• Təqvim

  • Maraq



Qazaxda icra başçısının oktyabr ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun Ağköynək kəndində olub


Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması bütün sahələrdə əks olunur. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, bütün bunların arxasında vətəndaş məmnunluğunun təmin edilməsi dayanır. 

Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin  birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2025-ci ilin oktyabr ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü rayonun Ağköynək kəndində yaşayan sakinlərlə olub. 

Oktyabrın 9-da Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta ümumtəhsil məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə kənd sakinlərini narahat edən məsələlər dinlənilib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin yaşayış məntəqələrində vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib.

İcra başçısı Ağköynək kəndində keçirilən ötən səyyar görüşlərdə səslənən məsələlərin zamanla müsbət həllini tapdığını söyləyib. Ağköynək kəndində ümumilikdə, ötən illər ərzində 9 səyyar görüş keçirildiyini, həmin səyyar görüşlərdə 45 məsələ qaldırıldığını, həmin məsələlərdən 28-nin müsbət həllini tapdığını söyləyib. 8 məsələ ilə əlaqədar qanunamüvafiq izahat verildiyini, 9 müraciətlə bağlı aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırıldığını vurğulayıb. Ötən illər ərzində Ağköynək kəndində sakinlərlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində görülmüş işlərdən danışan rayon rəhbəri bu günə kimi səslənən hər bir müraciətə həssaslıqla yanaşıldığını söyləyib. Rayon rəhbəri Ağköynək kəndində Çərkəz İsmayılov və Cabir Hüseynov (Mehdi Hüseyn küçəsinin kəsişməsindən magistral yola kimi) küçələrinə yeni asfalt örtüyünün döşəndiyini vurğulayıb.

İcra başçısı Birinci Qarabağ müharibəsində 7 nəfər, 44 günlük Vətən müharibəsində 1 nəfər, Vətən müharibəsindən sonra xidməti vəzifəsini yerinə yetirərkən 1 nəfər olmaqla, ümumilikdə torpaqlarımızın azadlığı uğrunda Ağköynək kəndinin 9 nəfər igid oğlunun Şəhidlik zirvəsinə ucaldığını söyləyib. Birinci Qarabağ müharibəsində 13 nəfərin müharibə əlili olduğunu qeyd edib. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində qazandığımız tarixi Qələbədən söz açan icra başçısı bu Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu dilə gətirib. 44 günlük Vətən müharibəsində Ağköynək kəndindən 31 nəfərin iştirak etdiyini, onlardan 23 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu vurğulayıb. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. "Ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, Birinci vitse-prezident Mehriban xanım qazilərimizin yarası Azərbaycan xalqının yarasıdır deyirsə, bu, hər bir dövlət məmuru üçün nümunə olmalıdır", - deyən icra başçısı Qazaxda bütün şəhidlərimizin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. 

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Ağköynək kəndində də SİP kabelləşmə işinin aparılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də rabitə xəttinin yenilənəcəyini bildirib. Kənddə internetin keyfiyyətinin yüksəldilməsi məqsədilə fiber-optik internet xəttinin çəkildiyini, abonentlərin  sürətli internetlə təmin olunduğunu söyləyib.

İcra başçısı sakinlərlə təşkil edilmiş görüşdə erkən nikahın törətdiyi fəsadlardan da söz açıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində sözügedən mövzuya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində də valideynlərlə, müəllimlərlə yanaşı, hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Rayon rəhbəri ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizədə, erkən nikahın fəsadları ilə bağlı mübarizədə hər bir vətəndaşın səfərbər olmalı olduğunu vurğulayıb. Hər kəsin, xüsusilə də ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın erkən nikaha qarşı mübarizədə barışmaz mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb.

Rayon rəhbəri sakinlərlə keçirilən görüşdə narkomaniyanın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniyanın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində təkcə hüquq-mühafizə orqanlarının deyil, valideynlərin, müəllimlərin, hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin, həmçinin, ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın narkomaniyaya qarşı mübarizədə barışmaz mövqedə olduğunu bildirib.

Kənd sakinləri onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Son illər rayonda, eləcə də Ağköynək kəndində daim yeniliklərin əyani şahidi olduqlarını qeyd ediblər. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar.

Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin Ağköynək kəndində körpələr evi-uşaq bağçasının açılması, Ağköynək kəndi Mövsüm Poladov küçəsinin işıqlandırılması, şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə Ş.Çobanov adına Ağköynək kənd tam orta ümumtəhsil məktəbin qarşısına tramplin qoyulması və piyada keçidini bildirən xəttin  vurulması, Ağköynək kəndində Mədəniyyət evinin tikintisi və s. ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan məsələlərə həssaslıqla yanaşılacağını, həlli istiqamətində aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacağını, addımlar atılacağını bildirib.



Facebook-da paylaş