• Təqvim

  • Maraq



Qazaxda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans keçirilib


Bu gün qürurla söyləyirik ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu, Ümummilli Lideri Heydər Əliyev qədirbilən xalqımızın qəlbində əbədi yaşayır və bundan sonra da yaşayacaq. Bu gün xalqımız Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini böyük təntənə ilə qeyd edir. Azərbaycan xalqının yaddaşına Heydər Əliyev müdrik lider, xilaskar, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış tarixi şəxsiyyət kimi əbədi həkk olunub.

Respublika Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması müasir tariximizin həlledici anında, Azərbaycan xalqının gələcək taleyinin müəyyənləşdiyi mürəkkəb dövrdə müstəsna xidmətlər göstərmiş Ulu Öndərə dövlətimizin verdiyi yüksək qiymətin bariz nümunəsidir. Keçdiyi zəngin həyat yolu, Vətən və xalq qarşısında misilsiz xidmətləri Heydər Əliyevi öz tarixi, milli dəyərləri, dövlətçilik ənənələri ilə fəxr edən azərbaycanlıların qürur mənbəyinə çevirmişdir. 

Müstəqil Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olunur. 

“Heydər Əliyev İli” çərçivəsində 2023-cü il 23-24 noyabr tarixlərində Qazax Rayon İcra Hakimiyyətinin, Ərzincan Binəli Yıldırım Universitetinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev müasir dövlətçiliyimizin banisidir” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.

Ədəbiyyat Muzeyində keçirilən Beynəlxalq Elmi Konfransa Türkiyədən, Qazaxıstandan, Sibiriyadan (Tuva Türkü), Özbəkistandan, Koreyadan elm adamları qatılıb. 

Noyabrın 23-də start götürən Beynəlxalq Elmi Konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, psixologiya elmləri doktoru, professor Səməd Seyidov, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin, Mədəniyyət komitəsinin, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva, Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri, Azərbaycan Ağsaqqallar Şurasının Fəxri üzvü Hulusi Kılıc, Ərzincan Binəli Yıldırım Universitetinin təmsilçisi Prof.Dr. Ali Kafkasyalı, Türkiyənin Atatürk Universitetindən Dr. Hamza Kolukısa, Adıyaman Üniversitesi Fen Edebiyyat Fakültesi Türk Dili ve Edebiyatı Bölümü, Prof.Dr. Şehrabanı Allahverdiyeva, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent İlhamə Qəsəbova, Naxçıvan Dövlət Universitetindən Fil.ü.f.d.dos. Bağır Babayev, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov, filialın professor-müəllim heyəti, idarə, müəssisə, təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar, şəhid ailələri, KİV nümayəndələri iştirak ediblər.

Rayon rəhbərliyi və qonaqlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda olub, abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar. Ümummilli Liderin adını daşıyan Mərkəzi ziyarət edərək həyat və fəaliyyəti ilə yaxından tanış olublar. 



Konfrans iştirakçıları şəhərin Nəriman Nərimanov küçəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksinə və şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanına gələrək memorial önünə tər qərənfillər düzüb, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

 


Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımız uğrunda canlarını fəda edən Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub. 

Daha sonra konfrans iştirakçıları Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi, Qazaxın şair və yazıçıları, tarixi şəxsiyyətləri haqqında məlumatı özündə əks etdirən Fəxri Qazaxlılar parkı ilə tanış olublar.  

Konfrans iştirakçıları Ədəbiyyat Muzeyinin foyesində Ulu Öndərin Qazaxa səfərlərini özündə əks etdirən fotoşəkillərə baxış keçirib, Ümummilli Liderə həsr olunmuş kitab sərgisi ilə tanış olublar. 

Ədəbiyyat Muzeyinin akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 

Ulu Öndər Heydər Əliyevin Qazax rayonuna səfərlərini özündə əks etdirən “Dahi Şəxsiyyətin Qazax salnaməsi” adlı sənədli filmi nümayiş etdirilib.

Tədbirin aparıcısı, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent İlhamə Qəsəbova konfransı açıq elan edərək qonaqları və iştirakçıları salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransda iştirak edən qonaqları təqdim edərək bugünkü konfransın olduqca məshuldar və böyük əhəmiyyət daşıyan bir konfrans olduğunu söyləyib. İ.Qəsəbova Erzincan Valisi Doç. Dr. Hamza Aydoğdu və Erzincan Binali Yıldırım Üniversitesi Rektörü Prof. Dr. Akın Leventin konfrans iştirakçılarına təbrik məktubunu oxuyaraq səmimi ürək sözlərini çatdırıb. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını, qonaqları, tədbirdə iştirak edən şəhid ailələrini salamlayıb, səmimi ürək sözlərini bölüşüb. İcra başçısı “Heydər Əliyev İli” çərçivəsində respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlərin keçirildiyini, “Heydər Əliyev müasir dövlətçiliyimizin banisidir” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransın həmin silsilə tədbirlərin davamı olduğunu söyləyib. Rayon rəhbəri bildirib ki, “Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm” deyən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsidir. Bu gün qürurla deyə bilirik ki, bugünkü müstəqil Azərbaycan və onun əldə etdiyi uğurlar Ümmummilli Lider Heydər Əliyevin fəaliyyətinin şah əsəridir. Müstəqilliyimizin memarı olan Ulu Öndər Heydər Əliyev yolu xalqın nicat yoludur. İcra başçısı vurğulayıb ki, Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamız sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail oldu. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişaf dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi yadda qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış, əsaslı dəyişikliklər baş vermişdir. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Rayon rəhbəri qeyd edib ki, XX əsrin 60-cı illərində Azərbaycanda durğunluq hökm sürürdü, respublika iqtisadi göstəricilərinə görə ittifaq miqyasında sonuncu yerlərdən birində idi. Bu acınacaqlı vəziyyətə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra son qoyulmağa başlandı. 1969-1982-ci illər Azərbaycan tarixinə intibah dövrü kimi daxil oldu. Ulu Öndərin 1969-cu ildə ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi. İri sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən, hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər. Heydər Əliyev yalnız Azərbaycanın intibah dövrünün müəllifi deyil, həm də öz ideyaları ilə yollarımızı işıqlandıran parlaq mayakdır, xalqımızın qürur və iftixar mənbəyidir. Ümummilli Lider Heydər Əliyev ölkənin inkişafı istiqamətində gördüyü işlər, qəbul etdiyi cəsarətli qərarlar, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, infrastruktur obyektlərinin tikintisi bir neçə onillikdən sonra müstəqillik əldə edəcək respublikamızın gələcəyinə və inkişafına   hesablanmış  məqsədyönlü addımları bütün mərhələlərdə qorumuşdur. Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi birinci dövrlə ikinci dövr arasındakı illər, sözün əsl mənasında, tariximizin hərc-mərclik dövrü, ağır tənəzzül illəri idi. Xüsusilə, Azərbaycan tarixinin 1990-1993-cü illəri xalqın yaddaşında ən ağır fəlakət illəri, "olum, ya ölüm" dövrü kimi qalmışdır. Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək üzrə idi. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik, özbaşınalıq baş alıb gedirdi. Faktiki olaraq dövlət yox idi. Ölkəni xalq adından idarə edən, əslində isə heç bir səriştəsi olmayan, ən adi idarəçilik qaydalarının belə nə olduğunu bilməyən və xaricdəki ağalarının göstərişi ilə hərəkət edən məhdud bir qrup məmləkəti milli fəlakət həddinə çatdırmışdı. Ölkə vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi. Cəbhə düşmənin üzünə açıq idi. Ulularımızın müqəddəs əmanəti olan Vətən torpaqları hərraca qoyulmuşdu. Torpaqlarımızın 20 faizinin işğal olunması 200 minə yaxın soydaşımızın Qərbi Azərbaycandan deportasiya edilməsi, bir milyondan çox qaçqın və məcburi köçkünün yaratdığı problemlər ölkəni sürətlə uçuruma sürükləyirdi. Bu zaman Vətənin ümid çırağı, əliyalın, başsız qalan xalqın yeganə qələbə silahı Heydər Əliyev zəkası idi. Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Müdrik xalqımız, o zaman qəti və sərrast hərəkət edərək yeganə düzgün addımı atdı - dünyanın bu böyük siyasət adamını hakimiyyətə gətirdi. Məhz o zaman - 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Göründüyü kimi, Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması heç də təsadüfi deyil. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi. Fəxrlə deyə bilərik ki, müasir şəraitdə dövlət müstəqilliyimiz üçün vacib olan iqtisadi potensialımızın təməli  və inkişaf planı  Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində qoyulmuşdur. Dahi rəhbərin müəyyən etdiyi bütün sahələrdə islahatlar aparmaq yolu ilə ölkə iqtisadiyyatını inkişaf etdirmək və mövcud iqtisadi potensialdan istifadənin səmərəsini artırmaqla onu xalqın bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılmasına yönəltmişdir. İcra başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyev deyirdi: "Müstəqillik ona görədir ki, biz öz taleyimizin sahibi olaq, öz sərvətlərimizə yiyələnək və bu sərvətlərdən istifadə edərək xalqımızın daha yaxşı yaşamasına nail olaq". Ümummilli Lider Heydər Əliyevin ölkənin inkişafı istiqamətində gördüyü işlər respublikamızın gələcəyinə və inkişafına  hesablanmış  məqsədyönlü layihələrdən ibarət olmuşdur. Bu məqsədyönlü layihələrdən biri də “Əsrin müqaviləsi”nin imzalanması idi. "Əsrin müqaviləsi"nin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Azərbaycanın neft sənayesinin, ümumiyyətlə, iqtisadiyyatının inkişafında yeni dövrün əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanması ilə başlamış iş XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafeyini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya nümayiş etdirdi, dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi. Bu gün hər birimiz deyə bilərik ki, “Əsrin müqaviləsi” Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün  geniş zəmin yaratdı və yaratmaqdadır. Rayon rəhbəri Ümummilli Lider Heydər Əliyevin həm də müasir Azərbaycan ordusunun qurucusu olduğunu dilə gətirib. Ulu Öndərin çıxışlarında söylədiyi “Azərbaycanın müstəqilliyini əbədi etmək üçün güclü və daim təkmilləşən, güclənən milli ordumuz olmalıdır. Bu, bizim müqəddəs vəzifəmizdir, hər bir kəsin şərəfli vəzifəsidir” fikirlərini səsləndirib. Qeyd edib ki, güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ, həm də Azərbaycanın güclü ordusunun formalaşdırılması üçün zəmin yaratmışdır. Ümummilli Liderin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması bu mənada mühüm əhəmiyyət daşımışdır. Həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına xidmət etmişdir. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. Eyni zamanda, Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Bu gün dünya müasir hərb sənətinə öz şərəfli imzasını atmış Azərbaycan Silahlı Qüvvələri və onun yaranma tarixi, onun formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər hər zaman ordunun dövlət üçün əhəmiyyətindən danışarkən ordunun əsas vəzifələrini göstərirdi. Ordunun möhkəmlənməsi, modernləşdirilməsi və inkişafı üçün var qüvvəsini əsirgəmirdi. Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan ordu sahəsində aparılan islahatlar bu gün də Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Ordu quruculuğunun daha da qüdrətlənməsi istiqamətində aparılan uğurlu işlər nəticəsində Azərbaycan Ordusu yalnız bölgədə deyil, bütövlükdə, dünyanın ən müasir orduları sırasında yer tutur. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində, 44 günlük haqq savaşında tarixi Zəfər qazandı. Bu qələbənin baş memarı isə illər öncə güclü Azərbaycan ordusunun əsasını qoyan Ümummilli Lider Heydər Əliyevdir. Bu gün fəxrlə deyə bilərik ki, uzaqgörən tarixi şəxsiyyətin hələ 2002-ci ildə dediyi “Bizim ordumuz güclüdür. Ordumuzun gücü günü-gündən artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir” fikri real həyat həqiqətinə çevrildi. İcra başçısı bildirib ki, zirvədə dayanan Ümummilli Lider Heydər Əliyevin “Mən müstəqil Azərbaycanın dövlətçiliyini, suverenliyini, bütövlüyünü qorumaq üçün həyatımı qurban verməyə hazıram” deməyi və eyni zamanda, “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır” kəlamını deməklə onun dövlətini, xalqını sevməsini və dövlətinə, xalqına misilsiz xidmətlərini aydın şəkildə görmək olur. Müstəqil gənc ölkəyə ən ağır zamanlarda 10 il uğurla rəhbərlik edən dahi şəxsiyyət Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi sayılır. Onun həyatı və zəngin siyasi fəaliyyəti Azərbaycanın milli dirçəlişinin və müstəqil dövlət quruculuğunun parlaq təcəssümüdür. Bütün dünya azərbaycanlılarının milli iftixarı Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir. Ulu Öndərin və Ulu Öndər yolunun layiqli davamçısı Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə Azərbaycan dövləti günü-gündən gücləndi, dirçəldi, inkişaf etdi və inkişaf etməkdədir. İcra başçısı sonda Prezident İlham Əliyevin söylədiyi kimi, "Biz bundan sonrada qürur hissi ilə yaşayacağıq, müzəffər xalq, güclü dövlət, yenilməz ordu, güclü iradə sahibi kimi" qeyd edib.


Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov çıxış edərək tədbir iştirakçılarını və qonaqları rəhbərlik etdiyi filialın kollektivi adından salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev müasir dövlətçiliyimizin banisidir” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransda iştiraklarına və dahi şəxsiyyətə verilən yüksək dəyərə görə razılığını ifadə edib. A.Rüstəmov konfransa 204 elmi işin təqdim olunduğunu, BDU-nun Qazax filialında 5 bölmədə keçirilən iclaslarda müxtəlif institut və universitet müəllimlərinin iştirak etdiyini və məruzələrlə onlayn qaydada qatıldığını bildirib. A.Rüstəmov qeyd edib ki, filialda keçirilən əvvəlki konfranslarda 100-dən artıq elmi iş təqdim edilirdisə, dahi şəxsiyyətin adı ilə bağlı keçirilən Beynəlxalq Elmi Konfransa 204 elmi işin təqdim olunması Ulu Öndərə, Ümummilli Liderə verilən dəyərin, qiymətin, dahi şəxsiyyətə olan hörmət və ehtiramın bariz nümunəsidir. A.Rüstəmov təqdim edilən elmi məqalələrin, konfransın bütün materiallarının toplu şəklində kitab kimi dərc olunacağını, dahi şəxsiyyətin yubileyinə növbəti töhfə olacağını söyləyib. A.Rüstəmov bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri misilsizdir. Dahi şəxsiyyətin sayəsində hüquqi-dünyəvi dövlət qurulmuş, müstəqilliyimiz əbədi və dönməz olmuşdur. Məhz bu səbəbdən xalqımızın Ulu Öndəri Azərbaycanın qurucusu və memarı adlandırdığını söyləyib. Ulu Öndərin bizlərə miras qoyduğu Azərbaycanı bu gün onun layiqli davamçıları Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurla inkişaf etdirdiklərini söyləyib. 


Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, psixologiya elmləri doktoru, professor Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Millət vəkili Ulu Öndərin 100 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransda iştirak etməkdən məmnunluq hissi duyduğunu qeyd edib. Millət vəkili “Heydər Əliyev İli” çərçivəsində 150-dən çox silsilə tədbirlərin keçirilməsini dahi şəxsiyyətə olan hörmət və ehtiramın təcəssümü kimi qiymətləndirib. S.Seyidov bildirib ki: “Bugünkü Azərbaycan Ulu Öndərin şah əsəridir. Onun fəlsəfəsi, onun düşüncəsi, onun töhfələri olmasaydı bu gün Azərbaycan əsarətin içindəydi. Bəlkə də heç olmayacaqdı, xəritədən silinəcəkdi. Ona görə də Ümummilli Lider Heydər Əliyevin həyatının hər anını, hər gününü, hər fikrini, hər tövsiyəsini ciddi öyrənmək lazımdır. Çünki belə şəxsiyyətlər xalq üçün Allah tərəfindən verilmiş və əsrlərdə, bəlkə də min illərdə az sayda bəxş edilir. Azərbaycan bu gün xoşbəxtdir, Ulu Öndərin söylədiyi kimi, müstəqildir. Ulu Öndərin müstəqillik fəlsəfəsindən, onun Vətənə olan sevgisindən, Azərbaycana olan münasibətindən, gənclərə verdiyi tövsiyələrdən ruhlanan, işğalda olan torpaqları görmədən böyüyən gənclərimiz müstəqilliyimizin əbədi olması, torpaqları azad etmək üçün canlarından keçdilər. Buna görə bu gün şəhidlərimizə, qazilərimizə, Ali Baş Komandana minnətdarıq. Bu gün tarixi əhəmiyyət daşıyan bu konfransda qardaş Türkiyədən olan qonaqların iştirak etməsi də böyük məna daşıyır. Azərbaycan və Türkiyə qardaşlığının əbədi olmasından, Ulu Öndərin bu qardaşlığa verdiyi dəyərdən xəbər verir. Bugünkü tarixi günə görə konfransın təşkilatçılarına və iştirakçılarına minnətdarlığımı bildirirəm”.


Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri, Azərbaycan Ağsaqqallar Şurasının Fəxri üzvü Hulusi Kılıç çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ürək sözlərini və təbriklərini çatdırıb. Qazaxda olmaqdan, Ulu Öndərə həsr olunmuş konfransda iştirak etməkdən məmnun olduğunu söyləyib. H.Kılıç “Haydar Aliyev’in Türk Birliğinin oluşmasında rolü” mövzusunda çıxış edərək bildirib ki: “Bu il çox əlamətdar bir ildir. Həm Ulu Öndərin 100 illiyi qeyd edilir, həm də Prezident İlham Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 20 ili tamam oldu. Ən əsası da Xankəndidə keçirilən hərbi parad bu ilin ən önəmli uğurlarıdır. Bu gün Ulu Öndərin ruhu şaddır. Hər xalqın taleyində dövləti quran liderlər vardır. Mustafa Kamal Atatürk Türkiyə cümhuriyyətini, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini qurdu. Liderlər dünyalarını dəyişsə də, fikirləri hər zaman yaşayır. Müasir Azərbaycan Ulu Öndərin fikirləri üzərində qurulmuşdur. Bu fikirlər Ali Baş Komandanın liderliyi ilə sonsuza qədər yaşayacaqdır. Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Türkiyə ilə əlaqələri gücləndirərək qardaşlığı davam etdirdi. 1992-ci ildə Naxçıvanda “Ümid Körpü”sünü qurdu. “Əsrin müqaviləsi”ndə qardaş Türkiyəni unutmadı. Ulu Öndər türk dövlətlərinin birləşməsi üçün bütün təməlləri atmışdır. Ulu Öndər türk dünyasının övladı idi. Dünyasını dəyişsə də biz hər zaman onu fikirləri ilə xatırlayırıq. Ulu Öndərin bizə buraxdığı ən böyük miras, güc Ali Baş Komandan İlham Əliyevdir. Ali Baş Komandan Ulu Öndərin yolunu və qardaş Türkiyə ilə əlaqələri qaldığı yerdən davam etdirdi. Türkiyə hər zaman olduğu kimi, 44 günlük Vətən müharibəsində də qardaş Azərbaycanın yanında oldu. Bu gün Türkiyə ilə Azərbaycan əlaqələrini bütün dünyaya bəyan edən rəsmi sənəd olan Şuşa Bəyannaməsi var. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu gün dahi liderin yarım qalan arzularını reallaşdırmaqdadır. Türkiyədə baş vermiş fəlakət zamanı qardaş Azərbaycanın verdiyi dəstək, Heydər Əliyev Fondunun göndərdiyi yardımlar çox böyük məna daşıyır”. 


Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin, Mədəniyyət komitəsinin, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, ürək sözlərini bölüşüb. Ü.Ağayeva qeyd edib ki: “Hər bir xalqın tarixində, xüsusilə də siyasi dəyişikliklər olan dövrdə çətinliklər olur. Azərbaycan tarixinin də ağır və çətin günləri oldu. Bu dövr ərzində şəhidlər verdik, unudulması mümkün olmayan soyqırımlar, faciələr yaşandı. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, dövlətini bu bəlalardan alnıaçıq, üzüağ çıxaran, bu gün müstəqil siyasət yürüdən dövlətlərlə öz dövlətini eyni səviyyəyə qaldıran fenomen şəxsiyyət Heydər Əliyev kimi lideri olub. Məhz həmin çətin məqamlarda Azərbaycan xalqı müdriklik göstərərək dahi liderini ölkə rəhbərliyinə gətirdi. Xalqın təkidli tələbi ilə Ulu Öndərin hakimiyyətə gəlişindən sonra Azərbaycanın yeni tarixi yazılmağa başladı. Bu gün biz Ulu Öndərin əsasını qoyduğu azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşmişik. 44 günlük Vətən müharibəsində bunun əyani şahidi olduq. Həmin dövrdə Azərbaycan xalqının bir yumruq kimi Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsini gördük. Bu gün Ulu Öndərin əsasını qoyduğu dövlət siyasəti Prezident tərəfindən uğurla davam etdirilir. Azərbaycan dövləti, Azərbaycan xalqı yaşadıqca Ulu Öndərin xatirəsi hər zaman daim qəlblərimizdə yaşayacaq”.


Ərzincan Binəli Yıldırım Universitetinin təmsilçisi Prof.Dr. Ali Kafkasyalı çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ürək sözlərini bildirib. A.Kafkasyalı “Çagdaş Azerbaycan Devletçiliyinin banisi Haydar Aliyev” mövzusunda çıxışında bildirib ki: “Ölkə Prezidenti İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında imzaladığı müvafiq Sərəncamında qeyd edildiyi kimi, “Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”. Azərbaycan xalqının və dövlətinin çətin məqamlarında Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyətə ehtiyac vardı ki, müdrik insanlar məhz o dahi lideri seçdilər, hakimiyyətə gəlməsini istədilər. Heydər Əliyevin gəlişindən sonra yeni Azərbaycan dövləti formalaşdı. Heydər Əliyevin xalqına və ölkəsinə ən önəmli mirası İlham Əliyevdir. Ulu Öndər deyirdi ki, “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ulu Öndər güvənində yanılmadı. Son 20 ildə Azərbaycanın sosial, iqtisadi, siyasi sahədə əldə etdiyi uğurlar, 44 günlük Vətən müharibəsində qazandığı Qələbə bunun əyani göstəricisidir. Şuşada, Xankəndidə 8 Noyabr – Zəfər Günündə yaşanan anlar Azərbaycanın şərəfli tarixi kimi bu günün və gələcək nəsillərin qürur qaynağı olacaqdır. Heydər Əliyev Azərbaycan-Türkiyə əlaqələrinə böyük önəm verirdi. İki ölkənin qardaşlığı və dostluğu ilə iftixar edərdi. Azərbaycan və Türkiyənin şad və kədərli günlərdə bir-birinin yanında olacağını söylərdi. 44 günlük savaşda Türkiyənin Azərbaycan xalqının yanında olması, fevral ayında Türkiyədə baş vermiş zəlzələdə Azərbaycanın türk xalqının yanında olması bunun göstəricisidir. Türk xalqı olaraq bunu bu gün də minnətdarlıqla qəbul edirik. Heydər Əliyevin xalqı, Vətəni yolunda etdiyi fədakarlıqlar, xidmətlər Azərbaycanın yeni tarixinin uğurlu səhifələridir. 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi onun anlamlı, uzaqgörən, milli, mənəvi dəyərlərə əsaslanan fəaliyyətinə bir daha geniş və çoxyönlü baxmağa imkan verməkdədir. Azad və müstəqil Azərbaycan Heydər Əliyevin gələcək nəsillərə əmanətidir. Xalqına belə müqəddəs miras qoyan Ulu Öndərin xatirəsi hər bir türk övladının qəlbində əbədi yaşayacaqdır”.


YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını və qonaqları rəhbərlik etdiyi təşkilatın üzvləri adından salamlayıb, ən xoş arzularını ifadə edib. A.Nəbiyev “Nə zaman, nə də məkan anlayışına sığışmayan mənalı ömür” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, bu gün düşmənlə 168 km sərhədi olan Qazaxda Ulu Öndərin 100 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransın keçirilməsi əlamətdar hadisədir. A.nəbiyev buna görə ilk növbədə konfransın təşkilatçılarına minnətdarlığını bildirib. 2023-cü ilin xalqımız üçün əlamətdar bir il olduğunu, bu ilin “Heydər Əliyev İli” elan edildiyini söyləyən A.Nəbiyev qeyd edib ki, bu, müdrik Azərbaycan xalqının öz böyük oğluna, öz dahi rəhbərinə olan böyük hörmət və ehtiramının, sonsuz sevgi və sədaqətinin təzahürüdür. A.Nəbiyev bu il həm də Prezident İlham Əliyevin 2003-cü ilin 15 oktyabrında ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il ötdüyünü, Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 ilinin tamam olduğunu, qardaş Türkiyədə cümhuriyyətin yaranmasının 100 ilinin tamam olduğunu qeyd edib. A.Nəbiyev vurğulayıb ki: “Hər bir xalqın özünəməxsus dahiləri, liderləri, görkəmli şəxsiyyətləri mövcuddur. Ümummilli Lider Heydər Əliyev tək Azərbaycanın deyil, bütövlükdə, türk dünyasının liderlərindən biridir. Ümummilli Liderin keşməkeşlərlə dolu mənalı və şərəfli ömrü, onun Vətən, xalq yolunda misilsiz xidmətləri, onun qətiyyəti, cəsarəti, müdrikliyi, uzaqgörənliyi hər birimizə, gələcək nəsillərə bir örnəkdir. Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə tarix yazdı. Ümummilli Lider müasir, müstəqil, demokratik, güclü, dünyəvi dövlətin Azərbaycan modelinin müəllifidir. Heydər Əliyev xalqını nə qədər sevirdisə, xalq da dahi rəhbərini o qədər sevir və inanırdı”. A.Nəbiyev Ulu Öndər Heydər Əliyevin miras qoyduğu müstəqil Azərbaycanın bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edəcəyini, güclü, qüdrətli dövlət kimi bütün dünya dövlətləri arasında seçiləcəyini bildirib. “Bu gün fəxr və qürurla deyə bilərik ki, xalqımızın iki müdrik övladının – Ulu Öndər Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adları Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı. Müdrik ata vəsiyyəti, qalib, xoşbəxt oğul vədi artıqlaması ilə yerinə yetirildi. Bu gün Ulu Öndərin və şəhidlərimizin ruhu şaddır. Çünki bütün şəhidlərimizin, soyqırım və faciə qurbanlarının qisasları alındı”, - deyən A.Nəbiyev bir daha şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə sağlamlıqlarına qovuşmalarını arzulayıb.


Türkiyənin Atatürk Universitetindən Dr. Hamza Kolukısa çıxış edərək tədbir iştirakçılarını salamlayıb, “Haydar Aliyev ile ilgili Türkiyede Yapılan Akademik Çalışmalara bir bakış” mövzusunda çıxış edib. Qeyd edilən mövzuda saysız-hesabsız məqalələrin yazıldığını söyləyib. Natiq çıxışında iki qardaş ölkə - Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 1993-2003-cü illərdə Azərbaycanın xarici əlaqələrinin, o cümlədən də Türkiyə ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini diqqətə çatdırıb.


Naxçıvan Dövlət Universitetindən Fil.ü.f.d.dos. Bağır Babayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, dahi şəxsiyyətin 100 illiyinə həsr olunmuş konfransda iştirak etməkdən qürur duyduğunu söyləyib. B.Babayev “Təhsilimizin milli əsaslar üzərində qurulmasında Heydər Əliyevin rolu” mövzusunda çıxış edərək dahi rəhbərin təhsilimizin inkişafı naminə gördüyü işlərdən, misilsiz xidmətlərdən söz açıb. Natiq “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam” söyləyən dahi şəxsiyyətin doğulub boya-başa çatdığı torpaqda yaşamağın ikiqat qürur hissi bəxş etdiyini dilə gətirib. 


Adıyaman Üniversitesi Fen Edebiyyat Fakültesi Türk Dili ve Edebiyatı Bölümü, Prof.Dr. Şehrabanı Allahverdiyeva çıxış edərək təmsil etdiyi Universitetin rəhbərliyi adından tədbir iştirakçılarını salamlayıb, ürək sözlərini bölüşüb. Ş.Allahverdiyeva Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri haqqında danışmağın çətin olduğu qədər də qürurverici olduğunu söyləyib. Ulu Öndər Heydər Əliyevin tarix yaradan şəxsiyyət kimi daim qəlblərdə yaşayacağını qeyd edib. 


Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzinin Həsənsu kənd folklor klubunun müdiri Rüfət Axundlu Ulu Öndər Heydər Əliyevə və Xankəndi qələbəmizə həsr etdiyi şeirlərini təqdim edərək tədbirə öz töhfəsini verib.  

Sonda qonaqlara konfransda iştiraklarına görə plaket və Sertifikat təqdim olunub. 

Ərzincan Binəli Yıldırım Universiteti tərəfindən konfrans iştirakçılarına hədiyyələr verilib.

Konfransda Bakı Dövlət Universitetinin Qazax filialında Ulu Öndərin 100 illiyinə həsr olunmuş esse müsabiqəsinin qaliblərinə də Sertifikat təqdim edilib. 

Konfransdan sonra Qazaxda səfərdə olan qonaqlar Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rayonun Daş Salahlı kəndində yerləşən Damcılı filialında olublar. Qoruğun direktoru Səadət Əliyeva mağara haqqında, burada aparılan qazıntı işləri, tədqiqat nümunələri barədə ətraflı məlumat verib. 

Qeyd: Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev müasir dövlətçiliyimizin banisidir” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransın bağlanış tədbiri 24 noyabr 2023-cü il tarixdə Bakı Dövlət Universitetinin Qazax filialında olacaq.

GOYEZEN.AZ



Facebook-da paylaş