Qazaxda səyyar görüş zamanı qaldırılan daha bir məsələ müsbət həllini tapıb
Bu gün ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amili, vətəndaş məmnunluğu dayanır ki, bu, hər bir dövlət məmurunun iş fəaliyyətinin tərkib hissəsi olmalıdır. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri bütün dövlət məmurlarına nümunədir. Vətəndaş amili, ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Qazax rayonunda da hər zaman örnək götürülür. Rayonda həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin bariz nümunəsidir. Oktyabrın 2-də rayon rəhbərliyinin şəhərin Əliağa Şıxlinski küçəsində yaşayan vətəndaşlarla keçirilən səyyar görüşü zamanı sakinlərin əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə yaşadıqları küçədə mərkəzi yola piyada keçidini bildirən xəttin vurulması barədə müraciət etdiklərini qeyd etmişdik. Bundan əlavə, Fərrux Ağa Qayıbov küçəsində yaşayan bir qrup sakin də eyni məsələ ilə əlaqədar müraciət etmişdilər. Vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə artıq sözügedən həmin yolda iki yerə piyada keçidini bildirən xəttin çəkilməsi, sakinlərin müraciətinin müsbət həllini tapması dövlətin vətəndaşlara olan növbəti qayğısıdır. Ən əsası da bu onu göstərir ki, səyyar görüşlərin keçirilməsinin arxasında vətəndaş məmnunluğu dayanır və bu, bundan sonra da belə olacaq. Sakinlər onlara göstərilən qayğıya və müraciətlərinə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.
Facebook-da paylaş