• Təqvim

  • Maraq

Şəhidlər ölmürlər, onlar zaman keçdikcə əfsanəyə dönürlər

Şəhidlərimizi tanıyaq və tanıdaq------------------------------

Şəhidlik ata-babalarımızdan bizə miras qalan torpağı qorumaq, onun başı üstünü qara buludlar alanda ölümün gözünə dik baxaraq, həyatını itirməkdən bir an belə qorxmadan döyüşə atılmaqdır. Mərd, igid oğulları olan xalq isə heç vaxt yada, namərdə baş əymir, daim qələbələr qazanır. Bu yolda şəhid olanlar, igidliyi, qəhrəmanlığı ilə seçilənlər isə zaman keçdikcə əfsanəyə dönür, nəsildən-nəslə ötürülürlər. Vətənə, onun çiçəklənməsinə xidmət etmək, torpağımızı qorumaq hər birimizin vətəndaşlıq borcumuzdur. Ən ümdə vəzifəmizdən biri isə gələcəyimiz olan gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək, bugünkü gənc nəslin torpağına, yurd-yuvasına sevgi hissi böyüməsi, formalaşması üçün var qüvvəmizlə çalışmaqdır. Vətən, torpaq, xalq uğrunda şəhid olan oğullarımızla həmişə fəxr etmələrini, bu amal uğrunda öz canından keçən, düşmənə amansız zərbələr vuran, Azərbaycan bayrağını zəbt olunmuş torpaqlarımıza sancan qəhrəman oğullarımızı yad etməyi, xatirələrini əziz tutmağı təbliğ etməkdir.

“Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” deyərək Şəhidlik zirvəsinə ucalan oğullarımız minlərlədir. Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar", “Vətəni canından əziz bilənlər” və "Şanlı Vətən Oğulları" kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb.

Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Rəşad Nəsibovun, kapitan Əmir İbrahimovun, leytenant Elmar Bayramlının, İlqar Cəfərovun, Vasif Mehtiyevin, gizir Eyvaz Nağıyevin, Məhəmməd Qəhrəmanovun, Xəyyam Yaqubovun, Yusif Ayvazovun, Şahvələd Qocayevin əziz xatirəsini ehtiramla yad edirik.

Nəsibov Rəşad Hümbət oğlu

Nəsibov Rəşad Hümbət oğlu 1 sentyabr 1984-cü ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1991-ci ildə Məzəm kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuşdur. 27 mart 1995-ci ildə Məzəm kəndinin ərazisində quzu otararkən erməni silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Məktəbli idi.

Kapitan İbrahimov Əmir Əsgər oğlu

İbrahimov Əmir Əsgər oğlu 2 sentyabr 1954-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1961-ci ildə Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbə getmiş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1977-ci ildə həmin fakültəni bitirmişdir. Mənfur ermənilər yurdumuza hücuma keçən zaman o, da işlədiyi Statistika idarəsindən könüllü olaraq Vətənin müdafiəsinə yollanmışdır. 1994-cü il mayın 23-də Qazax rayonunda yerləşən “Üçgül” adlanan ərazidə düşmən minasına düşərək şəhid olmuşdur.

Leytenant Bayramlı Elmar İsa oğlu

Leytenant Elmar Bayramlı 2 sentyabr 1998-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1 sentyabr 2005-ci ildə Qazax rayon Birinci Şıxlı kənd ümumi orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2016-cı ildə Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin 11-ci sinifini bitirmişdir. 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2020-ci ildə həmin məktəbi bitirmişdir. 2020-ci ildə leytenant rütbəsi almış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində “Tağım komandiri” vəzifəsində xidmətə başlamışdır.

Şəhid leytenantımız 29.09.2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndi istiqamətində düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 30.09.2020-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.

Şəhid Elmar Bayramlı da ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”,29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən “Laçının azad olunmasına görə” Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında” Respublika Prezidentinin 25 iyun 2026-cı il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

Qürurverici olan odur ki, bu gün şəhidimizin evində onun adını yaşadan balaca Elmar böyüyür. Şəhidimizin hərbçi qardaşının oğul payı şəhid əmisinin adını yaşadır.

Cəfərov İlqar Dursun oğlu

Cəfərov İlqar Dursun oğlu 27 fevral 1976-cı ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1983-cü ildə Quşçu Ayrım kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1994-cü ildə məktəbi bitirərək Vətənin müdafiəsinə yollanmışdır. Cəfərov İlqar Dursun oğlu 3 sentyabr 1995-ci ildə Ağdam rayonunun Əfətli kəndi ərazisində gedən döyüş zamanı şəhid olmuşdur. Subay idi.

Mehtiyev Vasif Əhməd oğlu

Mehtiyev Vasif Əhməd oğlu 10 aprel 1973-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1980-1990-cı illərdə Akif Bəbirov adına Xanbağı kənd tam orta ümumtəhsil məktəbində təhsil almışdır. 1992-ci ildə hərbi xidmətə yola düşmüşdür. 3 sentyabr 1993-cü ildə Kəlbəcərdə gedən döyüşlərdə şəhid olmuşdur.

Gizir Nağıyev Eyvaz Alı oğlu

Nağıyev Eyvaz Alı oğlu 3 sentyabr 1960-cı ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Kürdlər kəndində anadan olmuşdur. 1968-ci ildə yaşadığı kənddə 1-ci sinifə daxil olmuş, 1978-ci ildə həmin orta məktəbi bitirmişdir. 1979-1981-ci illərdə sovet ordusunda hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Qazax rayonunun Birinci Şıxlı kəndinə gəlmişdir. 1991-ci ildə könüllü olaraq Milli Orduda gizir kimi xidmət etməyə başlamışdır. 18 avqust 1993-cü ildə döyüş zamanı şəhid olmuşdur. Gürcüstan Respublikasının Marneuli rayonunun Kürdlər kəndində dəfn olunmuşdur. Ailəlidir. Bir oğlu, bir qızı var. Hal-hazırda həyat yoldaşı və uşaqları Bakı şəhərində yaşayırlar.

Qəhrəmanov Məhəmməd Maksim oğlu

Qəhrəmanov Məhəmməd Maksim oğlu 3 sentyabr 1966-cı ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1972-ci ildə Kəmərli kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1982-ci ildə məktəbi bitirmiş, 1983-cü ildə SSRİ-nin Xabarovski şəhərinə hərbi xidmətə yola salınmışdır. 1985-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. Hərbidən gəldikdən sonra kənddə müxtəlif işlərdə işləmişdir. 1991-ci ildə Azərbaycan Milli Ordusuna yola salınmışdır. 1993-cü ilin 18 iyulunda Kəmərli kəndində torpaqlarımız uğrunda gedən döyüşdə şəhid olmuşdur. Ailəli idi, bir qızı var.

Yaqubov Xəyyam Şəmistan oğlu

Yaqubov Xəyyam Şəmistan oğlu 27 iyul 1973-cü ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1980-ci ildə İsmət Qayıbov adına Qazax şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Həmin ildən 1990-cı ilə kimi Qazax 117 saylı peşə məktəbində qaynaqçı ixtisasına yiyələnmişdir. 1991-ci ildə Qazax Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini “N” saylı Hərbi Hissənin 1-ci taborunda başlamışdır. 3 sentyabr 1994-cü ildə Bala Cəfərlidə gedən döyüşlərdə itkin düşmüşdür. Subay idi.

Ayvazov Yusif Süleyman oğlu

Ayvazov Yusif Süleyman oğlu 4 sentyabr 1968-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1974-cü ildə Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1985-ci ildə həmin orta məktəbi bitirmişdir. 1986-1988-ci illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. 825-ci Hərbi Hissənin II batalyonunda Vətən uğrunda gedən döyüşlərdə iştirak edən Yusif Ayvazov 22 iyul 1993-cü ildə Fərəhli kəndində minaya düşərək şəhid olmuşdur.

Qocayev Şahvələd Məhəmməd oğlu

Qocayev Şahvələd Məhəmməd oğlu 5 sentyabr 1937-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində andan olmuşdur. Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta ümumtəhsil məktəbində təhsil almışdır. 10 aprel 1993-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində şəhid olmuşdur. Ailəli idi.




Facebook-da paylaş


{sape_links}