Qazaxda icra başçısının sentyabr ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun Birinci Şıxlı kəndində olub
Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanmasını bütün sahələrdə görmək olur. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, bütün bunlar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür. Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2026-cı ilin sentyabr ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü rayonun Birinci Şıxlı kəndində yaşayan sakinlərlə olub. Sentyabrın 14-də Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta ümumtəhsil məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə kənd sakinlərini narahat edən məsələlər dinlənilib. 2020-ci ilin yaddaşlara 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə əbədi həkk olunduğunu qeyd edən icra başçısı bu Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İcra başçısı bütün kəndlərimizdən olduğu kimi, Birinci Şıxlı kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 2 nəfər, 44 günlük Vətən müharibəsində 7 nəfər şəhid verdiyini bildirib. 2 nəfər Birinci Qarabağ müharibəsi, 2 nəfər Vətən müharibəsi əlilinin olduğunu qeyd edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Birinci Şıxlı kəndindən 71 nəfərin iştirak etdiyini, onlardan 42 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. “Nə qədər Azərbaycan var, xalqımız igid Vətən oğullarını hər zaman yad edəcək”, - deyən icra başçısı istər Birinci Qarabağ, istər 44 günlük Vətən müharibəsində, istərsə də digər döyüşlərdə canlarından keçən şəhidlərin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib. Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 26 nəfərin “Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 5 nəfərin şəhid ailəsi, 8 nəfərin Vətən müharibəsi əlili, 13 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib. Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Birinci Şıxlı kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də rabitə xəttinin yenilənəcəyini, optik internet xəttinin çəkildiyini bildirib. İcra başçısı bütün kəndlərdə olduğu kimi, Birinci Şıxlı kəndində də hər zaman səslənən məsələlərə, fikirlərə həssaslıqla yanaşıldığını, ötən səyyar görüşdə qaldırılan məsələlərin müsbət həllini tapdığını qeyd edib. Bununla yanaşı, kənddə Kür çayının ətrafında sahilbərkitmə işlərinin aparılmasının vacibliyini diqqətə çatdıran icra başçısı bu sahədə lazımi addımların atıldığını, aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldığını qeyd edib. Birinci Şıxlı kəndində kəndarası yolların asfaltlanması məsələsinin gündəmdə olduğunu və çəkilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. İcra başçısı bildirib ki, son illər Qazaxda daim diqqət ayrılan sahələrdən biri uşaqlara göstərilən qayğıdır. Həmin qayğının bariz nümunəsi bu gün rayonda mövcud olan 26 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 20-si kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasıdır. İcra başçısı qeyd edib ki, bu gün rayonda 14 kənddə bağça yoxdur ki, həmin kəndlərdən biri də məhz Birinci Şıxlı kəndidir. İcra başçısı bu məsələnin də daim gündəmdə olduğunu, aidiyyəti qurum qarşısında məsələ qaldırılığını diqqətə çatdırıb. İcra başçısı son illər ölkə Prezidentinin rəhbərliyi altında "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının uğurla icrası edilməsi sayəsində respublikamızın bölgələrində olduğu kimi, Qazaxda aparılan quruculuq işlərinin də geniş miqyas aldığını bildirib. Bu gün Dövlət Proqramında icrası nəzərdə tutulan məsələlərin böyük əksəriyyətinin müsbət həll olunduğunu qeyd edib. İcra başçısı şəhərdaxili və kəndarası marşrutlarda hərəkət qrafikinə nəzarətin artırılması və digər məsələlərin daim nəzarətdə saxlanıldığını, bununla bağlı aidiyyəti qurumların iştirakı ilə marşrut sürücüləri ilə görüş keçirildiyini diqqətə çatdırıb. Marşrut sürücüləri ilə keçirilən görüşdə şəhərdaxili və kəndarası marşrutlarda hərəkət qrafikinə nəzarətin artırılması, avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınmasına, marşrut qrafikinə, xətdə olarkən avtobusların sürət həddinə nəzarət olunması, marşrutların dayanacaqlarda saxlanılması, həmçinin, marşrutlarda təmizliyə riayət olunması ilə bağlı xəbərdarlıq edildiyini bildirib. Qeyd edilənlərə əməl edilmədiyi təqdirdə barələrində qanunamüvafiq qaydada ciddi tədbir görüləcəyini bir daha sürücülərin diqqətinə çatdırıldığını vurğulayıb. Həmçinin, 2026-2027-ci tədris ilinin başlanması ilə əlaqədar müəllim və şagirdlərin ictimai nəqliyyatdan istifadə etdiklərini nəzərə alaraq marşrut sürücülərinə müvafiq tapşırıqların verildiyini söyləyib. Kənd sakinlərindən təqaüddə olan ziyalı Məzahir Qocayev və başqaları çıxış edərək respublikamızda, Qazax rayonunda, eləcə də rayonun kəndlərində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. İkinci Şıxlı, Yuxarı Salahlı, Qazaxbəyli, Aslanbəyli, eləcə də Birinci Şıxlı kəndində aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərindən söz açan sakinlər bütün işləri razılıqla qarşılayıblar. Kənddə yol kənarında yerləşən evlərin dam örtüyünün yenilənməsinə, fasadda aparılan işlərə, yeni hasarların çəkilməsinə, eləcə də sosial problemlərin müsbət həllini tapmasına görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri qarşıdan gələn 15 Sentyabr – Bilik Günü münasibətilə müəllimləri təbrik edib, xoş arzularını ifadə edib hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləməyə, həlli istiqamətində əməli işlər görməyə, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib. Rayon rəhbəri ötən illər ərzində Birinci Şıxlı kəndində 12 səyyar görüş keçirildiyini, həmin görüşlərdə 50 nəfər vətəndaş tərəfindən 43 məsələ qaldırıldığını, həmin məsələlərdən 14-nün təkrar olduğunu, 16 məsələnin müsbət həllini tapdığını söyləyib. 9 müraciətlə əlaqədar mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırıldığını, 4 məsələnin qanunamüvafiq cavablandırıldığını vurğulayıb.
Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsindən, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan icra başçısı Birinci Şıxlı kəndində əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri 2016-cı ildən bu yana Birinci Şıxlı kəndində əkin sahəsinin 534 hektardan 1386 hektara çatdırıldığını söyləyib. Rayonun bütün kəndlərində olduğu kimi, Birinci Şıxlı kəndində də subartezian quyusunun qazıldığını, hazırda 4 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini söyləyib. Bütün kəndlərdə, o cümlədən də Birinci Şıxlı kəndində içməli su probleminin aradan qaldırılacağını bildirib.
İcra başçısı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılmasını dövlətimizin növbəti qələbəsi kimi qiymətləndirib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib.
Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin Birinci Şıxlı kəndində içməli su xəttinin çəkilməsinə köməklik göstərilməsi, suvarma suyunun yaxşılaşdırılması və su itkisinin qarşısının alınması məqsədilə Birinci Şıxlı kəndi ərazisindən keçən 14,4 km uzunluğunda "Şıxlı" arxının beton üzlüyə alınması, Birinci Şıxlı kəndində körpələr evi-uşaq bağçasının açılması, Birinci Şıxlı kəndində elektrik xətlərinin sip kabellə əvəz olunması ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşıldığını, aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığını, məktub ünvanlandığını bildirib.






Facebook-da paylaş














