• Təqvim

  • Maraq



Qazaxda icra başçısı idmançılarla görüşüb


Sentyabrın 28-dən etibarən Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları davam edir. Keçirilən yarışlarda hər gün yeni nailiyyətlər qazanan idmançılarımız əldə etdikləri uğurlarla ölkəmizi layiqincə təmsil edir, üçrəngli bayrağımızı yüksəklərdə dalğalandıraraq Dövlət Himnimizi səsləndirirlər.

Oktyabrın 6-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov III MDB Oyunları çərçivəsində Qazaxda səfərdə olan idmançılarla görüşüb.  

Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev, baş katibin İdman işləri üzrə müavini Orxan MəmmədovFederasiyanın Nümayəndəliklərlə iş şöbəsinin müdiri Elfaq Səfərov, AGF-nin İcraiyyə Komitəsinin üzvləri, Sərbəst güləş idman növü üzrə Avropa Çempionatlarının, Olimpiya Oyunlarının Çempionu, Dünya Çempionatlarının mükafatçısı və Dünya Kubokunun qalibi Namiq Abdullayev, Yunan-Roma güləşi idman növü üzrə Dünya Çempionatlarının və Olimpiya Oyunlarının Çempionu Fərid Mansurov, Yunan-Roma güləşi idman növü üzrə Dünya və Avropa Çempionatlarının Çempionu, Olimpiya Oyunlarının mükafatçısı və Dünya Kubokunun qalibi Rafiq Hüseynov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin nəzdində olan Uşaq-Gənclər İdman Məktəbinin direktoru, Azərbaycanın Əməkdar məşqçi-müəllimi və İdman ustasıGənclər arasında Sərbəst güləş idman növü üzrə Avropa birinciliyində ikinci yerin sahibi Rəhim Namazov, Qazaxda SSRİ idman ustası, SSRİ bədən tərbiyə əlaçısı, Respublika dərəcəli hakim, Azərbaycanın fəxri bədən işçisi, Ali kateqoriyalı məşqçi-müəllim, Əməkdar məşqçi, Fəxri idman xadimi Ramiz Tağıyev iştirak ediblər.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək idmançıları salamlayıb, Qərbin qapısı sayılan Qazaxda görməkdən məmnun olduğunu söyləyib, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı sazın, sözün beşiyi sayılan Qazaxın həm də idmançıları ilə tanındığını qeyd edib. Hər zaman Sərbəst güləş, Yunan-Roma güləşi idman növlərində adını tarixə yazdıran qazaxlı idmançıların yarışlarda, çempionatlarda, birinciliklərdə qızıl, gümüş, bürünc medallar əldə etdiklərini vurğulayıb. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən idman sahəsinə, idmançılara göstərilən diqqət və qayğıdan, eləcə də ölkəmizdə Sərbəst və Yunan-Roma güləşi idman növlərinin inkişafı istiqamətində görülmüş işlərdən söz açan icra başçısı həmin qayğının bu gün də davam etdirildiyini vurğulayıb. Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, eləcə də Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov və federasiyanın əməkdaşları tərəfindən idmançılara göstərilən qayğıdan danışan rayon rəhbəri həmin qayğının Qazaxda da hiss olunduğunu diqqətə çatdırıb. İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Qələbə əldə edən ölkənin idmançıları olaraq onlardan bundan sonra da böyük nailiyyətlər gözlədiyini qeyd edib.


Görüşdə iştirak edən idmançılardan Namiq Abdullayev, Fərid Mansurov, Rafiq Hüseynov və başqaları çıxış edərək rayon rəhbərliyini salamlayıb, bugünkü görüşə görə təşəkkürlərini çatdırıblar. Onlarla olan bugünkü görüşü rayonda gənclərə, idmançılara olan qayğının, dövlət gənclər siyasətinin uğurla icra olunmasının bariz nümunəsi kimi qiymətləndiriblər. İdmançılar ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov və Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov tərəfindən idmançılara, Sərbəst və Yunan-Roma güləşi idman növü ilə məşğul olan gənclərimizə göstərilən diqqət və qayğıdan danışaraq Qazaxda həmin qayğının daim hiss olunduğunu bildiriblər. Məhz rayon rəhbərliyi tərəfindən həmin qayğının uğurla davam etdirildiyini vurğulayaraq hər zaman gənclərə, idmançılara olan səmimi münasibətə, göstərilən dəstəyə görə razılıqlarını ifadə ediblər. Ölkəmizin ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində yaranmış imkandan istifadə edərək həm də bölgələrimizdə Sərbəst və Yunan-Roma güləşi idman növlərinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlərlə, Qazax rayonunda yerləşən güləş zalları ilə yerində tanış olduqlarını, Qazax şəhər Stadionunun, Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin, Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta ümumtəhsil məktəbin idman zallarına, Məhəmmədəli Qazaxlı adına və Qazax Olimpiya İdman Kompleksinin güləş zallarına baxış keçirdiklərini, yaradılan şəraitlə maraqlandıqlarını diqqətə çatdırıblar.

Görüşün sonunda icra başçısı idmançıların ünvanlarına bir daha xoş sözlərini, səmimi ürək sözlərini səsləndirib. Səmimi söhbət əsasında keçən görüşün sonunda idmançılarla xatirə şəkli çəkdirilib.



Facebook-da paylaş