqında qürurla danışaraq bildirib ki, biz müəllimlər üçün Heydər Əliyev ən əziz, ən doğma insan kimi əbədi qürurla xatırlanacaqdır.
Tədbir məktəbin müəllimləri Ceyhunə Süleymanova, Tərlan Məmmədova, Könül Carçıyeva, Şəlalə Qocayeva, Qərənfil Alıyeva, Məsmə Abdullazədə, Gülcöhrə İmamquliyeva və məktəbin şagirdləri Uğur Şəmilov, Mələk Alıyev, Zəhra Hacıkərimli, Zeynəb Hacıkərimli, Nurcan Qasımova, Nurlan Kərimli, Zeynəb Alıyeva, Nuray Kərimova, Aylin Orucova, Nihal Zülfüqarova, Ləman Namazova, Nəzrin Hümbətova, Gülgəz Tağıyeva, Əli Süleymanovun ifasında Heydər Əliyevə həsr olunmuş şeirlər, mahnılar, ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
Facebook-da paylaş