• Təqvim

  • Maraq



Qazaxda “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda konfrans keçirilib


Aprelin 13-də Azərbaycan Respublikasının Milli Məclisi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda konfrans keçirilib.


Qazax Gənclər Evində təşkil olunan tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, Milli Məclisin deputatları Xalq şairi Sabir Rüstəmxanlı, Cavanşir Feyziyev, Nəsib Məhəməliyev, Nigar Arpadarai, Asim Mollazadə, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Litvanın ölkəmizdə fövqəladə və səlahiyyətli  səfiri Eqidius Navikas, Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Petr Zix, Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müşaviri Emil Məcidov, Milli Məclisin, komitələrin, komissiyaların işinin təşkili şöbəsinin komitələr və komissiyalarla iş sektorunun baş məsləhətçisi Amil Qurbanov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin ekspertləri Lalə Babayeva, Vüsalə Məmmədova, Vətən müharibəsi iştirakçısı, “Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" təltifli idman ustası, Sərhədçi İdman Mərkəzinin İdman Bölməsinin rəisi, polkovnik Firdovsi Umudov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqal və ziyalılar, təhsil işçiləri, qazilər, şəhid ailələri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, könüllülər, KİV nümayəndələri iştirak ediblər. 


 

Rayon rəhbərliyi və qonaqlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda olub, abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar. Ümummilli Liderin adını daşıyan Mərkəzi ziyarət edərək həyat və fəaliyyəti ilə yaxından tanış olublar. 


Qazax Gənclər Evində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 



Tədbirin aparıcısı, deputat köməkçisi Akif Əmirov konfransı açıq elan edərək iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb, iştirak edən qonaqlara razılığını ifadə edib. Qeyd olunub ki, Heydər Əliyev yüksək keyfiyyətləri özündə birləşdirən böyük şəxsiyyət idi. O şəxsiyyət ki, ölkənin çox çətin, qaranlıq dövrlərində günəş kimi doğdu Azərbaycana. Planları, məqsədləri və sarsılmaz inamı ilə işıq tuta bildi yolumuza. Azərbaycanın gələcəyini özündən artıq tuturdu dahi rəhbər. Heç bir dövlətə bağlı olmadan azad, müstəqil və güclü dövlət miras qoya bildi bizə. Heydər Əliyev Azərbaycan milli tarixində özünəməxsus yer  tutan  elə nadir  tarixi şəxsiyyətlərdəndir ki, Onun zəngin irsi hələ uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaqdır. O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdı. O, şəxsi qazanc və şöhrətin arxasınca qaçan bir rəhbər yox, xalqına sağlam gələcək qurmaq üçün yaşayan bir qəhrəman idi. A.Əmirov Respublika Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3494 nömrəli Sərəncamı ilə 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edildiyini bildirib. Bu sərəncamın icrası ilə bağlı Qazax Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq Tədbirlər Planının təsdiqləndiyini və bu gün keçirilən konfransın həmin tədbirlər planının icrası məqsədilə həyata keçirildiyini qeyd edib.

 

Respublika Prezidenti İlham Əliyevin "Heydər Əliyev İli" çərçivəsində Tədbirlər Planını təsdiq etməsi haqqındakı sərəncamı Azərbaycanın müstəqillik tarixinin qüdrətli yaradıcısı və müstəqil Azərbaycan dövlətinin böyük qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin parlaq irsinin öyrənilməsi və müstəqil Azərbaycan Respublikasının çiçəklənməsi yolunda xidmətlərinin əhatəli şəkildə xalqımıza çatdırılmasında mühüm əhəmiyyətə malik dövlət sənədi olduğunu diqqətə çatdırıb. Qazax rayonunda bugünədək “Heydər Əliyev İli” çərçivəsində “20 Yanvar həqiqətlərinin dünyaya çatdırılmasında Heydər Əliyevin rolu”, “Heydər Əliyev və Azərbaycan gəncliyi”, “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzularında geniş tərkibdə konfransların keçirildiyini, ADA Universiteti Qazax Mərkəzi, Heydər Əliyev Fondu və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sağlam gələcəyimiz üçün ağac əkin!” devizi altında 4000 ağac əkildiyini, rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən ağacəkmə aksiyaları, konfrans, seminar, intellektual yarışlar və dəyirmi masalar daxil olmaqla, 51 tədbir keçirildiyini diqqətə çatdırıb.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. İcra başçısı bildirib ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan şəxsiyyətlər, görkəmli mütəfəkkirlər və dövlət xadimi çox olmuşdur. Onlar zaman-zaman gördükləri böyük işlər, əməllər ilə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gələn unikal haldır. Rayon rəhbəri qeyd edib ki, Heydər Əliyev XX və XXI əsr Azərbaycan Respublikasının ən görkəmli şəxsiyyətlərindən biri idi. Ümummilli Lider təkcə müasir həyatın müxtəlif problemləri deyil, həm də siyasi, iqtisadi, elmi, mənəvi, mədəni, tarixi mövzular, habelə sənətin ayrı-ayrı sahələrinə dair məsələlər barədə saatlarla danışmağı, mövcud vəziyyəti dərindən təhlil edərək nəticələr çıxarmağı bacaran dahi bir şəxs idi.

1969-cu il 14 iyul tarixinin Azərbaycan həyatında xüsusi yeri var. Azərbaycan KP MK-nın iyul plenumunda Heydər Əliyevin birinci katib seçilməsi ilə Azərbaycanın intibah dövrü başladı - Bakıda on minlərlə işçi sayı olan bir çox sənaye müəssisələri yaradıldı. “Gülüstan” sarayı, indiki Heydər Əliyev sarayı kimi yaraşıqlı binalar inşa edildi. Bir çox yeni yaşayış massivləri, mikrorayonlar salındı. Respublikamızın bütün regionlarını əhatə etməklə kənd təsərrüfatı inkişaf yoluna çıxdı, pambıq, üzüm, tərəvəz, tütün istehsalı dəfələrlə artdı. Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə insanlarda milli ruhun oyanışı başladı. Heydər Əliyev yalnız Azərbaycanın intibah dövrünün müəllifi deyil, həm də öz idealları ilə yollarımızı işıqlandıran parlaq mayak, xalqımızın qürur və iftixar mənbəyidir. O, SSRİ-nin əsas rəhbər orqanının - Siyasi Büronun üzvü idi. Sonradan SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilmişdi. Bu, Azərbaycanda böyük ruh yüksəkliyi yaratmışdı. Həmin dövrdə Heydər Əliyev bir sıra ittifaqmiqyaslı layihələri Bakıya yönəltdi. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən gördüyü nəhəng işlər, fitri təşkilatçılıq bacarığı Heydər Əliyevin şöhrətini getdikcə artırırdı. Bu, imperiyanın bəzi rəhbərlərini qıcıqlandırır, onlarda həsəd və paxıllıq hissləri baş qaldırırdı. Mixail Qorbaçovun siyasi hakimiyyətə gəlişindən sonra Heydər Əliyevə qarşı aparılan bədnam kampaniya açıq müstəviyə keçdi. O, ölkə rəhbərliyi ilə aralarında yaranmış ciddi fikir ayrılığı səbəbindən tutduğu vəzifələrdən istefa verdi. Bununla da Azərbaycanın qara günləri başladı. Əminliklə demək olar ki, əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, 20 Yanvar hadisələri baş verməz, torpaqlarımız işğal altına düşməzdi. İcra başçısı bildirib ki, dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Azərbaycanda görünməmiş xaos və anarxiya hökm sürürdü. O vaxt ki, iqtidarın səriştəsizliyi, hakimiyyət uğrunda çəkişmələr ölkəni uçuruma aparırdı. 1993-cü ilin ortalarında siyasi-iqtisadi böhran kulminasiya nöqtəsinə çatdı. Belə mürəkkəb və ağır vəziyyətdə xalqın yeganə ümid yeri Heydər Əliyev idi. Hamı düşünürdü ki, Azərbaycanı düşdüyü fəlakətdən yalnız bu dahi şəxsiyyət xilas edə bilər. 1993-cü ildə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider ilk növbədə ölkədə siyasi sabitliyi təmin etdi. Ölkənin gələcək inkişaf strategiyasını müəyyənləşdirərək onun müstəqilliyini əbədiləşdirdi. Zamanın ağır və sərt sınaqlarına vüqarla sinə gələn müstəqil Azərbaycan dövləti Heydər Əliyevin liderliyi ilə öz hüquqi və siyasi-iqtisadi suverenliyi istiqamətində uğurla irəliyə getməyə başladı. Cəmiyyətdə sürətlə formalaşan ictimai-siyasi sabitlik ölkəmizin bütün sahələrdə inkişafına möhkəm zəmin yaratdı. Azərbaycanın sosial-iqtisadi yüksəlişi ilə yanaşı, cəmiyyətin demokratik əsaslarla inkişafı üçün lazımi mühit formalaşdırdı.

Müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyev gələcəyə böyük inam hissi ilə deyirdi: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir”. İcra başçısı vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz insan olaraq qalacaq. Çünki O, öz işləri, əməlləri ilə hələ sağlığında tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır. O, Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb. Heydər Əliyev bütün dövrlərdə qüdrətli Azərbaycan uğrunda çalışıb. Dahi siyasi xadimin xidmətləri sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz hissəsinə çevrilib, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil edib. Onun Azərbaycana rəhbərlik illəri tariximizdə milli intibah dövrü kimi əbədiləşib. O, müstəqil Azərbaycan dövlətinin memarı oldu, iqtisadiyyatı dirçəltdi, ölkəmizin  gələcək inkişafına zəmin olacaq böyük neft erasının əsasını, qüdrətli Azərbaycan Ordusunun təməlini qoydu. Müdrik siyasi və dövlət xadimi olan Heydər Əliyev, yeni iqtisadi strategiyanın əsasını qoydu. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın inkişafının, gələcək uğurlarının təməlləri atıldı. Daha sonra bu strategiyanın nəticəsi olaraq Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri ərsəyə gəldi. Prezident İlham Əliyev Ulu Öndərin ideyalarını uğurla davam etdirərək yeni transmilli layihələrin – Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Avropanın enerji xəritəsini dəyişən Cənub Qaz Dəhlizinin, o cümlədən TAP və TANAP-ın həyata keçirilməsinə nail oldu. Ulu Öndər sosial-iqtisadi siyasətdə köklü dəyişikliklərlə yanaşı, nizami ordu yaradılması istiqamətində də davamlı addımlar atırdı. Məhz həmin dövrdə qurulan ordu torpaqlarımızın işğaldan azad olunacağına inamı gücləndirirdi. Ulu Öndərin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Rayon rəhbəri qeyd edib ki, bütün görüşlərində ərazi bütövlüyümüzün bərpası məsələsinə toxunan Ulu Öndər bunu ən ümdə vəzifə hesab edərək deyirdi: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur”. Biz “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun...”. Həmin vaxt 2020-ci ildə yetişdi. Dahi şəxsiyyətin arzusunu, vəsiyyətini onun layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev yerinə yetirdi. Ulu Öndərin təməlini qoyduğu Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın mədəniyyət beşiyi olan Şuşada qürurla dalğalanmağa başladı. Bununla da “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!” deyən Ulu Öndərin ən böyük arzusu həyata keçdi, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsi oldu. Artıq bölgədə yeni reallıq yaranır. Digər tərəfdən isə dünyada yeni nizam yaranmaqdadır. Belə bir gərgin və məsuliyyətli zamanda superdövlətlər əhatəsində olan Azərbaycan müstəqil, suveren dövlət olaraq öz varlığını, gələcək taleyini möhkəmləndirmək formulunu araşdırır. Dövlətimizin başçısı İlham Əliyevin şəxsi nüfuzu, onun gələcəyə yönəlmiş hədəfləri düzgün qiymətləndirmə bacarığı, diplomatik məharəti, düzgün qərarları dövlətimizin imkanlarını gündən-günə artırır. Hər birimiz fəxr edirik ki, bu gün onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən dövlət xadimi, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva daha da gücləndirirlər. Bir çox beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin artıq regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyinin sübutudur. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır. Təkcə son iki ildə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə beynəlxalq konfransın, III və IV Beynəlxalq humanitar forumların, İkinci Mədəniyyətlərarası Dialoq Forumunun, Davos Dünya İqtisadi Forumunun və digər yüksək səviyyəli qlobal tədbirlərin keçirilməsi bunu bir daha təsdiq edir. Beynəlxalq arenada qazanılan bu möhtəşəm uğurun əsasında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi balanslı və çevik xarici siyasət strategiyası və onun dünyanın yeni geosiyasi reallıqları nəzərə alınmaqla, Prezident İlham Əliyev tərəfindən novatorcasına davam etdirilməsi kursu dayanır. Azərbaycan xalqı özünü xoşbəxt saya bilər ki, Heydər Əliyev kimi xarizmatik lider ölkəmizə rəhbərlik etmiş, məhz bu dahi insanın yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində Azərbaycan sürətli inkişaf etmiş və onun müəyyənləşdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olmuşdur. Dövlət müstəqilliyi dövlətin tarixdə yaşama mərhələsidir. Ona görə də dövlət müstəqilliyi hər bir vətəndaş üçün ən böyük sərvətdir. Bu gün Heydər Əliyev ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, azərbaycançılıq fəlsəfəsi, ideologiyası yaşayır və onun qurduğu, yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə gündən-günə inkişaf edir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir. Onun da adını əbədləşdirən onun sevə-sevə yaratdığı müasir Azərbaycandır. Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!.


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Qazaxda Ulu Öndərin adı ilə bağlı keçirilən konfransda iştiraklarına görə millət vəkillərinə və səfirlərə minnətdarlığını bildirib. Tədbirin yüksək səviyyədə təşkilinə və millət vəkillərinə göstərilən qonaqpərvərliyə görə nümayəndə heyətinin adından rayon rəhbərliyinə təşəkkürünü ifadə edib. Millət vəkili Səməd Seyidov qeyd edib ki, Azərbyacanı nəinki yer üzündən silmək istəyirdilər, eyni zamanda, Azərbaycan xalqının ümidini sındırmaq istəyirdilər. Ulu Öndər Heydər Əliyevin ən böyük işlərindən biri o oldu ki, Azərbaycan xalqında ümid yaratdı. Qarabağın, Şuşanın qayıdacağı, Azərbaycan xalqının qalib xalqa çevriləcəyi ümidini yaratdı. O ümidi doğrultmaq lazım idi. O ümidi bu gün Azərbaycan xalqına bəxş edən Azərbaycan Respubikasının Prezidenti İlham Əliyevdir. S.Seyidov bu gün ölkə Prezidenti İlham Əliyevin yaratdığı və apardığı siyasətin Qazaxda yüksək səviyyədə həyata keçirildiyini qeyd edib. Bunu Qazaxa hər səfəri zamanı görülən işlərdə, gündən-günə inkişaf edən rayonun simasında aydın şəkildə gördüyünü vurğulayıb. 


Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Qazaxda olmaqdan məmnunluq hissi duyduğunu söyləyib. “Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki rolu qeyri-adidir”, - deyən millət vəkili S.Rüstəmxanlı Ulu Öndərlə birlikdə iştirak etdiyi tədbirlərdən, görüşlərdən söz açıb, dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşüb. “Azərbaycan tarixində Heydər Əliyev qədər ədəbiyyata, sənətə, mədəniyyətə, teatra, kinoya qiymət verən ikinci bir şəxs olmayıb”, - dəyən millət vəkili Onun əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağını söyləyib. Qazaxla bağlı ürək sözlərini çatdıran millət vəkili bildirib ki, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin elə bir sahəsi yoxdur ki, Qazax həmin sahələrdə tarixi şəxsiyyətlər bəxş etməsin. Ən əsası isə Ulu Öndər həmin şəxsiyyətlərin əməyini yüksək qiymətləndirib. 


Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxış edərək konfrans iştirakçılarını salamlayıb, Qazaxla bağlı fikirlərini bölüşüb. Son illər Qazaxda aparılan quruculuq işləri sayəsində, dövlət başçısının həyata keçirdiyi siyasətin Qazaxda uğurla icra edilməsi sayəsində Qazaxın inkişaf etdiyini bildirib. “Nəinki bu il, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra hər ilimiz “Heydər Əliyev İli”dir”, - deyən millət vəkili bu ilin bizim üçün əhəmiyyətli bir il olduğunu vurğulayıb. Müstəqilliyin ilk illərində üzləşdiyimiz çətinliklərdən, xalqımızın başına gətirilən müsibətlərdən danışan millət vəkili həmin illərdə xalqın xilas yolunu yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında gördüyünü bildirib. Qeyd edib ki, geriyə dönüb baxanda görürük ki, Azərbaycan xalqı tərəfindən verilmiş tarixi qərar çox düzgün bir qərar idi. Çünki Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə müharibəni dayandırdı. Ən əsası da dünyanın böyük dövlətlərinin birləşdiyi “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə müstəqil Azərbaycanın parlaq gələcəyinin təminatçısı, işğal altında olan torpaqlarımızın geri qaytarılmasında açılan qapı oldu. Heydər Əliyev yaşadığı və işlədiyi bütün illər ərzində müstəqil Azərbaycan naminə əlindən gələni əsirgəməyib. Biz də xalq olaraq tarixin yetişdirdiyi şəxsiyyətlərə, dahi lider olan Heydər Əliyevə öz minnətdarlıq borcumuzu hər zaman bildirməliyik.


Milli Məclisin deputatı Nigar Arpadarai çıxış edərək tədbir iştirakçılarına səmimi ürək sözlərini çatdırıb, önəmli bir mövzuda Qazaxda keçirilən konfransa dəvətinə görə razılığını ifadə edib. “Mənim üçün Ulu Öndər haqqında danışmaq böyük bir məsuliyyətdir”, - deyən millət vəkili dahi rəhbərlə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, Ulu Öndər Azərbaycanın tarixində çox böyük bir iz qoymuş tarixi şəxsiyyətdir. Onun Azərbaycana gəlişini, o dövr yaşanan ağır hadisələri hər birimiz yaxşı xatırlayırıq. Bu gün isə başqa bir Azərbaycan görürük. Heydər Əliyev Azərbaycanı sevirdi, Azərbaycanı güclü görmək istəyirdi. O, Azərbaycan xalqını həmrəy, qürurlu görmək istəyirdi. Bu gün nə xoş bizlərə ki, illər keçdikdən sonra Prezident İlham Əliyevin siyasəti ilə Heydər Əliyevin arzuladığı Azərbaycanı biz indi görürük. Torpaqlarımızı işğaldan azad edə bilmişik, bu gün keçdiyimiz yolu qürurla xatırlayırıq. Bütün bunlar vaxtilə verilmiş qərarların, atılan addımların, aparılan siyasətin nəticəsidir. Ulu Öndərin qadınlara verdiyi dəyərdən, ölkəmizdə yürüdülən qadın siyasətindən söz açan millət vəkili qadınların əldə etdikləri bugünkü uğurların dahi şəxsiyyətin adı ilə bağlı olduğunu bildirib. 44 günlük Vətən müharibəsindən söz açan millət vəkili qazanılan Qələbəyə görə Ulu Öndərin dövründə yetişən gənclər ordusuna minnətdar və borclu olduğumuzu söyləyib.   


Milli Məclisin deputatı Asim Mollazadə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Qazaxa səfəri ilə bağlı fikirlərini bölüşüb. Qazax Müəllimlər Seminariyası ADA Universitetinin Qazax Mərkəzi barədə fikirlərini söyləyən millət vəkili ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən Qazax Müəllimlər Seminariyasının bərpa olunmasını Azərbaycan təhsilinin inkişafı naminə atılan uğurlu addım kimi qiymətləndirib. Ulu Öndər Heydər Əliyev haqqında ürək sözlərini çatdıran millət vəkili Onun maraqlı xüsusiyyətlərinin olduğunu söyləyib. Dahi şəxsiyyətin siyasi hadisələrə özünəməxsus tarixi baxışı olduğunu, qərar qəbul edərkən təkcə həmin dövrü deyil, illər sonranı düşündüyünü söyləyib.  


Milli Məclisin deputatı Nəsib Məhəməliyev çıxış edərək şairlər yurdu Qazaxda olmaqdan məmnunluq hissi duyduğunu, Qazaxa səfərin onlarda xoş təəssürat yaratdığını söyləyib. Tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Ümummilli Lider Heydər Əliyevlə bağlı ürək sözlərini bölüşən millət vəkili bildirib ki, Onun çətin anlarda, dövrdə xalqının yanında olması qeyri-adi siyasətçi, lider olmasının göstəricisi idi. Millət vəkili Ulu Öndər tərəfindən bütün sahələrə təkan verildiyini, bugünkü siyasətin Heydər Əliyevin strateji düşüncəsinin məhsulu olduğunu diqqətə çatdırıb. ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının bərpa olunması ilə bu tarixi təhsil ocağına ikinci dəfə həyat verildiyini qeyd edib. Gələcəkdə siyasi diplomatların Qazaxda yerləşən bu ali təhsil məbədində yetişəcəyini, gənclərə bu təhsil ocağından yeni qapılar açılacağını, Qazaxın dünyada təmsil olunacağını söyləyib.


Milli Məclisin deputatı Sabir Hacıyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, günü-gündən gözəlləşən Qazaxda olmaqdan məmnunluq hissi duyduğunu söyləyib. Millət vəkili Ulu Öndər Heydər Əliyev haqqında fikir bildirməyin həm asan, həm də çətin olduğunu bildirib. Dahi şəxsiyyət haqqında yığcam danışmağın çətin, günlərlə, aylarla, illərlə danışmağın isə asan olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Ulu Öndər hər hansı bir sahədə çalışıbsa, hər zaman peşəkar insan kimi yaddaşlarda qalıb. Ən əsası da bütün sahələrdə hər zaman xalqını, Vətənini müdafiə etməyi bacarırdı. Bu gün Ulu Öndər hər birimizin qəlbində Azərbaycanı qısa müddətdə qüdrətli dövlətə çevirən dahi şəxsiyyət kimi yaşayır və bundan sonra da yaşayacaq. “Ulu Öndər Heydər Əliyev memar olmaq istəyirdi. O, hansısa binanı inşa etmək üçün memar olmasa da müstəqil Azərbaycanın memarına çevrildi”, - deyən millət vəkili dahi şəxsiyyətin qəlblərdə əbədi yaşayacağını söyləyib.


Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, tədbirdə iştiraklarına görə razılığını ifadə edib. “Heydər Əliyev İli” çərçivəsində respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərin keçirildiyini, bugünkü konfransın bunun bariz nümunəsi olduğunu söyləyib. Ulu Öndər söyləyirdi ki, “Mənim üçün hər şeydən əziz mənim Vətənimdir, mənim torpağımdır, mənim xalqımdır”. Bəli, Ulu Öndər müasir, müstəqil, demokratik, güclü, qüdrətli, dünyəvi və hüquqi dövlətin Azərbaycan modelinin müəllifidir. Heydər Əliyev dünya siyasətini dərindən bilən, bu siyasətə təsir etməyi bacaran, özü tarix yazan, yaradan və bu tarixin zirvəsində durmağı bacaran nadir şəxsiyyətlərdən biridir. Qeyd edib ki, Ulu Öndər canından artıq sevdiyi Azərbaycanı nə qədər sevirdisə, xalqı da bu gün dahi rəhbəri onun sevdiyi kimi sevir. “Ulu Öndərin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünü tam görmək idi”, - deyən natiq bu gün həmin arzunun reallaşdığını, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzü bərpa etdiyini qeyd edib.   


Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Petr Zix çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 30 ildir ki, Avropa Şurasında çalışdığını söyləyib. Azərbaycanın Avropa Şurasına daxil olmasını bu gün də xatırladığını diqqətə çatdıraraq bunun Ulu Öndərin adı ilə bağlı olduğunu qeyd edib. Azərbaycanın Avropa Şurasına daxil olması üçün sənədlərin hazırlanması zamanı Ulu Öndərlə dəfələrlə görüşlərdə iştirak etdiyini söyləyib. Avropa Şurasının Bakı ofisinin rəhbəri olaraq ilk dəfə Qazaxa səfər etdiyini bildirib. Bu gün qürur duyuram ki, Ümummilli Liderin 100 illiyini qeyd etmək üçün yığışmışıq. Qazaxla bağlı təəssüratlarını bölüşən natiq Qazaxın müasir şəhər olduğunu, Qazaxın zəngin tarixi olduğunu, burada görkəmli şəxsiyyətlərin doğulduğunu, Qazaxda ADA Universitetinin filialını görməyin böyük nailiyyət olduğunu söyləyib. 


Litvanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas çıxış edərək iştirakçıları salamlayıb, Qazaxda olduğu üçün qürur duyduğunu söyləyib. 4 ildir ki, Litvanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri kimi ölkəsini təmsil etdiyini qeyd edib. Litva xalqı ilə Azəraycan xalqı arasında çox böyük bağlar və oxşarlıqlar olduğunu diqqətə çatdırıb. İki ölkə arasında olan münasibətlərdən söz açan səfir Litva ilə Azərbaycan arasında qardaşlaşmış şəhərlərin olduğunu, hətta, Qazaxla Litvanın Trakay şəhəri arasında dostluq əlaqələrinin olduğunu diqqətə çatdırıb. Bu dostluğun davam edəcəyinə böyük ümid bəslədiyini bildirib.


Birinci Qarabağ müharibəsi şəhidi Şahin Süleymanovun anası Tamella Süleymanova çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya şəhid ailələri adından minnətdarlığını bildirib. Ulu Öndər Heydər Əliyevin şəhid ailələrinə olan qayğısının bu gün onun layiqli davamçıları tərəfindən olduğu kimi davam etdirildiyini qeyd edib. 

Konfransda iştirak edən millət vəkilləri və qonaqlar fəal gənclərdən Pəri İbrahimova, Ülvi Zeynalov, Qazax Dövlət Sosial-İqtisadi Kollecin Qiymətləndirmə və Monitorinq Bölməsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin direktoru Hicran Əyyubova tərəfindən onlara ünvanlanan sualları cavablandırıblar. 

Sonda şəhid ailələri ilə xatirə şəkli çəkdirilib.


GOYEZEN.AZ 



Facebook-da paylaş